İnformatika üzrə IX Ümumrespublika Olimpiadasının 1-ci mərhələsi keçirilib
Samir Soltanov/AZADİNFORM. Heydər Əliyev Fondunun, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı və Qafqaz Universitetinin təşkilati və texniki dəstəyi ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında İnformatika üzrə IX Ümumrespublika Olimpiadası”nın 1-ci mərhələsi keçirilib. AZADİNFORM xəbər verir ki, açılış mərasimində çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç ölkəmizdə prezident İlham Əliyevin rəhbərliyi ilə İKT sahəsinin çox sürətlə inkişaf etdiyini bildirib: “Ötən ilin “İKT ili” elan olunması, ilk telekommunikasiya peykimiz olan “Azerspace-1”-in orbitə göndərilməsi, “Bakutel” sərgisinin keçirilməsi bu sahəyə olan diqqət və qayğının bariz nümunəsidir”. Fəaliyyəti dövründə bilavasitə informasiya texnologiyalarının tətbiqi, informasiya sistemlərinin yaradılması və istismarı, həmçinin sahənin inkişafı məsələləri ilə məşğul olan, proqram təminatının Azərbaycan dilinə tərcüməsi ilə bağlı ölkəmizdə ilk dəfə həyata keçirilən işlərə rəhbərlik edən, dəfələrlə ölkəmizi xaricdə keçirilən beynəlxalq konfranslarda təmsil edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə olimpiadanın əhəmiyyətindən, İKT sahəsinin çətin və maraqlı olmasından söz açıb.Qeyd edək ki, müsabiqədə 8 ali təhsil müəssisəsindən 49 komanda (hər komandada 3 nəfər tələbə) iştirak edib. Müsabiqədə komandalara 5 saat ərzində 10 alqoritmik məsələnin həll edilməsi tapşırığı verilib. Tapşırıqların qiymətləndirilməsi üçün “e-olimp.com.ua/az” avtomatik qiymətləndirmə saytından istifadə edilib. Müsabiqənin nəticəsinə görə, finala vəsiqə qazanmış komandalar aprelin 26-da AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək müsabiqənin final mərhələsində iştirak edəcəklər.
azadinform.az
azadinform.az