11 Nisan 2013 Perşembe

Seyid Yəhya Şirvani ilə bağlı seminarlara start verildi

 MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2013-cü il aprelin 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Seyid Yəhya Şirvani Bakuviyə həsr olunmuş mədəni irs seminarı keçirdi.
Məlum olduğu kimi, islamda xəlvətilik sufi məktəbinin qurucularından sayılan Seyid Yəhya Şirvaninin ölümündən 550 il keçir. Bununla bağlı olaraq, YUNESKO 2013-cü ili Seyid Yəhya ili elan edib.
MİRAS İctimai Birliyi də bu il çərçivəsində silsilə tədbirlər keçirməyi planlaşdırır. Azərbaycan Dövlət Pedaqoji İniversitetində keçirilən seminar da bu qəbildən olan ilk tədbir idi.
Tədbiri universitetin elmi işlər üzrə prorektoru, professor Vilayət Əliyev açaraq MİRAS İctimai Birliyinin mədəni irsin öyrənilməsi və təbliği sahəsindəki fəaliyyətini yüksək qiymətləndirdi.
MİRAS İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Seyid Yəhya Şirvani haqqında tədbir iştirakçılarına məlumat verdi və seminarın məqsədindən danışdı.
Daha sonra Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutunun direktoru, Seyid Yəhya irsinin tədqiqatçısı, dosent, Mehmet Rıhtım “Seyid Yəhya Şirvani Bakuvi. Könül dünyamızı aydınladanlar” mövzusunda geniş məruzə ilə çıxış etdi.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, akademik Vəli Əliyev, Qafqaz Universitetinin professoru Minəxanım Niriyeva Təkləli, universitetin müəllimləri, tələbələr, MİRAS üzvləri, KİV təmsilçiləri və başqa qonaqlar iştirak edirdilər.