Uşaqların təhlükəsizliyi ilə bağlı Treninq keçirilib
18 November, 2011
Bu gün Z. Əliyeva adına məktəbdə “Multimedia” Mərkəzi tərəfindən “İnternetdə uşaqların təhlükəsizliyinin təmin edilməsi və uşaqlarda informasiya mədəniyyətinin formalaşması” mövzusunda Treninq keçirilib. Treninqdə 20 məktəb və liseyi təmsil edən 35-dək müəllim və valideynlər iştirak edib. Multimedia Mərkəzinin direktoru, AİF in rəhbəri Osman Gündüz Mərkəz tərəfindən həyata keçirilən “Uşaqları zərərli informasiyalardan qorunmasında məktəbin , valideynlərin və ictimai qurumların rolunun” artırılması Layihəsi haqqında məlumat verib. O , son dövrlərdə ölkədə İnternetin kifayət qədər sürətli inkişaf etdiyini, geniş zolaqlı İnternet istifadəçilərin sayının artdığını və evlərdə İnternetdən istifadənin çoxaldığını əsas gətirərək adı çəkilən mövzunun kifayət qədər əhəmiyyətli olduğunu bildirib. Ölkədə, xüsusən də təhsil sistemində uşaqların təhlükəsizliyinin qorunması sahəsində mövcud vəziyyət haqqında da məlumat verib.
Qafqaz Universitetinin Baş müəllimi Etibar Seyidzadə və Barcamp-ın Layihə koordinatoru, AİF uzvü İlqar Mirzə mövzu ilə bağlı təqdimatlar ediblər. Treninq iştirakçılarına İnternetdə və kompüterdə işləyərkən uşaqların zərərli informasiyalardan qorunması və onlarda informasiya mədəniyyətinin formalaşması ilə bağlı məlumatlar verilib və praktiki nümunələr təqdim olunub. Müəllimlər və valideynlərə uşaqların zərərli informasiyalardan qorunması sahəsində mövcud pullu və pulsuz proqramlar və onlardan istifadə qaydaları haqqında məlumatlar verilib. Treninqdə həmçinin mövzu ilə bağlı Təhsil Nazirliyinin nümayəndəsi Ramil Süleymanov, adı çəkilən məktəbin direktoru Məhəbbət Vəliyeva, məktəbin İKT üzrə direktor müavini Aygün Əzizova, valideyn olaraq Treninqdə iştirak edən, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər müəllimlər çıxış ediblər. Treninq iştirakçılarının sualları cavablandırılıb. Məlumat üçün bildiririk ki, adı çəkilən Layihə çərçivəsində ictimai müzakirələr təşkil etmək, mövcud problemlə bağlı yaradılan www.netsafe.az İnternet resursunu təkmilləşdirmək, informasiya təhlükəsizliyinin qorunması ilə bağlı Tövsiyələr hazırlamaq nəzərdə tutulub. Layihə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə və Təhsil Nazirliyi Təhsil sisteminin İnformasiyalaşdırılması idarəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.