Azərbaycanda insanlar kitab oxumağı niyə sevmir?

Azərbaycanda insanlar kitab oxumağı niyə sevmir?
Fərhad Mehdiyev: “Düşünürəm ki, cəmiyyətimizdə oxumağa meylliyin azlığı, SSRİ dağıldıqdan sonra formalaşmış yeni mənfi bir adətdir"“Ümumiyyətlə Azərbaycanda əhalinin oxuma dərəcəsi çox aşağıdır. Aparılan araşdırmalara əsasən ölkədə əhalinin oxuma dərəcəsi 10%-dir. Keçirilən sorğu zamanı əhalidən “son bir həftə ərzində kitab oxumusunuzmu”, sualına 10 nəfərdən yalnız biri müsbət cavab verib. Lakin digər ölkələrdə bu göstərici 70%-dən aşağı düşmür.” Bu sözləri FaktXeber.com-a tanınmış politoloq, Qafqaz Universitetinin professoru Fərhad Mehdiyev Azərbaycanda insanların kitaba həvəsinin azalması və sovetdən qalma kitabxana sisteminin günü-gündən daha da bərbad vəziyyətə düşməsinin səbəbləri ilə bağlı açıqlama verərkən qeyd edib. Müsahibin sözlərinə görə, əhalinin kitab oxuma səviyyəsi Rusiya da belə yüksəkdir: ”Rusiyanı ona görə misal çəkdim ki, bəzi vaxtlar rusları intellektual səviyyəyə görə qərblilərdən aşağı hesab edirlər. Almaniyada kitab dövriyyəsinin illik həcmi 14 milyard avrodur. Azərbaycanda isə bu göstərici çox cüzidir. Ümumiyyətlə Azərbaycan xalqında o qədər də oxumağa meyl və həvəs yoxdur.”Ölkədə satılan kitabların qiymətlərinin kifayət qədər yüksək olduğunu söyləyən Fərhad bəy, “qiymət amili də insanların kitaba meylinin qarşısını alan faktorlardandır. Belə ki, bir kitaba 10-15 manat verməyə hər bir insanın imkanı çatmır”, - deyə bildirdi: “Bəzi ölkələrdə ikinci əl kitab mağazaları fəaliyyət göstərir. Bu çox yayılmış bir sistemdir. Belə ki, 10 manata kitab alan müştəri, həmin kitabı mağazalara misal üçün 5 manata satır, mağazalar da öz növbəsində kitabları 7-8 manata satırlar. Bir sözlə kitabların satışı daha ucuz təşkil edilir. Azərbaycanda da eyni mexanizmin təşkili mümkündür.” Fərhad bəy onu da bildirdi ki, insanların kitabdan uzaqlaşmasının digər bir səbəbi də internet texnologiyasıdır: “Çünki internet texnologiyası insanları oxumaqdan daha da uzaqlaşdırır. Gənc nəsil daha çox onlayn formada məlumat almağa üstünlük verir. Sanki kitab oxumaqla bağlı tənbəllik edirlər. Lakin internet texnologiyaları bunun tək səbəbkarı deyil. Düşünürəm ki, cəmiyyətimizdə oxumağa meylliyin azlığı SSRİ dağıldıqdan sonra yeni formalaşmış mənfi bir adətdir. Xarici ölkələrdəki universitet tələbələri əgər semesterin axırına qədər 300-400 səhifəlik kitab oxuyurlarsa, bu onlar üçün yüngül dərslik sayılır. Çətin dərs isə oxuma səhifələri 1000-1500 səhifəni keçdikdə olur. Halbuki Azərbaycan universitetlərində tələbələr üçün 300-400 səhifəlik kitab çox ağır dərslik sayılır. Bir növ tələbələr oxumağa meylli deyillər. Bu mentaliteti və adəti qırmaq lazımdır.”



www.faktxeber.com

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF