Aprelin 17-də “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Kimya və kimya texnologiyalarının aktual problemləri” mövzusunda 1-ci Beynəlxalq konfrans işə başlayıb.
Təhsil
Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkətinin dəstəyi, Qafqaz
Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət
Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı
filialı və digər qurumların təşkilatçılığı ilə keçirilən konfransda
yerli mütəxəssislərlə yanaşı, ABŞ, Kanada, Türkiyə, Rusiya, Norveç,
İsveçrə, İngiltərə, Gürcüstan, Almaniya və digər ölkələrdən neft-kimya
mütəxəssisləri də iştirak edirlər.
Beynəlxalq
konfransda neft-kimya sənayesinin perspektiv inkişafı, yeni layihələrin
həyata keçirilməsi, müasir kimya texnologiyalarının öyrənilməsi və
tətbiq edilməsi məsələləri ətrafında müzakirələr aparılacaqdır.
Tədbirdə
neft kimyasının nəzəri və praktik məsələləri, fiziki və analitik
kimyanın aktual problemləri, kimya sahəsində müasir elmi-tədqiqatlar,
ekoloji təmiz, zərərsiz kimyəvi-innovativ texnologiyalar və digər aktual
məsələlərlə bağlı çıxış və məruzələr dinləniləcək, diskussiyalar təşkil
olunacaqdır.
Beş
gün davam edəcək beynəlxalq konfransın açılış mərasimində təhsil naziri
Misir Mərdanov çıxış edərək bildirib ki, bu tədbir xaricdən gələn
nüfuzlu alimlərlə Azərbaycanda bu sahədə çalışan mütəxəssislər arasında
əlaqələrin yaranmasına, birgə tədqiqat işlərinin aparılmasına imkan
verəcək. Konfransda dünyanın 12 ölkəsindən 100-dək mütəxəssisin iştirak
etdiyini söyləyən nazir Azərbaycan elminin inkişafı baxımından
konfransın əhəmiyyəti barədə fikirlərini bildirib. Təhsil naziri,
həmçinin bu konfransın kimya elminin və kimya mühəndisliyinin inkişafına
çox böyük təkan verəcəyini nəzərə çatdırıb.
Daha
sonra çıxış edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov,
Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayev, Qafqaz
Universitetinin rektoru Əhməd Saniç, Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü Vaqif Abbasov, Bakı Ali Neft Məktəbinin
rektoru Elmar Qasımov, ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadə,
“Azərikimya” İstehsalat Birliyinin rəhbəri Muxtar Babayev və başqaları
bildiriblər ki, bu konfransın keçirilməsi Azərbaycanın həm bugünkü
tərəqqisi, həm də gələcəkdə sənaye potensialının inkişafı üçün vacib
əhəmiyyət kəsb edir.