Bakıda “Kimya və kimya texnologiyalarının aktual problemləri” mövzusunda 1-ci Beynəlxalq konfransı keçirilir

Bakı, 18 aprel (AzərTAc). “Gülüstan” sarayında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Kimya və kimya texnologiyalarının aktual problemləri” mövzusunda 1-ci Beynəlxalq konfransı keçirilir.

AzərTAc xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları və yerli mütəxəssislərlə yanaşı, ABŞ, Kanada, Türkiyə, Rusiya, Norveç, İsveçrə, İngiltərə, Gürcüstan, Almaniya və digər ölkələrdən neft-kimya mütəxəssisləri də iştirak etmişlər.
Təhsil naziri Misir Mərdanov konfrans iştirakçılarını salamlayaraq bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş bu möhtəşəm elmi tədbirə 13 ölkədən 80-dən çox alim və kimya sənayesi üzrə ixtisaslaşmış mütəxəssis qatılmışlar.
Qeyd olunmuşdur ki, konfrans müxtəlif ölkələrin alimlərini kimya texnologiyaları mövzusu ətrafında birləşdirəcək və elmi nailiyyətlərin əldə olunmasına əhəmiyyətli köməklik göstərəcəkdir. Azərbaycanda kimya elminin inkişaf etməsində Y.Məmmədəliyev, B.Dadaşov, Ə.Quliyev kimi alimlərin böyük rolu olmuşdur. Bu alimlər Azərbaycanda qabaqcıl kimya məktəbinin formalaşmasının əsasını yaratmış və dünya kimya elminə dəyərli töhfələr vermişlər.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə demişdir ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən aparıcı elm ocaqlarının nümayəndələrinin beynəlxalq konfransda iştirak etməsi onun yüksək statusa malik olmasından xəbər verir.
Bildirilmişdir ki, Azərbaycan qədim zamanlardan neft ölkəsi olmuşdur. Lakin neftin sənaye üsulu ilə emalı XIX əsrdən başlanmışdır. Azərbaycana 1970-ci illərdə rəhbərlik edən ulu öndər Heydər Əliyev kimya elminin inkişafına böyük diqqət və qayğı göstərmişdir. Heydər Əliyev neft-kimyası sənayesini ekologiyanı qorumaqla inkişaf etdirirdi və buna görə də yeni texnologiyaların tətbiqinə üstünlük verirdi. Bu gün Sumqayıtda fəaliyyət göstərən etilen-propilen zavodu həmin illərdə yüksək ekoloji standartlara uyğun və yeni texnologiyaların tətbiqi ilə inşa edilmişdir.
Müstəqillik illərində yeni neft strategiyasını hazırlayıb həyata keçirən Heydər Əliyev “Azəri-Çıraq-Günəşli” kimi zəngin neft ehtiyatına malik yataqlar blokunun işlənməsinin əsasını qoymuş, Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilməsinə nail olmuşdur.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev yeni neft strategiyasını uğurla davam etdirir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmov qeyd etmişdir ki, adətən kimya elmi ilə əlaqədar keçirilən elmi konfranslar D.Mendeleyevin, Y.Məmmədəliyevin adları ilə bağlı olurdu. Lakin 1-ci Beynəlxalq “Kimya və kimya texnologiyalarının aktual problemləri” konfransının ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilməsi xüsusi ilə əhəmiyyətli və vacibdir. Ona görə ki, Azərbaycanda kimya sənayesinin və kimya elminin inkişafı məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Sonra Azərbaycan Neft Akademiyasının rektoru Siyavuş Qarayev, Qafqaz Universitetinin rektoru Əhməd Sanıç və başqaları çıxış edərək Azərbaycanda neft kimyasının inkişafından danışmışlar.
Beynəlxalq konfransda neft-kimya sənayesinin perspektiv inkişafı, yeni layihələrin həyata keçirilməsi, müasir kimya texnologiyalarının öyrənilməsi və tətbiq edilməsi məsələləri ətrafında müzakirələr aparılacaqdır. Neft kimyasının nəzəri və praktik məsələləri, fiziki və analitik kimyanın aktual problemləri, kimya sahəsində müasir elmi-tədqiqatlar, ekoloji təmiz, zərərsiz kimyəvi-innovativ texnologiyalar və digər aktual məsələlərlə bağlı çıxış və məruzələr dinləniləcək, diskussiyalar təşkil olunacaqdır.
Konfrans öz işini aprelin 20-dək Qafqaz Universitetində, “Azərikimya” İstehsalat Birliyində və Azərbaycan Dövlət Neft Akademiyasında davam etdirəcəkdir. Plenar iclaslarda yeni əsr kimyasının aktual sahələri - qeyri-üzvi maddələrin və kompleks birləşmələrin kimyası, funksional nanomateriallar və yüksək təmizlikli maddələrin texnologiyası, üzvi və bioloji kimyanın aktual problemləri, tibbi kimya, bioloji aktiv maddələrin kimyası və texnologiyası, «yaşıl kimya» və ətraf mühitin mühafizəsi, qida və təbii məhsullar kimyası və s. üzrə 70-ə qədər məruzə dinləniləcəkdir.
Aprelin 21-də qonaqların Azərbaycanın paytaxtı Bakı şəhərinin görməli yerləri, tarixi memarlıq abidələri ilə tanışlığı nəzərdə tutulmuşdur.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF