20 yanvar faciəsi “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrində qeyd olunub
Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış 20 Yanvar
hadisələrindən 23 il keçməsinə baxmayaraq, xalqımızın öz şəhidlərinə
olan ehtiram və sevgiləri ildən-ilə keçdikcə daha da böyüyür. Hər il
yüz minlərlə insan o qanlı gecəni xatırlayaraq şəhidlərin ruhuna dualar
oxuyur.
Bununla əlaqədar olaraq “Çağ” Öyrətim İşlətmələrinin tədris
müəssisə rəhbərləri Azərbaycan -Türkiyə Özəl Liseyləri Baş İdarəsinin
rəisi Mesut Kurnaz, Bakıdakı liseylərimizin müdirləri və şagird
kollektivi qəhrəman oğul və qızlarımızın xatirəsini yad etmək üçün
Şəhidlər Xiyabanını və Xiyabandakı Türk əsgərlərinin xatirəsinə
ucaldılmış abidəni də ziyarət ediblər.
Onlar Vətən uğrunda canlarından
keçmiş qəhrəmanlarımızın məzarları üstünə təzə-tər qərənfillər düzüblər.
20 Yanvar faciəsinin anım günü “Çağ”
Öyrətim İşlətmələrinin bütün müəssisələrində də qeyd olunub. Bununla
əlaqədar olaraq Azərbaycan -Türkiyə Özəl Liseylərində keçirilən
konfranslarda, tədbirlərdə iştirak edən müəllim və şagirdlər, eləcə də
valideynlər əvvəlcə şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad
ediblər.
Tədbirlərdə çıxış edən müəllim və valideynlər keçən əsrin
sonlarında baş vermiş bu faciənin kökləri və səbəbləri barəsində ətraflı
məlumat verərək bildiriblər ki, bu tarix xalqımız üçün faciə olmaqdan
daha çox milli fəxarət günüdür. İgid oğul və qızlarımız respublikamızın
azadlığı naminə ən müasir silahlarla silahlanmış qırmızı ordunun
qarşısına əliyalın çıxaraq, heç kim, heç nə onları bu yoldan döndərə
bilməyəcəyini sübut ediblər.
Biz bu qəhrəmanları və bu qəhrəmanlığı heç
vaxt unutmayacağıq. Tədbirlərdə şagirdlərin ifasında ədəbi-bədii
kompozisiya göstərilib. Vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.
Şagirdlər Vətəni onlar kimi sevəcəklərinə, Vətən uğrunda onlar kimi
şəhid olacaqlarına and içiblər. Sonra yerlərdəki Şəhidlər xiyabanlarını
ziyarət ediblər.