Aprelin 3-də Təhsil Nazirliyində ənənəvi Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-AVRASİYA) iştirakçıları ilə görüş keçirilib.
Təhsil
naziri Misir Mərdanov dünyanın müxtəlif ölkələrindən Azərbaycana gəlmiş
iştirakçıları salamlayaraq bildirib ki, olimpiada Təhsil Nazirliyi,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti, “Çağ” Öyrətim İşlətmələri Şirkəti, İDEA, “İNEPO-AVRASİYA”
Ekologiya İctimai Birliyinin, İctimai Televiziya və Radio Yayımları
Şirkətinin təşkilatçılığı ilə keçirilir. Nazir olimpiadasının
keçirilməsinin məqsədinin dünyada və Azərbaycanda mövcud olan ekoloji
problemlərin həlli, eləcə də ətraf mühitin mühafizəsi istiqamətində
görülmüş işlərlə bağlı gənc nəslin məlumatlandırılması, ekoloji
biliklərin inkişaf etdirilməsi və mədəni, tarixi, eləcə də sosial
estetik dəyərləri qorumaqdan ibarət olduğunu qeyd edib.
Misir
Mərdanov Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının
2007-ci ildən başlayaraq keçirildiyini və iştirakçı ölkələrin sayının
ildən-ilə artdığını vurğulayıb. Bu il keçirilən olimpiadanın
coğrafiyasının çox geniş və əhatəli olduğunu qeyd edən təhsil naziri
Azərbaycanla yanaşı, dünyanın 45 ölkəsindən 500-dək şagirdin yarışmada
iştirak etdiyini bildirib. Nazir olimpiadanın yekununda daha güclülərin
qalib gələcəyinə və iştirakçıların hər birinin Azərbaycandan xoş
təəssüratla ayrılacağına əminliyini ifadə edib. Aprelin 5-də açılış
mərasimi olacaq olimpiadaya Azərbaycanın 180 orta məktəbindən daxil olan
214 layihədən 78-nin, digər ölkələrdən təqdim edilən 625 layihədən isə
52-nin seçilməsi barədə məlumat verən Misir Mərdanov həmin layihələr
arasından qaliblərin müəyyənləşdiriləcəyini nəzərə çatdırıb.
Olimpiadanın
ölkəmizin daha yaxından tanınmasında, müxtəlif ölkələrdən gələn
şagirdlərin Azərbaycan haqqında yeni biliklər əldə etməsində mühüm
əhəmiyyətini nəzərə çatdıran təhsil naziri bu tədbirin təşkilində əməyi
olan şəxslərə təşəkkürünü bildirib.
Misir
Mərdanov olimpiada iştirakçılarına Azərbaycanla, xüsusilə Bakı şəhəri
ilə yaxından tanış olmağı, azərbaycanlı müəllim və şagirdlərlə dostluq
əlaqələri yaratmağı tövsiyə edib. Çıxışının sonunda nazir olimpiada
iştirakçılarına uğurlar arzulayıb və bütün ölkələrin yarışmanın yekun
mərhələsinə qatılmış təmsilçilərinin əməyini yüksək dəyərləndirib.
Sonra
Nepal, Anqola, İndoneziya, Əfqanıstan, Tailand və digər ölkələrdən olan
iştirakçılar görüşdən məmnun olduqlarını nəzərə çatdırıb, göstərilən
səmimi münasibətə görə təşəkkürlərini bildiriblər.
Görüşdə
“Çağ” Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən
və Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsud Kurnaz
da iştirak ediblər.
http://www.edu.gov.az/view.php?lang=az&menu=9&id=6575
http://www.edu.gov.az/view.php?lang=az&menu=9&id=6575