“EVLIYA ÇƏLƏBI SƏYAHƏTNAMƏSİNDƏ AZƏRBAYCAN” KITABI IŞIQ ÜZÜ GÖRDÜ
2013-cü ilin ilk ayında Qafqaz Araşdırmaları
İnstitutunun 2011-ci il Evliya Çələbinin 400-cü ildönümü münasibətilə
bir ildən bəri hazırladığı “Evliya Çələbi Səyahətnaməsində Azərbaycan”
kitabı işıq üzü gördü. Türkiyə Cümhuriyyəti Başbakanlık Fonu tərəfindən
qəbul edilmiş layihə əsasında hazırlanan kitab Qafqaz Araşdırmaları
İnstitutu əməkdaşları və bir qrup digər mütəxəssislərdən ibarət birgə
heyət tərəfindən çapa hazırlandı.
XVII əsrin görkəmli türk səyyahı Evliya Çələbi dünyanın bir çox
yerlərini, o cümlədən Azərbaycanı gəzərək səyahət etdiyi yerlərin
tarixi, coğrafiyası, əhalisi haqqında məlumatlar vermişdir. Səyyah
Azərbaycana dörd dəfə səfər etmişdir. Evliyanın Azərbaycana etdiyi
səyahətləri (1646-1666) əhatə olunan bu kitabda XVII əsr Azərbaycanının
tarixi, coğrafiyası, ölkədəki siyasi durum, əhalisi, onun məşğuliyyəti,
məişəti barədə qiymətli bilgilər öz yerini tutur. Onun səyahət yolu
qədim Azərbaycan torpaqlarından – Urmiyədən başlamış Naxçıvan, İrəvanı
keçməklə Təbrizə, Bakıya uzanır. Azərbaycanın bağ-bağçalarında yetişən
meyvələrdən, xalqın milli adət-ənənəsinin ən incə detallarından tutmuş
kəndlərin, şəhərlərin təsvirinədək hər şey bu günümüz üçün xüsusi maraq
oyadır.
Əsərin naşiri Qafqaz Araşdırmaları İnstitutunun müdiri dos.Mehmet
Rıhtım, Azərbaycan türkçəsinə uyğunlaşdıran prof.Minaxanım Təkləli,
redaktorlar dr.Fariz Fərzəli, dr.Kənan Bəşirov və Fəridə Əliyeva, elmi
redaktorları prof.Yaqub Mahmudov və prof.Cəfər Qiyasidir. Kitab çox
gözəl bədii tərtibatda hazırlanmış, irihəcmli və rəsimlidir. Əsər
“Evliya Çələbi Səyahətnaməsi”nin Türkiyədə saxlanılan orijinal nüsxələri
əsasında hazırlanmışdır.
Qeyd edək ki, əsərdə adı keçən yerlər, şəxslər, tarixi hadisələr və
digər məlumatlarla əlaqəli ciddi araşdırma aparılaraq miniatür, qravür,
əski və yeni fotoşəkillər kimi materiallar toplandı və bunların izahları
əlavə edildi. Burada yer alan miniatürlərin bir çoxu Türkiyə
kitabxanalarındakı çox dəyərli nadir əlyazma əsərlərdən iqtibas edilərək
Azərbaycanda ilk dəfə yayınlandı. Eyni zamanda, əsərdə Qərb
səyyahlarının çəkdiyi qravürlərdən və fotoşəkillərdən də istifadə
edildi. Evliya Çələbinin Azərbaycana dörd səyahətinin xəritələri memar
Fəxrəddin Miralay tərəfindən böyük bir diqqətlə çıxarılaraq Azərbaycan
marşrutu dəqiqliklə göstərildi.
Kitab elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
“EVLİYA ÇƏLƏBİ SƏYAHƏTNAMƏSİNDƏ AZƏRBAYCAN” adlı bu əsərin Türkiyə
və Azərbaycan arasında tarix və mədəniyyət araşdırmaları sahəsindəki
əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə inanırıq.