REDAKTORLAR GƏLƏCƏK JURNALİSTLƏRLƏ GÖRÜŞDÜLƏR
Bu gün Qafqaz Universitetində redaktorlarla tələbələrin görüşü keçirildi. Görüşdə “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Zaman-Azərbaycan” qəzetinin baş redaktoru Süleyman Ünal, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu iştirak edirdilər. Görüşü universitetin jurnalistika kafedrasının müdiri professor Qulu Məhərrəmli aparırdı.
Tədbirdən öncə Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıç redaktorları universitet ilə yaxından tanış etdi. Rektor universitetdə yeni yaradılan labarotoriyalar, tikilən yeni yataqxana və korpusla redaktorları tanış etdikdən sonra bir neçə sinif otağını gəzdirib, keçirilən dərslərin keyfiyyəti barədə qonaqlara məlumat verdi.Daha sonra Qafqaz Universitetinin konfrans zalında yeni yaradılmış Jurnalistika fakültəsinin tələbələri ilə redaktorların görüşü baş tutdu. Tədbiri giriş sözü ilə açan Qulu Məhərrəmli gələcəyin juralistlərinə qonaqlar barədə məlumat verdi. Tələbələrlə görüşə gələn redaktorlar gənc nəsilə öz dəyərli məsləhətlərini verdilər. Çıxış edən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu zalda iştirak edən tələbələrə üz tutararaq onları gələcək həmkarları kimi gördüyünü söylədi: “Biz sizləri gələcək həmkarlarımız kimi bərabər səviyyədə görürük. Bəlkə də hazırda burada sizin aranızda əyləşən gənclər gələcəkdə hansısa bir media quruluşunun rəhbəri olacaq. Biz hər zaman gənc nəslin, sizlərin yanındayıq və bu yolda sizə hər cür dəstəyi verməyə hazırıq”.
R. Arifoğlu daha sonra tələbələrə Azərbaycanda mediasının hazırkı durumu, rəhbərlik etdiyi qəzetin fəaliyyəti barədə geniş məlumat verdi.
Daha sonra çıxış edən redaktorlar İradə Tuncay, Akif Aşırlı, Süleyman Ünal gənclərin suallarını cavablandırmazdan əvvəl onlara jurnalistika sahəsi ilə bağlı tövsiyyələrini verdilər.
Tədbirin ən maraqlı hissəsi ilə redaktorlarla tələbələr arasında keçirilən sual-cavab oldu. Fakutənin aktiv tələbələri onları maraqlandıran sualları qəzet rəhbərlərinə ünvanladılar. Tədbirin sual-cavab hissədinə iştirak edən tələbələr arasında Elmar Allahverdiyev xüsusi ilə seçilirdi.
Tədbirin yekununda çıxış edən Qafqaz Universitetinin rektoru professor Ahmet Sanıç gələcəkdə bu kimi tədbirlərin tez-tez keçiriləcəyi anonsunu verdi. Daha sonra Qafqaz universitetinin Jurnalistika fakultəsinin tələbələri qonaqlarla xatirə şəkli çəkdirdilər.
Fərahim İLQAROĞLU
http://www.musavat.com/new/Media/112760-REDAKTORLAR_G%C6%8FL%C6%8FC%C6%8FK_JURNAL%C4%B0STL%C6%8FRL%C6%8F_G%C3%96R%C3%9C%C5%9ED%C3%9CL%C6%8FR_%28FOTOLAR%29