Qafqaz Araşdırmaları İnstitutununda iki yeni kitab Azərbaycan oxucusuna təqdim olunur
Bu həftə Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən Qafqaz Araşdırmaları İnstitutununda iki kitabın sevinci yaşanmışdır. Qafqaz Araşdırmaları İnstitunun nəşr etdiyi “Yahya Kamal Bəyatlı” kitabı işıq üzü görmüş və İnstitutun müdürü dosent.dr Mehmet Rıhtımın “Mövlanə İsmayıl Siracəddin Şirvani” kitabı bəzi əlavələrlə təkrar nəşr edilmişdir.
Müəllifləri filologiya elmləri doktoru, professor Maarifə Hacıyeva və Qafqaz Universitetinin dosenti Mehmet Rıhtım olan “Yahya Kamal Bəyatlı” əsəri dərs vəsaiti olaraq nəzərdə tutulmuşdur. Uzun çalışmalardan sonra ərsəyə gələn kitab türk ədəbiyyatının və mədəniyyətinin böyük simalarından olan Yahya Kamal Bəyatlının həyatı və fəaliyyətinin tədqiqinə həsr edilmişdir. Kitabda Yahya Kamalın həyatı geniş işıqlandırılmış, yaradıcılığı bir çox yönləri ilə təhlil edilmiş, şairin şeirlərindən məktub və məqalələrindən seçmələr verilmişdir. Kitabın elmi redaktoru olan filologiya elmləri doktoru, professor Minaxanım Təkləlinin sözlərinə görə, türk millətinin tarix boyunca yetişdirdiyi ədəbi şəxsiyyətləri geniş oxucu kütləsinə hərtərəfli tanıtmaqla ədəbiyyatımızın möhkəm ortaq təməllərə dayandığı reallığını bir daha ifadə etmiş oluruq. Yahya Kamalın həyatı, elmi və bədii yaradıcılığı ilk dəfə olaraq bu əsərdə Azərbaycan oxucusuna təqdim olunur.
Dos.dr.Mehmet Rıhtımın Fariz Xəlilli ilə birlikdə 2003-cü ildə hazırlayıb nəşr etdiyi “Mövlanə İsmayıl Siracəddin Şirvani” kitabı yenidən nəşr edilmişdir. Kitabda XIX əsrin tanınmış alimlərindən olan, Azərbaycanın, Türkiyənin və bütün Qafqazın ictimai həyatında mühüm xidmətlər göstərən Mövlanə İsmayıl Siracəddin Şirvaninin həyat və fəaliyyətindən, ardıcıllarından bəhs edilir.
Birinci nəşrin daha təkmilləşdirilmiş variantı olan əsər Azərbaycan oxucusuna təqdim olunur.