Azərbaycanın ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadasının birinci mərhələsi başa çatıb

Heydər Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirliklərinin təşkilatçılığı ilə Qafqaz Universitetində 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan "Ali məktəb tələbələri arasında informatika üzrə respublika olimpiadası"nın birinci mərhələsi keçirilib.

Ümumrespublika olimpiadasının açılış mərasimində Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, tələbələr arasında sözügedən yarış ənənəvi olaraq hər il keçirilir. Yarışın artıq 8-ci dəfə düzənləndiyini vurğulayan nazir müavini 2013-cü ilin «İKT ili» elan olunduğunu xatırladaraq olimpiadanın birinci mərhələsində 13 ali təhsil müəssisəsindən 48 komandanın güclərini sınayacağını söyləyib: «Bu yarışda paytaxtla yanaşı, bölgələrdəki ali məktəblərin tələbələri də biliklərini yoxlayacaqlar. Əminik ki, bu olimpiada tələbələrimiz arasında informasiya-kommunikasiya texnologiyalarına, xüsusən də proqramlaşdırmaya olan marağı daha da yüksəldəcək».

Azərbaycanda hər sahədə olduğu kimi, rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində də çoxşaxəli və kompleks işlərin aparıldığını vurğulayan E.Vəlizadənin sözlərinə görə, burada əsas məqsəd İKT-nin dinamik inkişaf edən iqtisadi sahəyə çevrilməsidir. Bununla da Azərbaycan müəssisələri, şirkətləri daxili tələbatı ödəməklə yanaşı, həm region, həm də qlobal bazarlarda öz məhsulları ilə iştirak edə bilsinlər:

«İkinci məqsədimiz bundan ibarətdir ki, İKT-nin inkişafı ölkəmizin bütün sahələrdə inkişafına töhfə versin. Bütün bunların da həyata keçirilməsi üçün bizim istedadlı, savadlı gənclərə ehtiyacımız var». Azərbaycanda gənclərin təşəbbüslərinin reallaşdırılması üçün yeni imkanların yaradıldığını vurğulayan nazir müavini ölkədə texnoparkın formalaşdırıldığını xatırladıb. Onun sözlərinə görə, texnoparkın əsas funksiyası ondan ibarətdir ki, gənclərimiz yeni ideyalarla «startup»lar, şirkətlər yaradarlarsa, hətta elmi-tədqiqat nəticələrini istehsalatda tətbiq etmək istəyərlərsə, burada onu reallaşdıra bilsinlər.

Azərbaycan dövlətinin hər zaman onların yanında olacağını vurğulayan E.Vəlizadə deyib ki, bütün bunlar da gənclərə bir mütəxəssis kimi yetişdikdən sonra böyük imkanlar yaradır: «Azərbaycan mütəxəssislərinin ideyalarını dəstəkləmək, onların maliyyə məsələlərini həll etmək üçün İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılıb. Burada şirkətlərin fəaliyyəti üçün kreditlər ayrıla bilər. Üstəlik, fonddan qrantların verilməsi də nəzərdə tutulub. Yəni Azərbaycan dövləti öz vətəndaşı, öz gənci üçün bütün şəraiti yaradıb. Bu işdə bütün dövlət qurumları da tələbələrə kömək etməyə hazırdır. Gənclərdən tələb olunan isə bir mütəxəssis kimi yetişmək və yeni ideyalarını irəli sürməsidir».

Qeyd edək ki, olimpiadanın ikinci – final mərhələsi AMEA-nın İnformasiya Texnologiya İnstitutunda keçiriləcək.

Tədbirdə digər çıxış edənlər olimpiada barədə fikirlərini bildirərək, iştirakçılara uğurlar arzulayıblar.

SEYMUR 
http://ictnews.az/read.php?lang=1&content=23166 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF