“Təşəbbüskarlıq universitetlərdə bir fənn kimi tədris olunmalıdır”
Universitetin növbəti qonaqlarından biri Türkiyənin Orta Doğu Texniki Universitetinin Menecmentlik fakültəsinin müəllimi, eyni zamanda Türkiyənin ən böyük və birinci Texnoparkının vitse-prezidenti doktor Ufuk Batumdur. - Ufuk bəy, “texnopark” nədir? - “Texnoparklar” gənclərin fikir və düşüncələrini həyata keçirmələrində əvəzsiz yerə sahib universitet daxilində qurulmuş mərkəzlərdir. Universitetlərin elmi təcrübə və araşdırma işlərinin ticarətə və sənayeyə faydasını təmin etmək üçün texnoparklara böyük ehtiyac var. Məzunlar universitetlərdə qurulmuş bu mərkəzlərin dəstəyi ilə sərmayədarlarla görüşür, yeni ideya və layihələrini həyata keçirmək imkanı əldə edirlər. İnkişaf etmiş ölkələrdə bu sahədə 40-50 illik, Türkiyənin isə 15-20 illik təcrübəsi var. Biz də Orta Doğu Texniki Universiteti (ODTU) olaraq, Qafqaz Universiteti vasitəsilə bütün Azərbaycanla bu sahədə sahib olduğumuz təcrübə və biliklərimizi paylaşmaq istəyirik. - Siz artıq dörd gündür Bakıda seminar verirsiniz. Bu seminarlarla bağlı nə deyə bilərsiniz? - Dörd gün ərzində Qafqaz Universiteti Texnoparkının ilk müdavimləri, tədris işçiləri ilə yanaşı, dövlət sektorunda fəaliyyət göstərən gənclər, eləcə də özəl sektorda fəaliyyət göstərən sahibkarlardan ibarət fərqli sahələrin nümayəndələri ilə seminarlarımız oldu. Qafqaz Universiteti Texnoparkının İnkubasiya Mərkəzində keçirilən seminar-təlimlərin iştirakçılarının müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkar və elmi-tədqiqatçılardan ibarət olması yeni və maraqlı fikirlərin formalaşmasına zəmin verdi. Seminar iştirakçılarına qrup şəklində fikir və düşüncələrini layihə formasında təqdim etmək fürsəti verdik. Ayrılan vaxtın az olmasına baxmayaraq, sual-cavab şəklində keçən seminarlarda iştirakçılar arasında yenilikçi fikirləri formalaşdıran diskussiyaların, yeni, maraqlı işlərin, layihələrin şahidi olduq. - Azərbaycan gənclərində “təşəbbüskarlıq” ruhu hiss edilirmi? - Bildiyimiz kimi, Azərbaycan iqtisadiyyatının 70-80%-i neft və təbii qazdan asılıdır. Bu təbii zənginlik ölkənin inkişafı üçün mühümdür. Amma bununla yanaşı, qeyri-neft sahəsinin də inkişafına ehtiyac var. Azərbaycanda təşəbbüskarlıq gənc bir sahədir. Amma bir az diqqətlə baxdıqda çox müasir texnoloji xüsusiyyətlərə sahib, yenilikçi gənclərin bu sahədəki yüksək potensialını müşahidə etmək mükündür. Təşəbbüskarlıq gənclərə universitetlərdə bir fənn kimi keçilməli, bu barədə onlara seminarlar verilməlidir. Yeni layihələr, ideyalar sahibi olan savadlı gəncləri sərmayədarlarla görüşdürmək lazımdır. Çünki istənilən bir işdə müəyyən məbləğdə maddi ehtiyata ehtiyac var. Buna “Ekosistem” (Ecosystem) adı verilir. Ekosistem universitetdən başlayır. Texnoparklar vasitəsilə iş adamlarının, şirkətlərin diqqətini universitetin müəllimlərinə, tələbələrinə, məzunlarına yönəldərək, ölkənin rifah səviyyəsini qaldırmaq mümkündür. Yeni layihələr hazırlayan gənclər texnoparklar vasitəsilə layihələrini reallaşdıraraq, öz şirkətlərini quracaqlar, insanları işə götürəcəklər, bu yolla da cəmiyyətdəki işsizlərin sayını azaldacaqlar. Hətta indi idxal olunan bir çox məhsullar burada istehsal olunacaq və bir müddət sonra onları dünya ölkələrinə ixrac etmək mümkün olacaq. Nəticədə dövlətin üzərindən böyük yük olan iş qurma, iş inkişaf etdirmə problemi öz-özünə həll olmuş olacaq. Məsələn, ODTU Texnoparkının köməkliyi ilə universitetin məzunları nəqliyyatla bağlı layihələrini həyata keçirib pul qazanırlar. Layihəyə əsasən, maşın sıxlığı yaşanan yollara nəzarət edilərək ehtiyaca uyğun şəkildə işıqforun “yaşıl” və “qırmızı” işıqları yandırılır. Bu yolla uzun müddət işıqforda dayanan avtomobillərin sıxlıq yaratmasının qarşısı alınır. Artıq Türkiyənin bir neçə şəhərində gənclərin bu layihəsindən istifadə olunur. - Azərbaycanlı tələbələri necə dəyərləndirərdiniz? - Mən artıq dörd ildir Azərbaycana gəlib-gedirəm. Bu müddət ərzində, əlbəttə ki, azərbaycanlı tələbələr haqqında ümumi fikirlərim formalaşıb. Bundan əlavə, Türkiyədə dərs dediyim müddətdə hər il ən azı bir-iki azərbaycanlı tələbəm olub. Türkiyədəki tələbələrlə buradakılar arasında heç bir fərq yoxdur. Hər iki ölkənin tələbələri yaradıcı və yenilikçi ruha malikdir, ancaq bu potensialı ortaya çıxarmağı bacarmaq lazımdır. - Siz bir çox dünya ölkələrində seminarlar vermisiniz. Azərbaycan haqqında düşüncələriniz... - Azərbaycan mənim üçün çox mühüm bir yerə sahibdir. Dörd-beş ildən sonra yenidən Bakıya gələndə çox böyük inkişafın şahidi oldum. Budəfəki gəlişimdə daha güclü iqtisadiyyata malik bir ölkə gördüm. Mən iqtisadiyyatı neft üzərində qurulmuş Səudiyyə Ərəbistanı, Oman kimi bir çox ölkələrdə seminarlar vermişəm. Bu ölkələrin əsas problemi neftdən başqa, digər iqtisadi sahələrə maraq göstərməmələri və neft bitdikdən sonra nə edəcəklərini düşünməmələridir. Azərbaycanda isə əksinə, qeyri-neft sənayesi sahələrinə diqqət var. Bu gün sas məsələ gəncliyi iş dünyasına təşviq etmək və universitetlərdə texnoparklar qurmaqdır. Türkiyənin son dövrlər əldə etdiyi uğurlar sırf bu sistem üzərində qurulub. Ölkədə bu sahədə işlər 15-20 il bundan əvvəl başlayıb. Türkiyədə qəbul edilmiş bir qanunla universitetlərdə texnoparkların qurulması təşviq olunmuşdu. Buna bənzər bir inkişafı mən Azərbaycanda da gözləyirəm. 4-5 ay bundan əvvəl texnoparkın qurulması barədə bilik və təcrübələrimi Qafqaz Universiteti ilə paylaşmışdım. İndi sevinərək deyə bilərəm ki, burada bir çox işlər artıq görülmüşdür. Universitetin bu yeni texnoparkında gənclər ideya və düşüncələrini ticarətə çevirə biləcəklər. Qafqaz Universiteti iyirmi ilini tamamladı. Əksər şirkətlər ilk qurulduqları zaman nümayiş etdirdikləri həvəs, həyəcanı sona qədər qoruya bilmirlər. Qafqaz Universitetinin bu illər ərzində əldə etdiyi uğurlar və başladığı işi eyni tempdə davam etdirə bilməsi böyük müvəffəqiyyətdir. | |||||
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=47207&columnistId=0 |