“Mesenat” köhnə və yeni təqdimatda
Görkəmli dramaturq Əli Əmirlinin məşhur xeyriyyəçi milyoner Hacı Zeynalabdin Tağıyevin ailə dramından bəhs edən “Mesenat” əsəri uzun sürən fasilədən sonra Akademik Milli Dram Teatrının repertuarında bərpa olunub. 2005-ci ildə Bəhram Osmanovun quruluşunda səhnələşdirilən bu əsərdə rolları xalq artistləri Nurəddin Mehdixanlı, Şükufə Yusupova, Firəngiz Mütəllimova, İlham Əsgərov, əməkdar artistlər Sənubər İskəndərli, Mehriban Xanlarova, Kazım Abdullayev, Vəfa Rzayeva və teatrın digər aktyorları oynayırlar. Bir qayda olaraq “Mesenat”ın anşlaqla keçən tamaşaları bu dəfə də gur alqışlarla qarşılanıb. “Mesenat”ın növbəti nümayişləri mayın 14-ü və 26-da gerçəkləşəcək. Qeyd edək ki, “Mesenat” əsəri Qafqaz Universiteti nəzdində fəaliyyət göstərən Teatr Studiyasının həvəskar aktyorlarının ifasında da tamaşaya hazırlanıb. Tələbə aktyorlar tariximizdə özünməxsus yeri olan Tağıyevin tale dramını ölkəmizin bir sıra şəhərlərində və Türkiyədə də göstərmək niyyətindədirlər. İlk tamaşa mayın 12-də Dövlət Gənc Tamaşaçılar Teatrında baş tutub. Maraq doğuran tamaşadan sonra Universitetin rektoru professor Ahmet Saniç həvəskar aktyorları təbrik edib. Əsərin müəllifi Ə.Əmirli tamaşanın hazırlanmasında zəhməti olan hər kəsə təşəkkürünü bildirdi. Səhnə əsərinə sənətşünaslıq namizədi Zəminə Axundova quruluş verib, prodüseri Nəcəf Ələsgərovdur. Yeri gəlmişkən, bu tamaşa rejissorun və Teatr studiyasının Əli Əmirli yaradıcılığına ikinci müraciətidir. 2010-cu ildə dramaturqun “Ağqoyunlular və Qaraqoyunlular” dramı əsasında hazırlanan tamaşa Şamaxı, Sumqayıt və Xırdalan şəhərlərində nümayiş etdirilib.
http://525.az/view.php?lang=az&menu=6&id=29906
http://525.az/view.php?lang=az&menu=6&id=29906