Qafqaz Universitetində "III Gənclik şənliyi"
Mayın 6-da Qafqaz Universitetində tələbələrin təşkilatçılığı və fəal iştirakı ilə "III Gənclik şənliyi" adlı tədbir keçirildi.
Tədbir çərçivəsində universitetin geniş həyətində tələbələrin bədii və intellektual yaradıcılığının məhsulu olan əsərlərdən, rəsmlərdən, əl işlərindən, maketlərdən və s. ibarət sərgilər açılmış, köşklər quraşdırılmışdı. Bu köşklərdə tələbələr qrup-qrup əylənirdilər - gitara çalır, mahnılar oxuyur, şeirlər söyləyirdilər.
Tədbirin açılışı da musiqi nömrəsinin ifası ilə oldu. Sonra universitetin rektoru Ahmet Saniç tələbələri, müəllimləri və dəvət olunmuş qonaqları təbrik etdi. A.Saniç şənliyin ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunduğunu, ulu öndərin "Türk dünyasının gələcəyini gənc nəsillərdə görürəm" deməsi ilə gəncliyə böyük önəm verdiyini bildirdi. Qeyd etdi ki, Heydər Əliyev irsində Vətən sevgisi, azərbaycançılıq, xalqa bağlılıq xüsusi yer tutur. O, bunları insan üçün mənəvi əsas kimi qəbul edirdi. Dahi liderimizin mənalı həyat yolu gələcək inkişafın təminatçısı olan gənc nəsil üçün əsl nümunədir.
Meydan istedadlı tələbələrə verildi. Universitetin rəqs kollektivi, müxtəlif bölümlərini təmsil edən tələbələr rəqslər, mahnılar, şeirlər ifa etdilər.
Sonra aparıcılar universitetdə ənənəvi olaraq keçirilən "Qafqaz Universiteti ilin adamını seçir" layihəsinin nəticələri barədə məlumat verdilər. Məlumatdan bəlli oldu ki, layihə çərçivəsində aparılmış seçim zamanı "İlin elm adamı" nominasiyasına Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev, "İlin idman adamı" nominasiyasına "Neftçi" futbol komandasının baş məşqçisi Arif Əsədov, "İlin futbolçusu" nominasiyasına "Neftçi" komandasının oyunçusu Rəşad Abdullayev, "İlin şairi" nominasiyasına xalq şairi Zəlimxan Yaqub, "İlin yazıçısı" nominasiyasına AYB-nin sədri, xalq yazıçısı Anar, "İlin müəllimi" nominasiyasına Qafqaz Universitetinin elmi işlər üzrə prorektoru Niftalı Qocayev layiq görülüblər. Digər nominasiyalar üzrə qaliblərin adları da açıqlandı.
Nominantlara və ya onların nümayəndələrinə müvafiq diplomlar təqdim olundu.
Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Ramazan Ulus bayram mərasiminin iştirakçılarına təbriklərini çatdırdı. Gənc müğənnilər Sevda Yəhyayeva və Elçin Cəfərov aldıqları mükafatlara görə universitet kollektivinə minnətdarlıqlarını bildirdilər, onları mahnı nömrələri ilə salamladılar.
Sonra rektor universitetdə təşkil edilən mini-futbol, şahmat və stolüstü tennis oyunlarının qaliblərinə hədiyyələr təqdim etdi. Mərasim bədii əyləncəli konsert proqramı ilə davam etdirildi.
Yusif ƏLİYEV
http://www.muallim.edu.az/arxiv/2011/18/22.htm