Qafqaz Universiteti və Türkiyənin Giresun Universiteti arasında memorandum imzalanıb
Azərbaycanda səfərdə olan Türkiyə Ali Təhsil Şurasının (Yüksək
Öyrətim Kurulu) sədri Gökhan Çetinsayanın rəhbərlik etdiyi nümayəndə
heyəti Qafqaz Universitetində olub.
Universitetdən Gün.Az-a verilən məlumata görə, tədbirdə Təhsil
Nazirliyinin nümayəndələrinin, alimlərin, təhsil işçilərinin,
tələbələrin iştirakı ilə keçirilən görüşdə Azərbaycanın və Türkiyənin
Dövlət himnləri səsləndirilib.Qafqaz Universitetinin fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Qafqaz Universitetinin rektoru, professor Ahmed Sanic Azərbaycanla Türkiyənin tarixi birliyindən, mehriban qardaşlıq münasibətlərindən danışıb.
A.Sanic universitetdə dünyanın qabaqcıl ölkələrində uğurla sınaqdan çıxmış kreditli təhsil sistemininin tətbiq edildiyini deyib:
“Birinci tədris ilində həyata keçirilən dil hazırlığı ilə birlikdə universitetdə təhsil müddəti 5 ildir. Bu müddət ərzində tələbələr seçdikləri ixtisasın xüsusiyyətləri nəzərə alınmaqla iki və ya üç xarici dili yüksək səviyyədə öyrənmək imkanı əldə edirlər. Mövcud bölmələrin tədris planlarında nəzərdə tutulmuş əsas və əlavə xarici dillərdən imtahanda tələb olunan keçid balını toplayan, TOEFL və bənzəri imtahanlarda müvafiq şəhadətnamə almış tələbələr birbaşa 2-ci kursda təhsilə başlayırlar. 2002-2003-cü tədris ilindən etibarən ixtisas fənlərinin ingilis dilində tədrisinə başlayan universitet yetişdirdiyi tələbələrin ixtisas, xarici dil və kompüter biliklərinə yiyələnmələrinə müstəsna əhəmiyyət verir”.
Görüşdən məmnunluğunu bildirən Gökhan Çetinsaya Türkiyə-Azərbaycan əlaqələrinin, o cümlədən təhsil sahəsindəki əməkdaşlığın əhəmiyyətindən danışıb. Müasir dünyada təhsilin mühüm rolunu qeyd edən qonaq ölkələrimiz arasında təhsilin inkişafı üçün birgə proqramların reallaşdırılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Sonda Qafqaz Universiteti ilə Türkiyənin Giresun Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb və qonağa rektor tərəfindən fəxri plaket təqdim olunub.
Mirvari Kamilqızı
Gün.Az
URL: http://www.gun.az/social/61808