ARDNŞ neft kapitalının insan kapitalına çevrilməsinə istiqamətlənib
Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir E.İsmayılov/
Martın 1-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ)
baş ofisində "Çağ Öyrətim İşlətmələri" MMM-nin ARDNŞ-nin təsisçiliyi ilə
yaradılmış "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi" İctimai Birliyinin
təsisçiləri sırasına qoşulmasına dair birgə bəyanat imzalanıb.
Trend-in cümə günü ARDNŞ-nin saytına istinadən verdiyi məlumata görə,
sənədi ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə
vitse-prezidenti, "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi" İctimai
Birliyinin İdarə Heyətinin rəhbəri Xalik Məmmədov, "Çağ Öyrətim
İşlətmələri" MMM adından İdarə Heyətinin sədri Ənvər Özərən
imzalamışlar. Bununla da "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi" İctimai
Birliyinin təsisçiləri ARDNŞ, "Praktikal Salyuşns Qrup" MMC və "Çağ
Öyrətim İşlətmələri" MMM olmuşlar. Birliyin təsisçiləri bərabər
hüquqlara malikdirlər.
Mərasimdə çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev şirkətin
Azərbaycanda təhsilin inkişafı istiqamətində gördüyü işlərdən bəhs
etmiş, kadr hazırlığı proqramı çərçivəsində həyata keçirilən
layihələrdən danışıb. O qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən
ali təhsil məktəbləri tələbələrinə müsabiqə əsasında verilən ARDNŞ
təqaüdü, habelə ödənişli Yay Təcrübəsi və Yay Məktəbi layihələri gənclər
arasında yüksək populyarlıq qazanıb.
Abdullayev qeyd edib ki, ARDNŞ Azərbaycan iqtisadiyyatının lokomitivi
olduğuna görə, şirkət neft kapitalının insan kapitalına çevrilməsi üzrə
aktiv fəaliyyət göstərir. Bu məsələ çoxsaylı layihələr həyata keçirən
şirkət üçün çox vacibdir. Bu layihələrin bir hissəsi respublikadan
kənardadır.
Şirkət prezidenti bildirib ki, indiyədək yüksək reytinqli xarici
universitetlərdə ARDNŞ-nin təqaüdü hesabına təhsil alan 132 azərbaycanlı
məzun Şirkətin idarə və müəssisələrində ixtisaslarına uyğun işlə təmin
olunmuşdur. Hazırda 70 təqaüdçü təhsilini uğurla davam etdirir.
İmzalanan bəyanatın əhəmiyyətindən söz açan ARDNŞ prezidenti Rövnəq
Abdullayev "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi" İctimai Birliyinin
təhsilin inkişafı istiqamətində uğurla fəaliyyət göstərəcəyinə dərindən
inandığını ifadə edib, "Çağ Öyrətim İşlətmələri" MMM-nin təhsil
sahəsində bugünədək olan fəaliyyətini yüksək qiymətləndirmişdir.
Rövnəq Abdullayev qeyd edib ki, ARDNŞ beynəlxalq səviyyəli neft
şirkətinə çevrilməsi üçün zəruri olan addımları atır, bunun üçün
beynəlxalq neft şirkətlərinin müsbət təcrübəsi də mənimsənilir. Bu
səbəbdən neft-qaz sənayesində şəffaflığın artırılması məqsədilə
"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Korrupsiya ilə mübarizə
və şəffaflığın artırılması" üzrə Standartlar toplusu təsdiq edilmiş və 1
yanvar 2013-cü ildən həmin standartların tətbiqinə başlanılıb. Məhz
həmin standartların tələbinə görə də ARDNŞ elm, təhsil, sosial layihələr
kimi ictimai, ümumxalq məqsədlərə xidmət edən layihələri məhz ictimai
birliklər vasitəsilə həyata keçirməyə üstünlük verəcəkdir.
R.Abdullayev qeyd edib ki, Ədliyyə Nazirliyində 29 noyabr 2011-ci il
tarixdə qeydiyyata alınmış "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi"
İctimai Birliyi respublikamızda məktəb yaşlı uşaqlara, yeniyetmələrə və
gənclərə özəl təhsil müəssisələri vasitəsi ilə beynəlxalq standartlara
uyğun təhsil verməyi, fransız, ingilis məktəblərinin ənənələrini və
proqramlarını ölkəmizə gətirməyi planlaşdırır. Birlik bütün səviyyələrdə
təhsil müəssisələri təsis etmək və işlətmək, dünyanın aparıcı
institutları, təhsil müəssisələri, univesitetləri ilə əməkdaşlıq etmək,
ictimai qurumlara daxil olmaq, xeyriyyə, maarifləndirmə tədbirləri
keçirmək, müxtəlif tədbirlər, o cümlədən konfranslar, seminarlar,
simpoziumlar təşkil etmək, milli və beynəlxalq təşkilatlarla əməkdaşlıq
etmək hüququna malikdir.
ARDNŞ prezidenti vurğulayıb ki, Birliyin fəaliyyət dairəsinə təhsil
alanların fiziki və intellektual inkişafı, zəruri biliklərə yiyələnməsi,
onlarda sağlam həyat tərzinin və sivil dəyərlərə əsaslanan vətəndaş
təfəkkürünün formalaşdılması, milli-mənəvi və ümumbəşəri dəyərlərə
hörmət hissinin aşılanması, ailə, cəmiyyət, dövlət və ətraf mühit
qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsi, müasir
informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətinin
təmin edilməsi daxildir.
ARDNŞ prezidenti ölkəmizdə təhsil sisteminin inkişafı istiqamətində uğurla fəaliyyət göstərən "Çağ Öyrətim İşlətmələri" MMM-nin Birliyin təsisçiləri sırasına qoşulmasından məmnun olduğunu bildirmiş, bununla da gələcəkdə təhsil sahəsində daha böyük layihələrə imza atılacağına əminliyini ifadə edib.
ARDNŞ prezidenti ölkəmizdə təhsil sisteminin inkişafı istiqamətində uğurla fəaliyyət göstərən "Çağ Öyrətim İşlətmələri" MMM-nin Birliyin təsisçiləri sırasına qoşulmasından məmnun olduğunu bildirmiş, bununla da gələcəkdə təhsil sahəsində daha böyük layihələrə imza atılacağına əminliyini ifadə edib.
"Çağ Öyrətim İşlətmələri" MMM adından MMM-nin İdarə Heyətinin sədri
Ənvər Özərən ARDNŞ ilə birlikdə ölkənin təhsil sahəsində həyata
keçirilən birgə layihələrdən danışıb, şirkət tərəfindən intellektual,
bacarıqlı şagird və tələbələrə göstərilən qayğını qeyd etmiş, ölkədə
yeni tipli tədris mərkəzlərinin yaradılmasında ARDNŞ-nin rolunu yüksək
qiymətləndirmişdir. Ənvər Özərən "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi"
İctimai Birliyinin təsisçiləri sırasına qoşulan "Çağ Öyrətim
İşlətmələri" MMM-nin təhsilin inkişafına mühüm töhfələr verəcəyini
vurğulamışdır.
ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə
vitse-prezidenti Xalik Məmmədov çıxış edərək "Azərbaycan Beynəlxalq
Təhsil Mərkəzi" İctimai Birliyinin təhsilin inkişafı istiqamətində
qarşısında duran vəzifələrdən danışmış, ölkənin təhsil sisteminin
inkişafında Birliyin mühüm rol oynayacağına əminliyini ifadə etmişdir.
X.Məmmədov imzalanmış sənədin gələcəkdə bu sahədə daha böyük uğurlu
layihələrin həyata vəsiqə qazanmasında bir vəsilə olduğunu bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.azhttp://az.trend.az/capital/energy/2125426.html