Qafqaz Universitetində önəmli anlaşma
Bu özəl ali məktəblə Türkiyənin Giresun Universiteti arasında memorandum imzalanıb
Azərbaycanda səfərdə olan Türkiyə Ali Təhsil Şurasının (Yüksək Öyrətim Kurulu) sədri Gökhan Çetinsayanın rəhbərlik etdiyi nümayəndə heyəti Qafqaz Universitetində olub. Təhsil Nazirliyi nümayəndələrinin, alimlərin, təhsil işçilərinin, tələbələrin iştirak etdikləri görüşdə əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib. Qafqaz Universitetinin fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
Tədbirdə Qafqaz Universitetinin rektoru, professor Ahmed Sanic çıxış edərək Azərbaycanla Türkiyənin tarixi birliyindən, mehriban qardaşlıq münasibətlərindən danışıb. Rəhbərlik etdiyi universitetin beynəlxalq əlaqələrindən bəhs edən rektor bildirib ki, Təhsil Nazirliyinin universitetə verdiyi pilot ali məktəb statusu bir çox yeniliklərin həyata keçirilməsi üçün şərait yaradır. Belə ki, universitet dünyanın qabaqcıl ölkələrində uğurla sınaqdan çıxmış kreditli təhsil sistemini tətbiq edir: “Birinci tədris ilində həyata keçirilən dil hazırlığı ilə birlikdə universitetdə təhsil müddəti 5 ildir. Bu müddət ərzində tələbələr seçdikləri ixtisasın xüsusiyyətləri nəzərə alınmaqla iki və ya üç xarici dili yüksək səviyyədə öyrənmək imkanı əldə edirlər. Mövcud bölmələrin tədris planlarında nəzərdə tutulmuş əsas və əlavə xarici dillərdən imtahanda tələb olunan keçid balını toplayan, TOEFL və bənzəri imtahanlarda müvafiq şəhadətnamə almış tələbələr birbaşa 2-ci kursda təhsilə başlayırlar. 2002-2003-cü tədris ilindən etibarən ixtisas fənlərinin ingilis dilində tədrisinə başlayan universitet yetişdirdiyi tələbələrin ixtisas, xarici dil və kompüter biliklərinə yiyələnmələrinə müstəsna əhəmiyyət verir”.
Görüşdən məmnunluğunu bildirən Gökhan Çetinsaya Türkiyə-Azərbaycan əlaqələrinin, o cümlədən, təhsil sahəsindəki əməkdaşlığın əhəmiyyətindən danışıb. Müasir dünyada təhsilin mühüm rolunu qeyd edən qonaq ölkələrimiz arasında təhsilin inkişafı üçün birgə proqramların reallaşdırılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Sonda Qafqaz Universiteti ilə Türkiyənin Giresun Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb və qonağa rektor tərəfindən fəxri plaket təqdim olunub.
Bəhruz
http://www.hafta-ichi.az/news.php?id=84446