Özümüzü kəsən qılınc" tamaşası Gənc Tamaşaçılar Teatrının səhnəsində
Aprelin
3-də Qafqaz Universiteti Mədəniyyət şöbəsi Dram dərnəyi üzvlərinin
xalq şairi Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" tarixi-faciəvi
tamaşası Gənc Tamaşaçılar Teatrında nümayiş etdirildi. Tamaşaçıların
maraqla izlədikləri tamaşa qədim türk xalqlarının tarixi keçmişini,
zəngin dövlətçilik ənənələrini özündə əks etdirirdi. Sənətşünaslıq üzrə
fəlsəfə doktoru Zəminə Axundovanın quruluş verdiyi tamaşada göy
türklərin minillik tarixi keçmişindən söhbət açılsa da, həvəskar
aktyorlar Bəxtiyar Vahabzadənin əsrləri adlayan hadisələrə yeni
təfəkkürlə yanaşaraq, başımıza gələn faciələri və onları doğuran
səbəbləri göstərmə məqsədini məharətlə çatdıra bildilər.
Gənclər
ifaçılıq bacarığı, istedadı ilə tamaşaçıları əfsunlayıb, öz sehrinin
cazibə qüvvəsinə saldılar. Yaradıcı gəncləri böyük həvəslə izləyən, hər
birini səhnədə ayrılıqda təbrik edən universitetin rektoru Prof.Dr.
Ahmet Saniç onların əməyini səmimi sözlərlə yüksək dəyərləndirdi. Çağ
Öyrətim İşlətmələri şirkətinin prezidenti Dr. Ənvər Özərən tamaşanın
tərbiyəvi əhəmiyyətini xüsusilə vurğulayaraq, gənclərə müraciətlə
tövsiyə etdi: “Bu gün sürəkli alqışlarla izlədiyimiz bu tamaşa bir
tarixdir. Tarixin acı dərslərindən ibrət almaq lazımdı. Bu millətin
taleyini, gələcəyini düşünək! Hamımızın izi qalacaqdır bu millətin
yaddaşında! Özümüzü kəsən qılınc olmayaq”
Tamaşanın
premyerası Bəxtiyar Vahabzadənin vəfatının 4-cü ildönümü münasibətilə
sənətkarın doğulduğu Şəki şəhərində, şəhər musiqi kollecində, daha
sonra Mingəçevir şəhər Dövlət Dram Teatrında nümayiş etdirilmişdi.