Qafqaz Universitetində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ümumrespublika konfransı keçirilib.

Qafqaz Universitetində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ümumrespublika konfransı keçirilib. «Azərbaycan qadını və cəmiyyət» adlı konfransı giriş nitqi ilə açan Qafqaz Universitetinin rektoru Ahmet Saniç bildirdi ki, Azərbaycan qadınları tarix boyu ölkənin ictimai-siyasi həyatında çox mühüm rola malik olublar. Rektor buna misal olaraq vurğulayıb ki, məhz şərqin ilk diplomatik qadını olan Sara Xatun Azərbaycan qadınıdır. Bu misallarını davam etdirərək rektor Möminəxatun, Natəvan və digərlərinin adlarını çəkib. Onun sözlərinə görə, bu fəaliyyət müstəqillik illərində daha da genişlənib. Azərbaycan qadını hazırda müstəqil dövlətimizin bütün fəaliyyət sahələrində özünəməxsus yer tutur.
Daha sonra konfransda çıxış edən Ailə, Qadın və Uşaq Probemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə rəhbəri olduğu qurumun fəaliyyətindən söz açıb. Onun sözlərinə görə, ilk olaraq ümummilli lider Heydər Əliyevin 14 yanvar 1998-ci il tarixli fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərib. Lakin ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli zərurəti vahid dövlət idarəetmə orqanının təşkilini şərtləndirib. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2006-cı il tarixli fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Komitənin fəaliyyət istiqamətləri aşağıdakılardır: müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; müvafiq sahənin inkişafını təmin edir; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Bu komitə MDB məkanında fəaliyyət istiqaməti üzrə yaradılan ilk belə qurumdur. H.Hüseynova Azərbaycanda gender bərabərliyinin yüksək səviyyədə təmin olunduğunu da deyib. Bildirib ki, dünyada ilk dəfə məhz Azərbaycanda Hacı Zeynəlabdin Tağıyev tərəfindən 1900-cu ildə qızlar seminariyası yaradılıb. Burada Qafqazdan olan bütün millətlərin xanım nümayəndələri təhsil almaq hüququ qazanıblar. 
Daha sonra çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov da Azərbaycanın bütün fəaliyyət sahələrində qadınların yüksək mövqe tutduqlarını söylədi. Onun sözlərinə görə, təhsil sahəsində qadınların üstünlüyü daha çox nəzərə çarpır. Məhz təhsil müəssisələrində çalışan pedaqoqların əhəmiyyətli hissəsi məhz qadınlardan ibarətdir.
Tədbirdə müxtəlif dövlət qurumlarının qadınlardan ibarət nümayəndələri, deputatlar və digər tanınmış simalar da iştirak ediblər. Sonda qadınlara müxtəlif hədiyyələr təqdim olunub və konfrans universitetin özfəaliyyət dərnəyinin konsert proqramı ilə yekunlaşıb. 

Bəhruz
http://www.hafta-ichi.az/mob/news.php?id=86776

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF