Bu iş hamımızın borcudur



Süleyman Ünal
s.unal@zaman.az

Noyabrın 10-da axşam Binəqədi yolunda tıxaca düşdük. 500 yüz metr yolu nə az-nə çox, düz 1 saat yarıma gedə bildik. Özü də bu tıxacın əmələ gəlməsi üçün nə təmir işləri vardı, nə yolun kənarı qazılmışdı, nə qəza, nə də hansısa maşın xarab olub yolun ortasında qalmış3dı. Sadəcə hərəkətin normal axışından xoşu gəlməyən bəzi sürücülər daha sürətli hərəkət etmək üçün qarşı yola çıxaraq əməlli-başlı qarışıqlıq çıxartmışdılar. Üstəlik də, bir qədər irəlidəki yol ayrıcında işıqforun tələblərinə əməl etməyən sürücülər də öz bildikləri kimi hərəkət etdiyindən saat 7-yə qədər avtomobillər öz yerlərində gözləməli oldular.
Ötən həftə “Həlli asan görünən problemlər” adlı yazımızda yol-nəqliyyat hadisələrindən bəhs etdiyimiz üçün dostlar zəng edərək rast gəldikləri avtomobil tıxaclarından, qarışıqlıqdan xəbər verirlər.
Artıq bu qənaətdəyəm ki, əgər polis müdaxilə etməsə, bu cür mənzərələrin aradan qaldırılması mümkün deyil. İş orasındadır ki, bu da məsələnin həlli üçün yetərli deyil. Bu məsələdə ən böyük vəzifə sürücülərin boynuna düşür. Əgər bizim qaldığımız yolda iki polis hərəkətə nəzarət edərək qanunu pozan avtomobillərin nömrəsini götürsə və onları saxlayaraq cəzalandırsaydı, elə bilirəm ki, onlar bir daha bu cür qanunsuzluğa yol verməzdilər. Ümumiyyətlə, yol-nəqliyyat qanunları pozuntusuna görə, ağır cəzalar verilsə, elə düşünürük ki, bu cür qanunsuzluq azalar, kimsə cürət edib başqasının yoluna çıxmaz. Digər tərəfdən də gərək sürücülər, vətəndaşlar qanunu pozanlara qarşı etiraz edələr, onlara güzəşt etməyələr.
Tıxacda gözləyərkən ağlıma ən çox “görəsən burada qalan maşınlardan hansındasa xəstəxanaya tələsən, ağır vəziyyətdə bir xəstə olsa, nə edə bilər?” sualı gəldi.
Dünən səhər saatlarında bu yazını qələmə almağa hazırlaşarkən Qafqaz Universitetinin müəllimi Uğur Arif Böləkdən aldığımız mesajı oxudum. Uğur Arif Bəy Universitetin sevilən tibb bacısı Təranə xanımın avtomobil qəzasında vəfat etməsindən dolayı öz üzüntüsünü ifadə etməklə birlikdə məsələnin əhəmiyyətinə diqqət çəkir və belə deyir:
- Ötən bayramda dostlara göndərdiyim bayram təbrikinin altına belə bir qeyd də əlavə etmişdim: “bayramda yola çıxan dostlar, amandır, diqqətli olun. Ötən bayramda 9 günlük tətildə 165 vətəndaşımızı yol-nəqliyyat terrorunda itirmişik. Heç bir terrorda bu qədər insan itirmirik. Amandır, nəqliyyat qaydalarına əməl edək”.
Uğur Arif bəy avtomobil sektorunun dünya iqtisadiyyatının ən nüfuzlu sahələrindən biri olduğunu xatırladaraq: “dünyada böyük holdinqlər var. Avtomobillər getdikcə daha sürətli hərəkət etmək üçün tənzimlənir. Filan testlərdən keçirdik, avtomobildəkilərin burnu da qanamadı” kimi məlumat, görüntü ilə birlikdə çox cazibəli qiymətlər təklif edərək “bu avtomobildə istədiyin sürətə yetişərsən” xəyalları şişirdilir.
Amma onu anlamaq mümkün deyil ki, sürməyə yer, yol olmadığı halda saatda 220, bəzən 250 kilometr hərəkət edən avtomobilləri insanlar niyə alırlar?
Yol-nəqliyyat problemlərinin həlli üçün sürücülərin maarifləndirilməsini, onların daha məsuliyyətli olmasını vurğulayan Uğur bəy avtomobillərin dövlət nömrələrinin yanına diqqət çəkən sözlərin yazılması ilə bağlı keçən həftəki yazımızdakı təklifə toxunaraq bu işə Təhsil Nazirliyinin də qarışmasının səmərəli olacağını bildirir. Deyir ki, kaş bu məsələ ilə bağlı konfranslar, seminarlar keçirirlər, dərs kitablarında yazılar verilə, müsabiqələr, yarışlar təşkil oluna. Yəni hər kəs boynuna düşən işi yerinə yetirə ki, fəlakət halına gəlməkdə olan bu problemin aradan qaldırılmasına nail ola bilək. Qısametrajlı filmlərin çəkilməsi, internet saytlarında gərəkli bilgilərin verilməsi kimi işləri təklif edir Uğur bəy.
Yol-nəqliyyat hadisələri yaralanma və ya ölümlə nəticələnən qəzalarla, səhər-axşam saatlarında əmələ gələn tıxaclarla, əsəb gərginliyi, xəstəliklərə səbəb olması ilə, maddi və mənəvi zərərləri ilə hər zaman gündəmdə olacaq mövzudur. Kimsənin yaxasını kənara çəkməyə, “mənimlə nə əlaqəsi var” deməyə haqqı yoxdur. Bu məsələ hamımızın məsələsidir.
http://www.zaman.az/az/columnistDetail_getNewsById.action?newsId=41259

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF