Qafqaz universitetinin fəaliyyəti beynəlxalq miqyasda yüksək qiymətləndirilir

Qafqaz Universitetinin daha bir uğuru

00:35 / 15.11.2011
Ali təhsil sahəsində əlverişli imkanlar təklif edən Eduniversal beynəlxalq şəbəkəsinin Elmi Komitəsi dünya universitetlərinin ən yaxşı Magistratura və Doktorantura proqramlarının dərəcələr üzrə qiymətləndirilməsinin nəticələrini açıqlamışdır. Qiymətləndirməyə dünyanın 9 regionunun 153 ölkəsindən ən yaxşı 1000 universitetin 30 ixtisas üzrə 12 min proqramı təqdim olunmuşdur. Görkəmli elm adamlarının təmsil etdiyi nüfuzlu komitə Qafqaz Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr proqramını dünyanın ən yaxşı 200-cü təhsil proqramı seçmiş xüsusi diploma layiq görmüşdür. Oktyabrın 14-dən başlamış ən yaxşıların seçimi yarışına Şərqi Avropa, Qərbi Avropa, Afrika, Şimali Amerika, Latın Amerikası, Mərkəzi Asiya, Avrasiya və Yaxın Şərq, Uzaq Şərq, Okeaniya regionunu təmsil edən və beynəlxalq nüfuzu olan universitetlər qoşulmuşlar. Qeyd edək ki, tələbələrə , mütəxəssislərə, İnsan Resursları rəhbərlərinə, eləcə də akademik sahədə çalışanlara mükəmməl ali təhsil imkanlarının həqiqi qlobal mənzərəsini göstərən Eduniversal gələcək naminə ən doğru addımı atmağa kömək edir. Bu sistem tələbələrə harada yaşadıqlarından və hara getmək istədiklərindən asılı olmayaraq gələcək karyeraları üçün ən uyğun təhsil ocaqlarını seçməyə imkan verir. Burada tələbələrin təhsildən məmnun qalması əsas meyarlardan biri, dərəcələndirmənin ən mühüm aspektidir. Artıq indiyədək 100 min tələbə Eduniversalın qiymətləndirməsində iştirak edərək təhsil aldıqları müəssisələr haqqında fikirlərini bildirmişlər. Fransa universitetlərində Magistratura proqramlarının keyfiyyət sıralaması üzrə 10 illik təcrübəsinə əsaslanan Eduniversal artıq 153 ölkənin 1000 ən yaxşı təhsil müəssisəsindən 30 ixtisas sahəsi üzrə 4000 ən yaxşı Magistratura və Doktorantura proqramlarının dünya sıralanmasını təqdim edib. Sıralama Eduniversalın Beynəlxalq Elm Komitəsinın dəstəyi ilə proqramın nüfuzu, məzunların ilk iş yerindən aldığı maaş, tələbələrin məmnuniyyəti kimi üç mühüm meyara əsasən müəyyən edilib. Bu təhsil yarışmasına qatılan universitetlər mütləq bir sıra beynəlxalq meyarlara cavab verməli, o cümlədən zəruri akkreditasiya və təsnifatlara yiyələnməli, beynəlxalq akademik assosiasiyalara üzvlüyü olmalı, beynəlxalq və yerli səviyyədə universitetlərarası əməkdaşlığı genişləndirməli, dünya səviyyəsində hamılıqla qəbul edilmiş təhsil proqramlarına malik olmalıdır. Məhz bu kriteriyalara görə də Qafqaz universitetinin fəaliyyəti beynəlxalq miqyasda yüksək qiymətləndirilir.

S.QARAYEVA

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF