Gələcək jurnalistlərlə bir saat


















Süleyman Ünal
s.unal@zaman.az

 

Qafqaz Universitetində bu il jurnalistika fakültəsi açıldı. Bir neçə gün əvvəl həmin bölümün tələbələri “Ədalət” qəzetinin Baş redaktoru İradə Tuncayı, “Yeni Müsavat” qəzetinin Baş redaktoru Rauf Arifoğlunu, “Şərq” qəzetinin Baş redaktoru Akif Aşırlını və “Zaman-Azərbaycan” qəzetindən də məni görüşə dəvət etmişdilər.
Universitet tələbələri qarşısına çıxmağın, onların suallarını cavablandırmağın hər ölkədə çətin iş olduğunu yaxşı bilirəm. Jurnalist ixtisasına yiyələnən tələbələrin, xüsusilə də, çox yüksək bal toplamış gənclərin təhsil aldıqları “Qafqaz” Universiteti kimi bir təhsil ocağında yetişən gənclərin bizdən soruşacağı sualların çox çətin olduğunu da yaxşı bilirdim. Təxminimdə yanılmadım. Bu gənclərin bizə ünvanladığı suallar, bəzən də, söhbətə müdaxilələr onların geniş dünyagörüşündən, istər ölkədə, istərsə də, dünyada baş verən hadisələrdən xəbərdar olduqlarını, doğru-düzgün analiz qabiliyyətinə sahib olduqlarını göstərirdi.
Tələbələr istədikləri sualları verdilər, qonaq kimi biz də gücümüzün yetdiyi qədər cavab verməyə çalışdıq. Verilən cavablardan tələbələr razı qaldılarmı? - Bilmirəm. Amma bu görüşdə o qənaətə gəldim ki, tələbələr nəzəri dərslərlə yanaşı, davamlı olaraq praktika ilə də məşğul olmalıdırlar ki, həm özlərini yetişdirə, həm də ölkənin inkişafı üçün uğurlu işlər görə bilsinlər.
Əlbəttə, bu gənclər hələ jurnalist peşəsini, bir qəzeti başa gətirməyin maddi və mənəvi problemlərinin nə qədər çətin olduğunu hələ tam dərk edə bilməzlər və əslində buna lüzum da yoxdur. İnşallah, təhsillərini başa vurub iş həyatına başlayanda hər şeyi gözləri ilə görəcək, yaşayacaq və öyrənəcəklər. İndi isə onların öyrənən, xəyallarını gerçəkləşdirmək üçün özlərini yetişdirmək zamanıdır. Təbii ki, bu bir saatlıq görüşdə biz də bütün düşüncələrimizi onlarla paylaşa bilmədik. Bizi dəvət edən professor Qulu Məhərrəmli də o sualların bir hissəsinin növbəti görüşə saxlanılmasını istədi. Onu da deyim ki, mətbuat sahəsində biz onların ikinci qonaqları idik.
Universitetlərin media, sənət və ədəbiyyat bölümləri, tələbə dərnəklərinin keçirdikləri bu cür görüşlər hər kəs üçün çox faydalıdır. Bu görüşlər zamanı tələbələr gələcəkdə məşğul olacaqları peşənin nümayəndələri ilə birbaşa təmasda olur, onlardan soruşub-öyrənir, bizlər də öz işimizi gələcəkdə hansı gəncliyə həvalə edəcəyimizi öyrənmiş oluruq.
“Qafqaz” Universitetində keçirilən bu görüşdən onu anladıq ki, Azərbaycan təkcə iqtisadi sahədə deyil, media sahəsində yüksəliş dövrünü yaşayır. Bu gənclərin gələcəkdə medianın daha da inkişaf etdirəcəyi, dünya miqyasında Azərbaycanın səsini hər yerə yayacağı qənaətinə gəldim. Getdikcə qloballaşan dünyada Azərbaycan layiq olduğu yeri tutmaq üçün, heç şübhəsiz, medianın imkanlarından ən yüksək şəkildə yararlanmalıdır.
Xüsusilə, jurnalistika fakültələrində oxuyan tələbələr təkcə düşüncə baxımından deyil, hərtərəfli inkişaf etməlidirlər. Yəni onlar öz düşündüklərini həyata keçirmək üçün vasitələri də düşünməyi, həll etməyi bacarmalı, çox oxumalı, öz xalqının, dövlətinin dəyərlərini, mədəniyyətini yaxşı bilməli, ən başlıcası isə, müraciət etdiyi mövzuya hakim olmağı bacarmalıdırlar. Öz ölkəsini yaxşı tanıyan gənc jurnalist başqa ölkədə gördüklərini ən qısa zamanda saf-çürük edərək, gərəkli bildiyi şeyləri xalqına çatdırmalıdır. Yəni yüz səhifə oxuyub o oxuduqlarını bircə səhifədə öz oxucusuna verməyi bacarmalıdır.
Verilən suallar o tələbələrin nə qədər coşqulu, həyəcanlı olduğunu göstərirdi. Onların bu həyəcanı, duyğu və düşüncəsi illər keçdikcə təcrübə ilə birləşəcək, yeni üfüqlər açacaq, qəzet səhifələrində, efirdə, internet saytlarında xalqa xidmət göstərəcək.
Azərbaycanın gələcəyini inşa edəcək gəncliyin bu cəhdini təkcə “Qafqaz” Universitetinin jurnalistika bölümünün tələbələrində deyil, əvvəllər də görüşüb tanış olduğum gənclərdə görmüşdüm və bunun üçün Azərbaycanın hər sahədə inkişaf etdiyinə şahid olmaqdan məmnunluq duyuram. s.unal@zaman.az
http://www.zaman.az/az/columnistDetail_getNewsById.action?newsId=41422

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF