Dünyadakı 10 mütəxəssisdən biri, Qafqaz Universiteti məzunu Kamran Ağayevin uğur hekayəsi



 
Kamran Ağayev: “Uğurumun üç sirri var”
Oracle İstifadəçilər Qrupunun prezidenti, “Azərcell”in İnformasiya Kommuniakasiya Departamentində Verilənlər bazası adminstratoru, “Qafqaz” Universitetinin müəllimi, peşəkar idmançı, İnformasiya Texnologiyaları İnstitutunun doktorantı. Bütün bunların hamısı bir nəfərin öhdəsindədir və işlərini sevə-sevə görür. Çünki məşğul olduğu işlərə marağı həddindən artıq çoxdur. Müsahibimiz Kamran Ağayevlə yaxından tanış olaq...

- 2003-cü ildə Qafqaz Universitetinin kompyuter mühəndisi ixtisasını bakalavr, 2006-cı ildə magistratura pilləsi üzrə bitirmişəm. Ali məktəbi başa vurandan sonra “Bakı Elektrik Şəbəkəsi”ndə işləmişəm. Hazırda İnformasiya Texnologiyaları İnstitutunda doktorluq dissertasiyamı müdafiə etmək ərəfəsindəyəm. Dörd ildir ki, “Azərcell”in İnformasiya Kommuniakasiya Departamentində Verilənlər bazası adminstratoru vəzifəsində çalışıram.

- Azərbaycanda “Oracle” üzrə barmaqla sayılacaq mütəxəssislərdənsiniz. Əvvəlcə oxucularımıza qısa olaraq “Oracle”ın nə olduğunu izah edərdiniz.- Oracle böyük həcmdə verilənlərin emal, idarə olunması üçün istifadə edilən dünyanın bir nömrəli proqram təminatıdır. Verilənlər bazası müəyyən məlumatlar toplusudur. Verilənlər bazası hansısa təşkilatda, şirkətdə məlumatları bir mərkəzdən istifadə etmək imkanı yaradır. Dünyanın böyük bankları, şirkətləri öz məlumatlarını saxlamaq üçün “Oracle” verilənlər bazasından istifadə edir, bu proqram vasitəsilə böyük həcmdə məlumatları saxlayır. Təsəvvür edin, bir gündə şirkətə milyonlarla zəng olursa, bu, ayda, on ildə nə qədər zəng deməkdir. Bu zənglər arasında hansısa zəngi tapmaq, nəsə bir iş görmək, bunların nüsxələrinin alınması, problem çıxdıqda bərpa olunması - bütün bu işlərin hamısını verilənlər bazasının adminstratoru görür. “Forbes” jurnalının araşdırmasına görə, dünyanın “ən xoşbəxt işi” “Oracle” adminstratorlarının gördüyü işdir. Səbəb isə bu mütəxəssislərin gördüyü işlərin çox ağır, maraqlı olması və eyni zamanda bu sahədə mütəxəssislərə tələbatın həddindən artıq çoxluğudur. Xüsusilə xaricdə, inkişaf etmiş ölkələrdə bu cür mütəxəssislərə çox böyük tələbat var. 

- Bu cür mütəxəssislərə Azərbaycanda necə, ehtiyac azdır?- Azərbaycanda da artıq tələbat get-gedə artır. Bizdə də yavaş-yavaş verilənlər bazaları fəaliyyət göstərir. Bütün Exceldə, kağızda olan məlumatlar və s. hamısı artıq DataBaselərə, yəni verilənlər bazasına köçürülür. 

- “Oracle”ın hansısa sahəsi üzrə Azərbaycanda yeganə, hətta dünyada 10 mütəxəssisdən birisiniz. Bu barədə danışardınız, zəhmət olmasa...- Cənubi Koreyada “Oracle sertifikat master” imtahanı verib sertifikat almışam. Bu, iki günlük praktiki imtahandır, 12-14 saat çəkir. Kağız-qələmdən istifadə etmədən sənə ancaq iki kompyuter verilir və bu kompyuterlərdə onlarla problem yaradılır. Çox qısa zaman müddətində tələb olunur ki, bu problemləri həll edəsiniz. Azərbaycandan bir neçə nəfər həmin imtahandan keçib. Eyni zamanda, “Oracle” şirkəti tərəfindən tərəfindən “Oracle ACE Director” mükafatına layiq görülmüşəm. Bu sahədə fəal olduğuma görə Azərbaycanda bu mükafat tək mənə aiddir. Dünyada bu mükafatı alan və həm də master sertifikatına sahib olan cəmi 10 mütəxəssis var. Zaman-zaman beynəlxalq konfranslarda da çıxış edirəm. Amerika, Yaponiya, Çin, Türkiyə, Tailand və digər ölkələrdən çox dəvətlər alıram. “Oracle” şirkətinin mənə verdiyi ACE Director mükafatına görə beynəlxalq konfranslarda da bu aktivliyimi davam etdirirəm. Bunun üçün gördüyün işlərə uyğun təqdimat və çıxışlar hazırlayıb “Oracle” şirkətinə göndərməlisən. Onların mütəxəssisləri bu çıxış və məqalələrə baxıb araşdırır, və əgər təqdimatın kriteriyalara uyğundursa, minimum 3 çıxış göndərdikdən sonra hansısa beynəlxalq konfransda çıxış etmək üçün sənə icazə verirlər. Onu da deyim ki, “Oracle” ilə bağlı ingilis dilində hindistanlı mütəxəssislə birgə yazdığım kitab keçən ilin sonu Amerikada nəşr olunub. Kitab “Oracle” verilənlər bazasında məlumatın nüsxəsinin alınması, bərpa olunması texnologiyalarından bəhs edir. 

- Böyük şirkətlərin bazalarında məlumatlar itdikdə, baza çökdükdə, kompyuter və yaxud yaddaş hissəsi yandıqda, onları geri qaytarmaq mümkündürmü? - Əlbəttə, mümkündür. Hətta biz “Azərcell”də elə sistem qurmuşuq ki, Allah göstərməsin, zəlzələ olsa, bütün bina dağılsa, server yansa belə, abunələr bunu hiss etməyəcəklər. Yenə zənglər gələcək, yenə borclarını görəcəklər. Biz məlumatın qorunma və bərpa olma texnologiyalarını çox ciddi analiz etmişik. 

- “Oracle” ilə neçə ildir məşğulsunuz?- 7 ildir. 

- Sizin kimi “Oracle” mütəxəssisi olmaq üçün nə etmək lazımdır?- Beş ildir Qafqaz Universitetində sonuncu kurslara Verilənlər bazası admistrasiyası texnologiyalarından dərs deyirəm. Müşahidəm göstərir ki, baza təhsili texnoloji fənlər olan tələbələr “Oracle”ı daha tez qavrayırlar. Amma humanitar fənlərdə təhsil alanların da şansı var. Sadəcə, çoxlu oxumaq və təcrübə lazımdır. “Oracle” dokumentasiyaları həddindən artıq ağırdır. Kitabları da asan başa düşüləcək kitablar deyil və əksəriyyəti ingiliscədir. İngilis dilini təmiz bilmək vacibdir. Ən əsası isə bezməmək lazımdır. Şəxsən öz təcrübəmdə görmüşəm ki, çoxları yarıda bezib “mənlik deyil” deyir. Bu sözü dedinizsə, sizdə alınmayacaq. Gözəl bir söz var: “Edə bilərəm və edə bilmərəm deyənlərin hər ikisi doğrudur”. “Edə bilərəm” deyən, böyük cəhdlərlə etməyə çalışacaq, “edə bilmərəm” deyən böyük cəhdlərlə bəhanələr uyduraraq etməməyə çalışacaq. Elə mövzu olub ki, mən 5-10 dəfə oxuduqdan sonra başa düşmüşəm. Bir dəfə oxuyub həvəsdən düşsəydim, alınmayacaqdı. Əsas faktor isə iradədir. İradən varsa, müvəffəqiyyətin olmaması üçün heç bir variantın yoxdur. 

- Bir belə işin içərisində həm də bildiyimizə görə, peşəkar idmanla məşğulsunuz...- Bəli, məşğul olduğum idman növü Braziliya Ciu Citsudu. Bu, cüdonun bir növü olaraq döyüşün əsas hissəsinin parterdə, yəni yerdə güləşlə keçirilməsi ilə olur. Bu güləş növündə qırıcı, sındırıcı, boğucu fəndlər və s.dən istifadə edilir. Hətta arada yarışlara da gedirəm. İki ay əvvəl Əbu-Dabidə keçirilən yarışda çempion oldum. Konfransa getdiyim istənilən xarici ölkədə vaxt ayırıb öz idman növümə uyğun məşq zalı tapıb məşqlərə qoşuluram. 

- Həm Azərbaycan üzrə Oracle İstifadəçilər Qrupunun prezidentisiniz, həm “Azərcell”də işləyirsiniz, həm doktoranturada təhsil alırsınız, həm dərs deyirsiniz, həm də peşəkar idmanla məşğulsunuz. Bunların hamısını necə çatdırırsınız?- Ümumiyyətlə, boş vaxtım olmur. Axırıncı dəfə nə vaxt kinoya baxdığım yadıma gəlmir. Televiziyaya baxmaqdan daha çox həmişə kitab oxumağa meyl etmişəm. Hər gün olmasa da, dostlarımla da vaxt keçirirəm. Bir az istirahətimdən “oğurlayıram”. Yəhudilərin bir misalı var, deyirlər ki, sutkada 25 saat həyat sürmək istəyirsinizsə, bir saat yuxudan tez oyanın. Mən də bir saat gec yatır, bir saat tez oyanıram və birtəhər idarə edirəm. Çünki məşğul olduğum işlərə marağım həddindən artıq çoxdur. Onlarsız məndə alınmır. Buna görə də çalışıram ki, hamısına vaxt çatdırım. 

- Sutkada neçə saat yatırsınız?- 5 saat

- İki yaşlı qızınız var. Övladınızla vaxt keçirməyə imkanınız olurmu? - Şənbə-bazar günləri ona saatlarla vaxt ayırıram. Düşünürəm ki, xüsusən qız uşağının uşaqlıqdan valideynləri ilə ünsiyyəti yaxşı olmasa, gələcəkdə problem yarana bilər.

- Mümkuünsə, gələcək planlarınızdan danışardınız.- İxtisasım üzrə özümü daha da inkişaf etdirmək istəyirəm. Əsas məqsədlərimdən biri Azərbaycanda “Oracle”ı daha da ayağa qaldırmaqdır. Ötən il Azərbaycan üzrə Oracle İstifadəçilər Qrupunu çox əziyyətlə təşkil etdik. Mən “Oracle” şirkətindəki yetkililəri inandırmağa çalışdım ki, biz bacararıq, icazə verin bu qrupu təşkil edək. Rəsmi şəkildə icazə verdilər və “Azərcell”in “Barama” layihəsinin təşkilati dəstəyi ilə hər ay Azərbaycan üzrə Oracle İstifadəçilər Qrupunun görüşlərini 70-80 nəfərin iştirakı ilə böyük konfrans şəklində keçiririk. Məqsədimiz istifadəçiləri ruhlandırmaq, onlara yeni texnologiyaları göstərməkdir. 

- Planlarınız arasında Azərbaycandan kənarda yaşamaq varmı? Çünki xaricdə işləmək şansınız böyükdür. - Gələcəkdə ola bilər. Amma hələ ki, belə bir fikrim yoxdur. Onu da deyim ki, milliyyətçiyəm və xaricdəki hər çıxışımda, təqdimatlarımda Azərbaycanın tanıdılması üçün əlimdən gələni edirəm. Slaydımın ilk səhifəsi və çıxışımın ilk dəqiqələri məhz Azərbaycan barədə olur.

- 32 yaşınızda bu qədər uğura imza atmısınız. Uğurunuzun sirri nədədir?- İlk növbədə məni Allah buna müvəffəq edib, buna inanıram. İkinci səbəbkar atamdır. Atam mənə çox güvənib və daim mənim müvəffəqiyyətim üçün məni həvəsləndirib. Həvəsdən düşdüyüm anlar olub ki, atamın yanına gəlmişəm, o, mənə elə misallar çəkib ki, yenidən ruhlanmışam. Üçüncü isə iradədir. Məncə, mənim iradəm var ki, bu qədər şeyə tab gətirirəm. Həyatda çox müvəffəqiyyətsizliyə uğrasam da, yenidən ayağa qalxmaq həvəsim olub. Uğurumun sirri əsas bu 3 səbəbdir.

Lalə MUSAQIZI

kaspi.az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF