Seyid Yəhya Bakuvi irsinin təbliği və “Şəfaül Əsrar” əsərinin təqdimatı ilə bağlı tədbir keçirilib
Azərbaycan Respublikası Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Avrasiya
Beynəlxalq Araşdırmaları İnstitutu” İB, MİRAS Mədəni İrsin Öyrənilməsinə
Kömək İB, Azərbaycanda Atatürk Mərkəzi, Dialoq və Əməkdaşlıq Uğrunda
İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi, Türkdilli
Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti və Türkiyənin
Beynəlxalq İnkişaf və Əməkdaşlıq Təşkilatı Seyid Yəhya Bakuvi irsinin
tanıdılması və təbliği istiqamətində silsilə tədbirlər hazırlayıb.
Silsilə tədbirlərin ilki bu gün – 20 aprel 2013-cü il tarixdə İçəri Şəhərdəki Şirvanşahlar Sarayı Kompleksində – Seyid Yəhya Bakuvinin türbəsi önündə “Seyid Yəhya irsinin tanıdılması və təbliği” adı ilə keçirildi. Tədbirdə Seyid Yəhya Bakuvinin “Şəfaül Əsrar” kitabının yenidən işlənmiş ikinci nəşrinin ictimaiyyətə təqdim olundu.
Tədbirdə çıxış edən millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu” İB-nin sədri dr. Qənirə Paşayeva,
Seyid Yəhya Bakuvi, onun “Şəfaül Əsrar” əsəri və habelə böyük
mütəfəkkirin özünün, onun sözügedən əsərinin tanıdılmasının gərəkliliyi,
bu işin mahiyyəti barədə fikirlərini bölüşdü. O, Azərbaycanın birinci
xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun
prezidenti millət vəkili Mehriban Əliyevanın səyi ilə 2013-cü ilin “Bakuvi ili” elan edilməsinin çox əlamətdar hadisə olduğunu qeyd etdi.
Qənirə Paşayeva mənşəcə Azərbaycan
türklərindən olan Seyid Yəhya Bakuvini Azərbaycanın tanınmış filosof
alim və şairlərindən biri, xəlvətilik təriqətinin ikinci qurucusu olaraq
xarakterizə etdi. Bakuvinin eyni zamanda xəlvətiliyin virdi olan “Virdü-Səttar”ın müəllifi olduğunu bildirən xanım Paşayeva,
Azərbaycan təsəvvüf məktəbində yetişən bu böyük mütəfəkkir alim və onun
inkişaf etdirərək yenidən təsis etdiyi xəlvətilik təriqətinin XV
yüzildən etibarən müsəlman aləmində böyük təsirə malik olduğunu, geniş
yayıldığını vurğuladı.
“Seyid Yəhya türk, ərəb, fars dilləri
olmaqla üçdilli zəngin təsəvvüfi-fəlsəfi və ədəbi əsərləri ilə dünyanın
bir çox ölkələrinin fəlsəfi fikir tarixinə təsir etmişdir” deyən Qənirə Paşayeva,
Bakuvinin əsərlərində onun fəlsəfi-dini düşüncəsi, təsəvvüfi anlayışı
barədə geniş bilgilərin olduğunu dedi. Xanım millət vəkili Bakuvi
irsinin görkəmli araşdırıcısı dos.dr. Mehmet Rıhtım bəyə və istər kitabın ərsəyə gəlməsində, istərsə də silsilə tədbirlərin keçirilməsində əməyi keçən hər kəsə təşəkkür etdi.
Sonra Dini Qurumlarla iş üzrə Komitənin şöbə müdiri Gündüz İsmayılov, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı Zöhrə Əliyeva, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İB-nin sədri dr. Fariz Xəlilli çıxış etdi. Daha sonra çıxış edən dos.dr. Mehmet Rıhtım silsilə tədbirlərin açılışndan, Bakuvinin “Şəfaül Əsrar”
əsərinin nəşrə hazırlanması prosesindən aldığı təəssüratları bölüşdü.
O, Bakuvi irsi, bu irsin, ilk növbədə onun tərəfindən sistemə salınmış
xəlvətilik təriqətinin dünyada yayılma arealı və Bakuvi irsinin
öyrənilməsinin perspektivi barədə söz açdı.
O, əlavə etdi ki, “Bakuviyə qədər
təsəvvüf sahəsində əsər yazan müəlliflər o qədər də çox deyildi.
Özəlliklə xəlvətilik təriqətinin sistemi və üsulları haqqında ondan öncə
yazılmış əsərlərə təsadüf edilmir. Demək olar ki, xəlvətilik
təriqətinin təqribən 200 illik üsul və prinsipləri ilk dəfə onun
tərəfindən yazıya alınmışdır. Hətta bu üsulların bir çoxu ilk dəfə Seyid
Yəhya tərəfindən müəyyənləşdirilərək tətbiq olunmuşdur.
Qeyd edək ki, 2013-cü ildə UNESCO-nun Baş
Konfransının 36-cı sessiyasında 2013-cü il “Seyid Yəhya Bakuvi ili”
elan edilib və Seyid Yəhya Bakuvinin irsinin dünya səviyyəsində
tanıdılması haqqında qərar qəbul edilib.
Seyid Yəhya Bakuvinin vəfatının 550
illiyi ilə bağlı qəbul edilən bu qərarla bir çox beynəlxalq və
respublika səviyyəsində tədbirlər həyata keçiriləcəkdir.
Filologiya elmləri üzrə fəlsəfə doktoru,
dos.dr. Mehmet Rıhtım tərəfindən nəşrə hazırlanan Bakuvinin “Şəfaül
Əsrar” əsərinin ikinci nəşri də, 2013-cü ilin UNESCO tərəfindən “Bakuvi
ili” elan edilməsi münasibəti ilə hazırlanmışdır.
Əsərin ikinci nəşrinə “önsöz” yazan
millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İB-nin sədri
dr.Qənirə Paşayeva qeyd edib ki: “…Mehmet Rıhtım Azərbaycan təsəvvüf
tarixinin, özəlliklə xəlvətilik sufi məktəbinin əsas tədqiqatçılarından
olub, Seyid Yəhya irsinin nəinki Azərbaycanda, həm də dünyada
tanıdılması üçün böyük əmək sərf edib və bu işi davam etdirməkdədir.
Belə ki, Seyid Yəhyanın “Şəfaül Əsrar” əsərinin Türkiyə türkcəsində
artıq iki nəşri işıq üzü görmüş, habelə alban və ingilis dillərinə
çevrilməsinə başlanmışdır.
“Şəfaül Əsrar” əsəri İslam
fəlsəfəsinin nadir əsərlərindəndir. Seyid Yəhya sanki bu əsərində kamil
insanı inşa etmək üçün yol, nizamnamə qoyub getmişdir. Bu yolda, el ağzı
ilə desək, şəyirdə ustad lazım olduğu kimi mərifət axtarışında olana
da, mütləq kamil insan, mürşid lazımdır deyən Seyid Yəhya murada çatmaq
üçün elm, ibrət almaq üçün göz, yola girib məqsədə çatmaq üçün isə
vasitənin önəmini vurğulayır. Seyid Yəhya kamil insanın yetişməsi üçün
yetmiş məqam müəyyənləşdirmiş, onları bütün əsəri boyunca sıralamışdır.”
“Avrasiya Beynəlxalq Araşdırmaları
İnstitutu” İB-nin dəstəyi ilə işıq üzü görən kitabın elmi redaktorları
fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə, filologiya elmləri doktoru,
professor Azadə Musayeva, redaoktorları filologiya elmləri doktoru,
professor Minəxanım Təkləli, filologiya elmləri üzrə fəlsəfə doktoru
Nəzakət Məmmədova, rəyçiləri isə filologiya elmləri doktoru, professor
Möhsün Nağısoylu, filologiya elmləri doktoru Kamandar Şərifli,
filologiya elmləri doktoru Səadət Şıxıyevadır.