Aprelin 9-da Bakı Əl Oyunları İdman Sarayında ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunan "İNEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi oldu. Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, bir sıra dövlətlərin ölkəmizdəki səfirliklərinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, respublikanın orta ümumtəhsil məktəblərinin direktorları, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, tanınmış alim və pedaqoqlar iştirak edirdilər. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi, "İNEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının təşkilat komitəsinin sədri Arif Gömleksiz artıq ənənəyə çevrilmiş olimpiadanın əhəmiyyətindən söz açdı. Qeyd olundu ki, dünyanın 5 qitəsindən gələn gənclər ölkəmizlə daha yaxından tanış olmaq imkanı əldə etməklə yanaşı, burada özlərinə yeni dostlar qazanıblar. Arif Gömleksiz xarici ölkələrdən gələn məktəblilərin öz vətənlərinə xoş təəssüratla dönəcəklərinə ümidvar olduğunu bildirdi. Sonra mərasim iştirakçıları olimpiadanın tarixi və məzmunundan bəhs edən sənədli filmə tamaşa etdilər. Nəhayət, gözlənilən an gəlib çatdı. Layihə olimpiadasında yer tutan iştirakçıların adları açıqlandı. 4 kateqoriya- enerji, ətraf mühit, mühəndislik və sosial elmlər üzrə keçirilən beynəlxalq layihə olimpiadasında Azərbaycan məktəbliləri 5 qızıl, 8 gümüş və 14 bürünc medal qazandı. Digər ölkələrdən gəlmiş şagirdlər də müvafiq yerlər tutaraq medallara sahib oldular. Qaliblərə medalları Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Rəfiqə Hüseynzadə, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, "Azərkimya" İstehsalat Birliyi Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, "Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun müavini Elman Qədirli, millət vəkilləri Qənirə Paşayeva, Fəzail Ağamalı təqdim etdilər. Mərasimdə həmçinin ekologiya, ətraf mühitin qorunması ilə bağlı mətbuatda yazılarla çıxış edən, süjetlər hazırlayan ayrı-ayrı media nümayəndələri də mükafatlandırıldı. Çıxış üçün söz alan təhsil naziri Misir Mərdanov Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsində ölkəmizdə belə bir olimpiadanın keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirdi. Nazir ölkə başçısı cənab İlham Əliyev tərəfindən ekologiyaya diqqət verildiyini, son illər artıq həmin sahənin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini qeyd edərək bununla əlaqədar respublikamızda görülən işlər barədə məlumat verdi. Olimpiadanın keçirilməsində əməyi olan təşkilatlara öz təşəkkürünü bildirən təhsil naziri "Çağ" Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdəki fəaliyyətindən razılıq hissi ilə danışdı. Nazir Misir Mərdanov çıxışının sonunda ənənəyə çevrilmiş "İNEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının iştirakçılarının sayının ildən-ilə artdığını, Azərbaycan məktəblilərinin ekologiya ilə bağlı yüksək səviyyədə hazırladıqları layihələrlə bilik yarışına böyük həvəslə qatıldıqlarını müsbət qiymətləndirərək qalibləri təbrik etdi, onlara yeni-yeni uğurlar arzuladı. Samirə KƏRİMOVA |