Quba Özəl Türk Liseyində Quba Rayon Polis Şöbəsinin rəisi Seyfulla Əzimov və ATƏT-in Şimal bölgəsi üzrə nümayəndəsi Süleyman Özbəyin şagirdlərlə görüşü keçirib
Görüşdə Quba Rayon Polis Şöbəsinin rəisi Seyfulla Əzimov zərərli vərdişlərə aludəçiliyin hazırda cəmiyyətdə törədilən cinayətlərin əsas səbəblərindən biri olduğunu bildirib. Onun sözlərinə görə, zərərli vərdişlərin də təməli gənc yaşlardan, məktəb dövrlərindən qoyulur. O, pis əməllərin zərərli vərdişə meyil etməsindən başlandığını və iradəsi çatmayanların daha sonra “keçici” zövq üçün narkotik maddələrə, spirtli içkilərə aludəçiliyinin heç də yaxşı nəticələnmədiyini nümunələrlə izah edib. Polis rəisi ona görə də məhz bu dövrlərdə belə hallara qarşı ciddi mübarizə aparmağın vacibliyini vurğulayıb. Daha sonra son illər narkomaniyaya qarşı mübarizənin gücləndirildiyini qeyd edən Seyfulla Əzimov bununla belə, qaçaqçılıq yolu ilə sərhədyanı ölkələrdən narkotik maddələrin gətirildiyini qeyd edib. O, bunu narahatçılıq doğuran hal olduğunu deyib. O, həmçinin söyləyib ki, narkotik maddədən istifadə edənlər ətrafındakıları da öz təsir dairələrinə salmaq üçün cəhdlər edirlər. Belə ki, onlara bəzən həmin maddələri təmənnasız verməklə özlərindən asılı vəziyyətə salırlar. O, belə hallara qarşı ayıq-sayıq olmağın vacibliyini vurğulayıb. Seyfulla Əzimov həmçinin bu sahədə hər bir şagirdin polisə dəstək olmasını da tövsiyə edib. Onun sözlərinə görə, zərərli vərdişlərə qarşı mübarizə sahəsində Quba Rayon Polis Şöbəsi tərəfindən mütəmadi tədbirlər həyata keçirilir və çoxsaylı görüşlər təşkil edilir. ATƏT-in Simal bölgəsi üzrə nümayəndəsi Süleyman Özbəy isə dünya təcrübəsindən çıxış edərək, siqaretin, spirtli içkilərin, narkotik maddələrin insanı məhvə apardığını bildirib. http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=41204 |