Millət vəkili Qənirə Paşayeva Seyid Yəhya Bakuvinin “Şəfaül Əsrar” kitabına ön söz məqaləsi yazıb

Millət vəkili Qənirə Paşayeva filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Mehmet Rıhtım tərəfindən hazırlanan Seyid Yəhya Bakuvinin “Şəfaül Əsrar” kitabına ön söz məqaləsi yazıb.

“Qafqazinfo” həmin yazını təqdim edir:

Millət vəkili “Ustad kitabi: şəfali sirrlər, sirli şəfalar...Çağrı və ümid “başlıqlı məqaləsində bildirir ki, Azərbaycan tarixən könül dostlarının yurdu olub. Bəlli olduğu kimi, Veysəl Qarani ilə başlayan sevgi bağları sufiliklə məktəbləşmişdir. Sührəverdilik, zahidilik, səfəvilik, xəlvətilik, onun şöbələri rövşənilik, gülşənilik və nəqşibəndliyin qafqaz qolu Azər¬baycanın hansı sevgi mirasına sahib olduğunu göstərir.

Dünyanın tolerantlıq, dialoq, xoşgörü və sevgidən tez-tez danışdığı son illərdə bizim də dönüb keçmişimizə yenidən nəzər salmağımız lazımdır. Bu gün dünyanın hər qitəsinə məhz Azərbaycandan, Lənkərandan, Şamaxıdan, Bakıdan yayılan xəlvətilik məktəbini, onun yaradıcılarını və sevənlərini nə qədər tanıyırıq? 40-dan çox qola, yüzlərcə şöbəyə malik Azərbaycan əsilli xəlvətilik məktəbi yüzillərlə Qafqaz, Anadolu, Balkanlar, Misir, Əlcəzair, Mərakeş, Sudan, hətta İtaliya, Braziliya, ABŞ və başqa ölkələrdə, bölgələrdə öyrədilmişdir, öyrədilməkdədir..!
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə YUNESKO 2013-cü ili Seyid Yəhya Bakuvi ili elan etməklə bizə bu dəyərlərimizə yenidən nəzər salmaq, sahiblənmək və yaymaq imkanı vermiş, bizi öz dəyərlərimizə yenidən – daha dərindən baxmağa sövq edib.
Bu anlamda, tarixçi alim, Qafqaz Universitetinin Qafqaz Araşdırmaları İnstitutunun direktoru, Dos.Dr. Mehmet Rıhtımın araşdırmalarını özəlliklə və şükranlıqla qeyd etmək gərəkdir. Ayrıca, onun öz tədqiqatlarına zaman keçdikcə yeni gözlə baxması, əldə etdiyi yeni qaynaqlardan, yeni bilgilərdən yararlanaraq, əsərlərini yenidən işləməsi, zənginləşdirməsi oxucunun həm onun özünə, həm də ilk növbədə tədqiqatlarına diqqət və marağını artırır. Hörmətli alimimizin tədqiqatları bir daha sübut edir ki, “bəşəriyyətin formalaşdırdığı dəyərlər sistemi içərisində Azərbaycan türklərinin öyünüləsi dərin izləri vardır” fikri güclü əsaslara malikdir. Bu izlər bizi millətlər içərisində var edən, İslam ümmətinin böyüməsində və yayılmasında böyük önəm daşıyan izlərdir. Zaman-zaman fərqli quruluşlarda, fərqli rejimlərdə yaşasaq da, yad təsirlər bu izlərdən bizi tam qopara bilməyib. Etiraf edirik ki, uzaq düşmüşük o dəyərlərdən, amma üzülməmişik, necə deyərlər, “haqq nazilər, üzülməz”...
Pak və təmiz bir soydan gələn, özümüzdən olan, sevgiyi, məhəbbəti, mərhəməti, şəfqəti əsas götürən, əsərlərinin bəzisini şirin Azərbaycan türkcəsində qələmə alan Seyid Yəhya Bakuvinin XV yüzildə yazdığı və kamil insan modelini işlədiyi “Şəfaül-Əsrar” (“Sufiliyin sirləri”) əsərini oxuduqca necə böyük mənəvi-mədəni irsə sahib olduğumuzu bir daha – belə deyək, kitabı ilə-dəftəri ilə əyani şəkildə görürük.
Əziz oxucu, əlinizdəki kitabı uzun illərin əməyinin bəhrəsi kimi nəşrə hazırlayan Dos.Dr. Mehmet Rıhtım əsərin çevirisi ilə yanaşı, onun yorumunu da sizlərə təqdim edir. Seyid Yəhyanın üslubu sax¬lanılmaqla əsərin çevirisi və izahlarda son dərəcə dəqiqlik və səliqəliliyə əməl edildiyi aydın görünür. Mehmet Rıhtım Azərbaycan təsəvvüf tarixinin, özəlliklə xəlvətilik sufi məktəbinin əsas tədqiqatçılarından olub, Seyid Yəhya irsinin nəinki Azərbaycanda, həm də dünyada tanıdılması üçün böyük əmək sərf edib, etməkdədir. Belə ki, Seyid Yəhyanın “Şəfaül Əsrar” əsərinin Türkiyə türkcəsində artıq iki nəşri işıq üzü görmüş, habelə alban və ingilis dillərinə çevrilməsinə başlanmışdır.
“Şəfaül Əsrar” əsəri İslam fəlsəfəsinin nadir əsərlərindəndir. Seyid Yəhya sanki bu əsərində kamil insanı inşa etmək üçün yol, nizamnamə qoyub getmişdir. Bu yolda, el ağzı ilə desək, şəyirdə ustad lazım olduğu kimi mərifət axtarışında olana da, mütləq kamil insan, mürşid lazımdır deyən Seyid Yəhya murada çatmaq üçün elm, ibrət almaq üçün göz, yola girib məqsədə çatmaq üçün isə vasitənin önəmini vurğulayır. Seyid Yəhya kamil insanın yetişməsi üçün yetmiş məqam müəyyənləşdirmiş, onları bütün əsəri boyunca sıralamışdır.

Əsər “Quran” ayələri və onların təfsirləri, Hz. Peyğəmbərin (s.a.s.) hədisləri, hikmətli sözlər və kəlamlarla zəngin olub, onun ürfani-fəlsəfi məktəbinin əsaslarının açıqlanmasında istifadə edil¬mişdir. Seyid Yəhyanın zəmanəsinin ruhuna və ədəbinə uyğun qələmə aldığı “Şəfaül-Əsrar” əsəri Azərbaycanın təsəvvüf tarixində özünəməxsus yer tutmaqla yanaşı, həm də xüsusi mərhələdir.
Mən yaranmış bu tarixi şəraitdən istifadə edib, Azərbaycanın uyğunprofilli dövlət qurumlarını, qeyri-hökumət təşkilatlarını, xeyirxah insanları babalarımızın maddi və mənəvi mirası olan xəlvətilik məktəbi və onun Azərbaycandakı qalıqlarının üzə çıxarılması, qorunması, yayılması yönündə çalışmalarını artı¬r¬mağa və birləşdirməyə çağırıram.
Yazımı da elə bu çağrı, bu ümidlə qurtarmaq istəyirəm. Necə ki, bütün kitablı dinlərdə, təriqətlərdə də çağrı var, ümid var!...
Haqq çağrıya cavab verilər, haqq yolda yürünər!
Aqibətimiz xəyr olsun!
http://www.qafqazinfo.az/site/Q%C6%8FNIR%C6%8F_PA%C5%9EAYEVA_M%C6%8FQAL%C6%8F_YAZDI-40850-xeber.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF