Qafqaz Universitetində "Startup Azərbaycan" layihəsi çərçivəsində universitet rəhbərliyi görüşü keçirilib
Qafqaz Universitetində "Startup Azərbaycan" layihəsi çərçivəsində universitet rəhbərliyi görüşü keçirilib. Publika.Az-ın verdiyi xəbərə görə, görüşdə universitetin İT sahəsi üzrə müəllim və tələbələri ilə birgə Toplantı təşkil edilib.
Görüşdə Qafqaz Universitetinin rektoru Ahmet Saniç "Startup Azərbaycan" komandasının üzvlərini qəbul edib. Universitetin Texnopark müdiri İsa Qasımov və Kompüter Mühəndisliyi departamentinin rəhbəri Abzətddin Adamov, Startup Azərbaycan Təşkilat Komitəsinin üzvləri Osman Gündüz, Ülvi Aslanov və Ayaz Quliyev iştirak ediblər.
Llayihə haqqında məlumat verilib və gələcək əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.Görüşdən dərhal sonra Universitetin tələbə və müəllimlərinin iştirakı ilə geniş Toplantı keçirilib. Təşkilat Komitəsini üzvü Osman Gündüz və Ülvi Aslanov Toplantı iştirakçılarına Startup Azərbaycan layihəsi haqqında geniş məlumat veriblər. Müsabiqədə iştirak qaydaları haqqında, layihələrin qiymətləndirilməsi , investorlarla münasibətlərin qurulması ilə bağlı məlumatlar verilib. Toplantı iştirakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Sonra toplantı iştirakçılarına konkret bir startup layihəsinin formalaşması, maliyyələşməsi və inkişafı ilə bağlı nümunə təqdim edilib. Multibon layihəsi ilə bağlı Orxan Əhmədov təqdimat edib. O təqdimatında adı çəkilən layihənin ərsəyə gəlməsi, investor tapılması, İnternet bazarındakı yeri və inkişaf perspektivləri ilə bağlı maraqlı məlumatlar təqdim edib . Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
"Startup Azərbaycan" TK bildirir ki, aprelin 20-də Xəzər Universitetində və aprelin 27-də Sumqayıt şəhərində belə toplantıların keçirilməsi nəzərdə tutulub.
Startup Azərbaycan Layihəsinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dəstək verir.
http://www.publika.az/index.php?action=static_detail&static_id=46056&sub_id=12