Seyid Yəhya Şirvani ilə bağlı beynəlxalq simpozium keçiriləcək
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai
Birliyi xəlvətilik təriqətinin Yaxın və Orta Şərqdə ən böyük təmsilçisi
kimi tanınan Seyid Yəhya Şirvani ilə bağlı beynəlxalq simpozium təşkil
edəcək.
YUNESKO-nun “Seyid Yəhya ili” olaraq elan etdiyi 2013-cü il böyük mütəfəkkirin vəfatının 550-ci ildönümüdür.
İctimai Birliyin sədri Fariz Xəlilli “Media forum” saytına
açıqlamasında bildirib ki, simpozium Qafqaz Universiteti və “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birlikdə təşkil ediləcək.
Tədbirin dəqiq tarixi Qafqaz Universitetinin Qafqaz Araşdırmalar
İnstitutu və Türkiyənin bir neçə universiteti birgə müəyyən edəcək.
Fazil Xəlili Seyid Yəhya Şirvani ilə əlaqədar Türkiyədə də böyük
simpozium keçiriləcəyini deyib: “Təşkilatın bu il keçiriləcək
seminarlarının böyük hissəsi Seyid Yəhya Şirvaniyə həsr olunacaq. Həmin
tədbirlərdə Seyid Yəhya irsinə aid mövzulara yer veriləcək. “Miras”
Seyid Yəhyanın Şamaxıda və rayonun digər ərazilərində qalan türbələrinin
bərpası ilə bağlı təkliflər planı da hazırlayıb Mədəniyyət və Turizm
Nazirliyinə və digər qurumlara təqdim edəcək. Xəlvətilik haqqında
məlumatların əks oluduğu broşürlər də hazırlanacaq”.
Fariz Xəlilli Seyid Yəhya Şirvani irsinin təkcə Azərbaycanda deyil,
Türkiyədə, bir çox Avropa ölkələrində, Balkan yarımadasında və Şimali
Afrikada da kifayət qədər tanındığını deyib: “Xəlvətiliyin kökündə
insanların Allaha daha çox yaxınlaşması, insanlar arasında mənəviyyatın
yüksəldilməsi, pisliyin aradan qaldırılması, əxlaqın cəmiyyətdə ön plana
keçməsi dayanır. Şirvanşahlar sarayında ayrıca hücrələri olan məscidlər
var. Bu hücrələr xəlvətxanalardır. Bir sufi öz nəfsini tərbiyə etmək,
hansısa mərtəbəyə çatmaq üçün mütləq o xəlvətxanada qırx gün qalmalı
idi. Bu ənənələr illərlə davam edib, şeyxin nəzarəti altında həyata
keçirilib”.
Birlik sədri əlavə edib ki, 15-ci əsrdə xəlvətilik yenidən meydana
çıxanda islam dünyası böyük bir problemlə qarşılaşmışdı: “Monqollar bu
ərazilərə yürüş etmiş, bütpərəstlik yenidən geri qayıtmışdı. Eyni
zamanda xristianlıq da öz təsirini göstərirdi. Belə bir vəziyyətdə
cəmiyyətdə həm islamın, həm də digər mənəvi məsələlərin yenidən ön plana
çıxması üçün Seyid Yəhya Şirvani, Pir Ömər Avaxlı Şirvani, İbrahim
Zahid Gilani kimi yenilikçi insanlar meydana çıxdı. Onlar əxlaq,
mənəviyyat məsələləri ilə bağlı ciddi fəlsəfi əsərlər yazmış
alimlərimizdir”.
Fariz Xəlilli qeyd edib ki, xəlvətilik təriqətinin yaradıcıları
İbrahim Gilani və Ömər Avaxlı Şirvani olsa da, Seyid Yəhya Şirvaninin
yenidən təsis etdiyi xəlvətilik XV əsrdən etibarən ədəbi, fəlsəfi,
ictimai və siyasi sahələrdə böyük təsirə malik olub və müsəlman aləmində
geniş yayılıb: “Seyid Yəhya Şirvani bölgələrə mürşidlər göndərməklə
xəlvətiliyi məhəlli təriqət xarakterindən çıxardaraq dünyaya yaymağı
bacarıb. Ona qədər bu cərəyan yalnız Şirvanda mövcud olub, lokal
xarakter daşıyıb. İndi dünyanın hər yerində xəlvətilik sufi məktəbinin
daşıyıcıları Seyid Yəhya Şirvaninin qoyub getdiyi əsərləri oxuyur. Ona
təkcə xəlvəti şeyxi kimi yox, islam fəsləfəsinin və dünyagörüşünün
əsaslarını müəyyənləşdirən insanlardan biri kimi baxmaq olar”.
"Media forum
http://www.mediaforum.az/az/2013/01/15/Seyid-Yəhya-Şirvani-ilə-bağlı-beynəlxalq-simpozium-0444