Qafqaz” Universitetində “Bank of Baku”nun “Karyera günü” keçirilib
Bakı - APA-Economics. Qafqaz Universitetində “Bank of Baku”nun “Karyera günü” keçirilib.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, tələbələrə “Bank of Baku”da karyera imkanları haqqında məlumat vermək məramı daşıyan bu tədbir “Bank of Baku” ilə Qafqaz Universiteti arasında ötən il imzalanmış razılaşma çərçivəsində reallaşdırılıb.
Tədbirdə çıxış edən “Bank of Baku”nun sədr müavini Zaur Qaraisayev qeyd edib ki, sürətlə inkişaf edən maliyyə təsisatı kimi “Bank of Baku”nun yeni, ixtisaslı kadrlara ehtiyacı var. Bu mənada ali məktəb məzunları və gənclər bank üçün xüsusi önəm kəsb edir. Zaur Qaraisayev yaxın zamanlarda Qafqaz Universitetində “Bank of Baku”nun “Mühasibatlıq və audit laboratoriyası”-nın fəaliyyətə başlayacağını da bildirib. Həmçinin bildirilib ki, “Bank of Baku” Qafqaz Universitetinin tələbələri üçün xüsusi təqaüd proqramı təsis edib. Bu təqaüdü bank və universitet tərəfindən xüsusi meyarlar əsasında seçilmiş tələbələr alacaq.
Öz növbəsində Qafqaz Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Həzi Eynalov qeyd edib ki, tədbirin əsas məqsədi bankın bilik və təcrübəsinin universitetdə istifadəsinə və ali məktəb tələbələrinin bankın fəaliyyətinə cəlb edilməsinə nail olmaqdır.
“Karyera günü” çərçivəsində bank təmsilçiləri tələbələrin suallarına cavab veriblər. Ali məktəbdə quraşdırılmış stendlər önündə isə tələbələr “Bank of Baku”da işlə təmin olunma perspektivləri, işə qəbul proqramının şərtləri, bankda çalışmağın üstünlükləri və digər məqamlara dair ətraflı məlumat əldə ediblər. “Bank of Baku”nun nümayəndələri Qafqaz Universiteti tələbələrini maraqlandıran sualları ətraflı şəkildə cavablandırıblar.
Qeyd edək ki, “Bank of Baku” ilə Qafqaz Universiteti uzun illərdir məhsuldar əməkdaşlıq edirlər. Ötən ilin noyabr ayında isə iki tərəf arasında əməkdaşlıq sazişi imzalanıb. Sənədin əsas məqsədi bankın bilik və təcrübəsinin universitetdə istifadəsinə və ali məktəb tələbələrinin bankın fəaliyyətinə cəlb edilməsinə nail olmaqdır.
“Bank of Baku” ölkəmizin digər təhsil ocaqları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
http://az.apa.az/news/291275