“Ali məktəb tələbələri arasında İnformatika üzrə IX Ümumrespublika Olimpiadası”nın 1-ci mərhələsi keçirilib
Qafqaz Universitetində Heydər Əliyev Fondunun, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı və Qafqaz Universitetinin təşkilati və texniki dəstəyi ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında İnformatika üzrə IX Ümumrespublika Olimpiadası”nın 1-ci mərhələsi keçirilib.Açılış mərasimində çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç olimpiada iştirakçılarını salamlayaraq, ölkəmizdə prezident İlham Əliyevin rəhbərliyi ilə İKT sahəsinin çox sürətlə inkişaf etdiyini bildirib: “Ötən ilin “İKT ili” elan olunması, ilk telekommunikasiya peykimiz olan “Azerspace-1”-in orbitə göndərilməsi, “Bakutel” sərgisinin keçirilməsi bu sahəyə olan diqqət və qayğının bariz nümunəsidir”. Fəaliyyəti dövründə bilavasitə informasiya texnologiyalarının tətbiqi, informasiya sistemlərinin yaradılması və istismarı, həmçinin sahənin inkişafı məsələləri ilə məşğul olan, proqram təminatının Azərbaycan dilinə tərcüməsi ilə bağlı ölkəmizdə ilk dəfə həyata keçirilən işlərə rəhbərlik edən, dəfələrlə ölkəmizi xaricdə keçirilən beynəlxalq konfranslarda təmsil edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə olimpiadanın əhəmiyyətindən, İKT sahəsinin çətin və maraqlı olmasından söz açıb. Prezident İlham Əliyevin bu sahəyə verdiyi önəmdən və ölkəmizdə görülən işlərdən də söz açan nazir müavini olimpiadanın yarış olmaqla yanaşı, tələbələr arasında dostluq münasibətlərinin qurulmasında da əhəmiyyət kəsb etdiyini, həmçinin olimpiada iştirakçılarının gələcək iş həyatlarında aralarında fikir mübadilələri apararaq, uğurlar qazanacaqlarına inandığını qeyd edib.Çıxış edən Naxçıvan Dövlət Universitetinin və Gəncə Dövlət Universitetinin nümayəndələri təşkilatçılara minnətdarlıqlarını bildiriblər.Qeyd edək ki, müsabiqədə 8 ali təhsil müəssisəsindən 49 komanda (hər komandada 3 nəfər tələbə) iştirak edib. Müsabiqədə komandalara 5 saat ərzində 10 alqoritmik məsələnin həll edilməsi tapşırığı verilib. Tapşırıqların qiymətləndirilməsi üçün “e-olimp.com.ua/az” avtomatik qiymətləndirmə saytından istifadə edilib.Müsabiqənin nəticəsinə görə, finala vəsiqə qazanmış komandalar 26 aprel 2014-cü il tarixində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək müsabiqənin final mərhələsində iştirak edəcəklər.
Həqiqət İSABALAYEVA