Mən etiraf etdim, bəs sən?
28 November, 2011
Müasir cəmiyyətdə televiziya, kompüter, mobil telefon, internet kimi yeni texnologiyalar insan həyatını asanlaşdırmaqla yanaşı, onu real ünsiyyətdən uzaqlaşdırır. Sosial şəbəkələrdə gənclərimizin yaratdığı virtual dünya onların daxilində yaranan boşluğu dolduraraq real dünyadan uzaqlaşmağa şərait yaradır. Təcrübə göstərir ki, şəbəkə resurslarından kəskin istifadə ünsiyyətdə gizli kompleks və çətinliklərin olması səbəbindən qaynaqlanır.
Tələbə gənclərə özünü sərbəst ifadə etmək imkanlarının yaradılması məqsədilə “Düşüncə” klubunun təşəbbüsü və təşkilatçılığı ilə universitetdə silsilə seminarlar keçirilir. Sosial şəbəkələrdəki zahiri və xəyali ünsiyyətdən fərqli olaraq “Etiraf və mən” mövzusuna həsr olunan ilk seminar məşğələsi tələbələrin etdikləri yalnışları, günahları rahat etiraf edə bilmələrinə imkan yaratdı. Psixoloq Hüseyn Xəlilovun yaratdığı qarşılıqlı anlaşma şəraitində Aytən Məmmədova, Əyyub Hüseynzadə, Emin Hüseynov, Fərid Baratzadə öz zəif və güclü cəhətlərini, nəyə inandıqlarını, onlar üçün nəyin qiymətli olduğunu səhnədə etiraflar etdilər. Səmimi qurulan münasibətlər zalda canlanma yaratdı. Münasibətlərin interaktivliyi iştirakçılarda keçmiş səhvləri, yanlışlıqları, günahları özünə bağışlamaq, sonrakı daha böyük uğursuzluqlardan yaxa qurtarmaq üçün məğlubiyyətdən qorxmamaq hissi aşılayaraq özünə inamı artırdı. Hüseyn Xəlilov auditoriyaya göstərilən səylərə dəyməyən yanlış məqsədlərdən nəticə çıxarmağı, «necə yaşamaq lazımdır fikri» ilə narahatlıq keçirmək əvəzinə həyatın qaynarlığına qoşulmağı tövsiyə etdi.
Silsilə seminar məşğələləri dekabr ayında “Nitq mədəniyyəti və ifadə vasitələri” və “Tənqidi düşüncə” mövzuları ilə davam edəcək.