“Çağ Öyrətim İşlətmələri” MMM “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin təsisçiləri sırasına qoşulmuşdur
Martın 1-də ARDNŞ-nin Baş ofisində
“Çağ Öyrətim İşlətmələri” MMM-nin ARDNŞ-nin təsisçiliyi ilə yaradılmış
“Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin təsisçiləri
sırasına qoşulmasına dair birgə bəyanat imzalanmışdır.
Sənədi ARDNŞ-nin kadr, rejim və
informasiya texnologiyaları üzrə vitse-prezidenti, “Azərbaycan
Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin İdarə Heyətinin rəhbəri
Xalik Məmmədov, “Çağ Öyrətim İşlətmələri” MMM adından İdarə Heyətinin
sədri Ənvər Özərən imzalamışlar. Bununla da “Azərbaycan Beynəlxalq
Təhsil Mərkəzi” İctimai Birliyinin təsisçiləri ARDNŞ, “Praktikal
Salyuşns Qrup” MMC və “Çağ Öyrətim İşlətmələri” MMM olmuşlar. Birliyin
təsisçiləri bərabər hüquqlara malikdirlər.
Mərasimdə çıxış edən ARDNŞ prezidenti
Rövnəq Abdullayev Şirkətin Azərbaycanda təhsilin inkişafı istiqamətində
gördüyü işlərdən bəhs etmiş, kadr hazırlığı proqramı çərçivəsində həyata
keçirilən layihələrdən danışmışdır. O qeyd etmişdir ki, Azərbaycanda
fəaliyyət göstərən ali təhsil məktəbləri tələbələrinə müsabiqə əsasında
verilən ARDNŞ təqaüdü, habelə ödənişli Yay Təcrübəsi və Yay Məktəbi
layihələri gənclər arasında yüksək populyarlıq qazanmışdır. Şirkət
prezidenti bildirmişdir ki, indiyədək yüksək reytinqli xarici
universitetlərdə ARDNŞ-nin təqaüdü hesabına təhsil alan 132 azərbaycanlı
məzun Şirkətin idarə və müəssisələrində ixtisaslarına uyğun işlə təmin
olunmuşdur. Hazırda 70 təqaüdçü təhsilini uğurla davam etdirir.
İmzalanan bəyanatın əhəmiyyətindən söz açan ARDNŞ prezidenti Rövnəq
Abdullayev “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin
təhsilin inkişafı istiqamətində uğurla fəaliyyət göstərəcəyinə dərindən
inandığını ifadə etmiş, “Çağ Öyrətim İşlətmələri” MMM-nin təhsil
sahəsində bugünədək olan fəaliyyətini yüksək qiymətləndirmişdir. Rövnəq
Abdullayev qeyd etmişdir ki, ARDNŞ beynəlxalq səviyyəli neft şirkətinə
çevrilməsi üçün zəruri olan addımları atır, bunun üçün beynəlxalq neft
şirkətlərinin müsbət təcrübəsi də mənimsənilir. Bu səbəbdən neft-qaz
sənayesində şəffaflığın artırılması məqsədilə “Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin Korrupsiya ilə mübarizə və şəffaflığın
artırılması” üzrə Standartlar toplusu təsdiq edilmiş və 01 yanvar
2013-cü ildən həmin standartların tətbiqinə başlanılmışdır. Məhz həmin
standartların tələbinə görə də ARDNŞ elm, təhsil, sosial layihələr kimi
ictimai, ümumxalq məqsədlərə xidmət edən layihələri məhz ictimai
birliklər vasitəsilə həyata keçirməyə üstünlük verəcəkdir.
R.Abdullayev qeyd etmişdir ki,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 29 noyabr 2011-ci il
tarixdə qeydiyyata alınmış “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi”
İctimai Birliyi respublikamızda məktəb yaşlı uşaqlara, yeniyetmələrə və
gənclərə özəl təhsil müəssisələri vasitəsi ilə beynəlxalq standartlara
uyğun təhsil verməyi, fransız, ingilis məktəblərinin ənənələrini və
proqramlarını ölkəmizə gətirməyi planlaşdırır. Birlik bütün səviyyələrdə
təhsil müəssisələri təsis etmək və işlətmək, dünyanın aparıcı
institutları, təhsil müəssisələri, univesitetləri ilə əməkdaşlıq etmək,
ictimai qurumlara daxil olmaq, xeyriyyə, maarifləndirmə tədbirləri
keçirmək, müxtəlif tədbirlər, o cümlədən konfranslar, seminarlar,
simpoziumlar təşkil etmək, milli və beynəlxalq təşkilatlarla əməkdaşlıq
etmək hüququna malikdir. ARDNŞ prezidenti vurğulamışdır ki, Birliyin
fəaliyyət dairəsinə təhsil alanların fiziki və intellektual inkişafı,
zəruri biliklərə yiyələnməsi, onlarda sağlam həyat tərzinin və sivil
dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşdılması, milli-mənəvi
və ümumbəşəri dəyərlərə hörmət hissinin aşılanması, ailə, cəmiyyət,
dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən
edilməsi, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etmək
qabiliyyətinin təmin edilməsi daxildir. ARDNŞ prezidenti ölkəmizdə
təhsil sisteminin inkişafı istiqamətində uğurla fəaliyyət göstərən “Çağ
Öyrətim İşlətmələri” MMM-nin Birliyin təsisçiləri sırasına qoşulmasından
məmnun olduğunu bildirmiş, bununla da gələcəkdə təhsil sahəsində daha
böyük layihələrə imza atılacağına əminliyini ifadə etmişdir.
“Çağ Öyrətim İşlətmələri” MMM adından
MMM-nin İdarə Heyətinin sədri Ənvər Özərən ARDNŞ ilə birlikdə ölkənin
təhsil sahəsində həyata keçirilən birgə layihələrdən danışmış, Şirkət
tərəfindən intellektual, bacarıqlı şagird və tələbələrə göstərilən
qayğını qeyd etmiş, ölkədə yeni tipli tədris mərkəzlərinin
yaradılmasında ARDNŞ-nin rolunu yüksək qiymətləndirmişdir. Ənvər Özərən
“Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin təsisçiləri
sırasına qoşulan “Çağ Öyrətim İşlətmələri” MMM-nin təhsilin inkişafına
mühüm töhfələr verəcəyini vurğulamışdır.
ARDNŞ-nin kadr, rejim və informasiya
texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov çıxış edərək
“Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin təhsilin
inkişafı istiqamətində qarşısında duran vəzifələrdən danışmış, ölkənin
təhsil sisteminin inkişafında Birliyin mühüm rol oynayacağına əminliyini
ifadə etmişdir. X.Məmmədov imzalanmış sənədin gələcəkdə bu sahədə daha
böyük uğurlu layihələrin həyata vəsiqə qazanmasında bir vəsilə oldiğunu
bildirmişdir.