İsmayıl Fidan: “Göy üzü sizin üçün sərhəd deyil”

 
Elm və texnika inkişaf etdikcə yeni-yeni ixtisas sahələri ortaya çıxır. Son zamanların yeni, ancaq perspektivli sahələrindən olan mexanika mühəndisliyi bütün dünyada olduğu kimi, Azərbaycanda da inkişaf etməkdədir. Həmsöhbətim bu sahədə təcrübə və biliklərini azərbaycanlı müəllim və tələbələrlə paylaşmaq üçün Bakıda olan ABŞ-ın Tennesi Dövlət Texniki Universitetinin professoru İsmayıl Fidandır.
 -İsmayıl bəy özünüz, haqqında qısa məlumat verə bilərsinizmi?
-12 ildir ABŞ-ın Tennesi ştatının Dövlət Texniki Universitetində çalışıram. Orada sənaye mühəndisliyi fakültəsinin professoruyam. İlk ali təhsilimi Anadolu Universitetində almışam. Təhsilimi daha sonra İstanbul Texniki Universitetində magistratura, Nyu-Yorkda Rensolar Politexnik Özəl Universitetində doktorantura, Stivens Texnologiya İnstitutunda post-doktorantura pillələrində davam etdirmişəm. Bütün ömrüm mexanika mühəndisliyi ilə əlaqəli olub. Mən əsasən son on iki ildir dizayn və sənaye sahəsində çalışıram. Fakültədə texniki rəsm, dizayn dərsləri verirəm. Məsləkimi çox sevirəm. Tələbələrimiz də çox asanlıqla müxtəlif yerlərdə yüksək gəlirli iş tapa bilirlər. Qafqaz Universitetinin mühəndislik fakültəsinin dekanı Yadulla Babayevin dəvəti ilə Azərbaycana gəlmişəm. Yadulla bəy ilə 2010-cu ildə ABŞ-da tanış olmuşdum. O, mənim elmi işlərim barədə məlumatlı olduğu üçün, təcrübə və biliklərimi müəllim və tələbələrlə bölüşməyim üçün Bakıya, Qafqaz Universitetinə dəvət etdi.
- Niyə məhz mexanika mühəndisliyi? Bu sahənin digərlərindən üstünlüyü nədir?
- Həyatımızın hər bir anı mexanika mühəndisliyi ilə əlaqəlidir. Enerji və ya kompyuter mühəndisliyi müəyyən bir çərçivə daxilindədir. Amma mexanika mühəndisliyi dizayn, istehsalat, konstruksiya, enerji, istilik sistemləri, biotexnologiya kimi bir çox sahələri özündə birləşdirir. Mexanika mühəndisliyi çox geniş və perspektivli bir sahədir.
- Bakıda keçirdiyiniz seminarlar barədə nə deyə bilərsiniz?
-Seminarlarımızda həm tələbələr, həm də müəllimlər iştirak etdilər. Tələbələrlə sual-cavablı qarşılıqlı müzakirələrimiz oldu. Onlara mexanika mühəndisliyi, gələcəyi və s. kimi mövzularda məlumatlar verdim. Daha sonra müəllimlərlə görüşümüz oldu. ABŞ-da, Türkiyədə və ümumiyyətlə, dünyada mexanika mühəndisliyi sahəsindəki son vəziyyət və inkişaf quruluşu kimi bir çox mövzular barədə qarşılıqlı fikir alış-verişi oldu.  Bundan əlavə, Azərbaycan Dövlət Neft Akademiyasının, Memarlıq və İnşaat Universitetinin və Texniki Universitetin müəllimləri ilə də ikisaatlıq bir görüşümüz oldu. Orada tələbələrin gələcəkdə asanlıqla iş tapa bilmələri üçün enerji, biotexnologiya, dizayn kimi sahələrdə hansı dərslərin keçirilməsinin faydalı olacağı mövzusu barədə söhbətləşdik.
-Tələbələrlə görüşünüzü necə dəyərləndirirsiniz?
-Tələbələrə iki dildə; həm ingilis, həm də türkcə seminar verdim. Sual-cavablı şəkildə keçən dərslərimiz çox gözəl alındı. Tələbələr öz fikir və düşüncələrini çox sərbəst şəkildə ifadə edə bilirlər. Məsələn, bir sual çox xoşuma gəldi. Bir tələbə  - “Müəllim, siz dizayndan bəhs edirsiniz. Amma mənim rəsm çəkmək qabiliyyətim çox zəifdir. Bir dizayn mühəndisi olaraq iş tapa bilərəmmi?” - sualını verdi. Cavab olaraq, mənim də çox zəif rəsm çəkmə qabiliyyətimin olduğunu, ancaq bir çox dizayn proqramları vasitəsilə çox gözəl işlər görə bildiyimi dedim. Bundan əlavə, tələbələrin təcrübə, dil kimi bir çox mövzuda sualları oldu. Bütün sualları, sadəcə, Azərbaycan standartları ilə deyil, ümumiyyətlə, bütün dünya, Yaxın və Orta Şərq, ABŞ, Avropa təcrübələrinə əsasən cavablandırmağa çalışdım. Onlara son olaraq, hədəflərinin, xəyallarının böyük olmasını tövsiyə etdim: “Göy üzü sizin üçün sərhəd deyil”.
- Qafqaz Universitetinin Mühəndislik fakültəsi barədə fikirləriniz?
-Qafqaz Universitetində mexanika mühəndisliyi var. Keçən il açılan fakültənin artıq hazırlıq qrupu və birinci kurs tələbələri var. Qafqaz Universitetində öz şəxsi təşəbbüsləri ilə yanaşı, “BiPi”(BP-British Petrolium) şirkətinin dəstəyi ilə böyük bir laboratoriya qura biliblər. Laboratoriyada hansı əlavə işlər görə bilərlər, nələr qura bilərlər, ehtiyac olunan detallar nələrdi və s. kimi bəzi fikirlərimi fakültə rəhbərliyi ilə bölüşdüm. Qafqaz Universiteti gələcəyi olan bir universitetdir. Mən daha çox mexanika mühəndisliyi fakültəsinin fəaliyyəti ilə yaxından tanış oldum. Qafqaz Universiteti asta, amma sağlam addımlarla irəliləyib, böyüməkdədir. Məhz bu şəkildə inkişaf universitetin daha da inkişaf edib böyüməsini təmin edəcək.
- Bu səhənin Azərbaycan üçün əhəmiyyəti nə dərəcədədir?
- Mexanika mühəndisliyi yeni bir sahədir. Ancaq gələcəyi parlaq bir məfhumdur. Mexanika mühəndisliyi özündə sənayenin bir çox sahəsini birləşdirməklə onu daha da geniş bir ixtisasa  çevirir. Məsələn, dünən Bakı-Tbilisi-Ceyhan boru xəttinin başlanğıc yerinə getdik. Orada mexanika mühəndisliyinin müxtəlif sahələrindən nümunələr gördük. Mexanika mühəndisliyi Azərbaycan üçün çox perspektivli, ideal bir sahədir. Çünki bu mühəndisliyin sahə növlərinin çeşidliliyi ölkənizin inkişafı üçün çox vacibdir. Gələcəyinə böyük inam bəslənilən mexanika mühəndisliyi, tələbələrin çox sərbəst iş tapa biləcəyi bir sahədir. Kimya, kompyuter mühəndisliyi ilə müqayisədə mexanika mühəndisliyi Azərbaycan üçün daha çox iş görməyə qadirdir.
- Paytaxtımızı bəyəndinizmi?
-Azərbaycana ilk dəfədir gəlirəm. Əvvəllər haqqında tarix kitablarında oxuduğum Bakı-Tbilisi-Ceyhan neft kəmərini görmək nəsib oldu. Bundan əlavə, Şəhidlər xiyabanında olduq, məşhur “Alov qüllələri”ni gördüm, müxtəlif təhsil ocaqlarını ziyarət etdik, şəhəri gəzdik. Ümumiyyətlə, Bakıda olduğum bir neçə gün ərzində, sözün əsl mənasında, zövq aldım. Son olaraq, gördüyüm səmimiyyət və qonaqpərvərliyə görə başda Qafqaz Universiteti olmaqla hər kəsə təşəkkür edirəm.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=46723

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF