Qafqaz universitetində silsilə tədbirlər keçirilib



02:35 / 01.11.2011
Bu günlərdə Bakı Dövlət, Qafqaz və Türkiyənin Özyegin universitetlərinin birgə təşkilatçılığı ilə keçirilən “İnformasiya-kommunikasiya texnologiyaları və şəxsiyyət hüquqları” mövzusunda ikigünlük II Beynəlxalq Türkiyə-Azərbaycan elmi-praktiki simpozium başa çatıb. Tədbirin bağlanış mərasimi Qafqaz Universitetində keçirilib. Çıxış edən alim və mütəxəssislər simpoziumun əhəmiyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, simpoziumun məqsədi Azərbaycanda hüquq elminin davamlı inkişafını təmin etmək, qardaş Türkiyənin hüquqşünas alimləri ilə elmi əməkdaşlığı genişləndirmək və informasiya-kommunikasiya texnologiyalarının hüquq elminin müxtəlif sahələrinə, xüsusilə də şəxsiyyət hüquqlarına təsiri ilə bağlı problemlərə dair elmi tədqiqatların müzakirəsi olub.
Qafqaz Universitetində 29 Oktyabr-Türkiyə Cümhuriyyətinin 88-ci ildönümü də qeyd olunub. Bir gün öncə tədbirin təşkilatçıları-Universitetin Gənc Akademiya klubunun üzvləri Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının və 1918-ci ildə Bakını işğaldan azad edən türk əsgərlərinin məzarlarını ziyarət ediblər. Tədbir Universitetin foyesində ulu öndər Mustafa Kamal Atatürkün rəhbərliyi altında Türkiyənin istiqlal mübarızəsindən və ölkənin keçdiyi inkişaf yolundan bəhs edən kadrların nümayişi , ardınca “Türkiyəm” musiqisinin sədaları altında klub üzvlərinin Türkiyə Cümhuriyyətinin bayrağını canlandırdığı flaşmobun seyr olunması ilə başlayıb.
Oktyabrın 23-də Türkiyənin Van vilayətində baş vermiş dağıdıcı zəlzələdə həlak olan insanların, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilərək, Türkiyə Cumhuriyyəti İstiqlal Marşının oxunmasından sonra tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin prorektoru Cihan Bulut Azərbaycan və Türkiyə Respublikalarının qardaşlıq münasibətlərindən danışaraq Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkənin məhz Türkiyə olduğunu vurğulayıb. Azərbaycanda qonaq olan Özyeyin Universitetinin hüquq fakültəsinin dekanı, professor Yener Ünver öz çıxışında Ulu öndər Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları qardaş ölkələrimiz arasında hər zaman əsas prinsip olduğunu qeyd edib.
Öz vətənpərvərliyi və türksevərliyi ilə xüsusilə seçilən Azərbaycanın estrada ulduzu Azərinin “ayağa qalx Türk oğlu, türk bayrağı gəlir” çağırışı bütün salonu ayağa qaldırıb. Müğənniyə Qafqaz Universitetindən xatirə olaraq sənət kursları tələbələrinin göz nuru ilə hazırladıqları tablo hədiyyə verilib.
Universitetin özfəaliyyət kollektivlərinin rəngarəng repertuarı ilə davam edən, Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi olan bu tədbir “Türkiyəmiz üçün, Vətənimiz üçün” musiqisinin sədaları altında Gənc Akademiya klubu üzvlərinin Türkiyə bayrağını səhnəyə gətirməsi və Azərbaycan xalqının hər zamankı kimi qardaş Türkiyənin yanında olduğunu nümayiş etdirməsi ilə yekunlaşıb.
S.QARAYEVA

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF