“Yeni Fikir Müsabiqəsi 2014” layihəsinin qalibləri elan olundu
1 noyabr 2013-cü ildən etibarən start verilən “Yeni Fikir Müsabiqəsi 2014” (YFM) layihəsinin qalibləri artıq elan olundu. “YFM 2014” əsasında 229 müraciət qəbul edilib ki, onlardan 169 iş ideyası qiymətləndirmə prosesinə alınıb.Yarımfinala vəsiqə qazanmış 24 iş ideyasından 10-u isə finala vəsiqə qazanıb. Finalda isə qiymətləndirmənin nəticələrinə əsasən real biznesə yaxın ən yaxşı 5 iş fikri layihəsi qalib olaraq seçilib.Müsabiqə qaliblərinə İnkubasiya Mərkəzində ofis, mentor, təlim, məsləhət kimi dəstəklə yanaşı, ilk 3 yeri tutmuş layihə qruplarına müvafiq olaraq 10000 manat, 5000 manat və 3000 manat da əlavə maliyyə vəsaiti ayrılıb. Beləliklə, “YFM 2014” layihəsinin qalibləri 1-ci yer üzrə “BethClip”, 2-ci yer üzrə “TUNING FORK”, 3-cü yer üzrə “Timi`s Aerial Vehicle (Smartplane)”, 4-cü yer üzrə “Antiviruslar.az”, 5-ci yer üzrə “GriG” seçilib. Layihələr müxtəlif nominasiyalar üzrə qeydiyyatdan keçib ki, bu nominasiyalara “Veb xidmət”, “E – Ticarət”, “Software və veb-tətbiqetmələr”, “Mobil tətbiqetmə”, “Sosial platforma”, “Yeni innovativ məhsul”, “Təlim və tədris”, “İstehsalat və təkrar istehsalat”, “Yeyinti və qida sənayesi”, “Alternativ enerji istehsalı”, “İnşaat və memarlıq”, “Animasiya və oyun yazılışı”, “Facebook tətbiqetməsi” daxildir.Qeyd edək ki, YFM Azərbaycanda sahibkarlığın və sənayenin inkişafını dəstəkləmək, eləcə də texnoparkda ekosistemin inkişaf etdirilməsi üçün müxtəlif layihələr həyata keçirən “QUTechnorak”-ın (Qafqaz Universiteti Texnoparkı - http://qutechnopark.az/) fəaliyyətlərindən biridir. YFM-in məqsədi gənclər arasında sahibkarlıq yanaşmasının inkişaf etdirilməsidir. Müsabiqədə müxtəlif sahələr üzrə yeni iş fikirlərinin inkişafına dəstək verilir. YFM ildə bir dəfə keçirilir. Bu müsabiqədə iş fikri ilə şirkətini qurmaq istəyən hər kəs iştirak edə bilir.
Həqiqət İSABALAYEVA
ictnews.az