|
May ayının 2-də Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş üçgünlük “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” mövzusunda IV Beynəlxalq Konqres öz işinə başlayıb. Konqres, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, AMEA İqtisadiyyat İnstitutu, Azərbaycan Respublikasg İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu TUSİAB iş adamları cəmiyyəti və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə keçirilir. Tədbirin açılışından əvvəl iştirakçılara Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlərdən bəhs edən videoçarx nümayiş etdirildi. Daha sonra tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin prorektoru Ceyhun Bulut bildirdi ki, ümummilli lider Heydər Əliyev Azərbaycana iki fərqli dövrdə - həm sovetlər zamanı, həm də müstəqillik illərində rəhbərlik edib, amma hər iki halda o, millətin maraqlarını hər şeydən üstün tutub, Azərbaycanın inkişafı üçün əlindən gələni edib. Hansı ki, bu gün də prezident İlham Əliyev ulu öndərin siyasətini uğurla davam etdirir: «Konqresə 350-yə yaxın tezis və məqalə təqdim olunub, elmi heyət tərəfindən bunlardan 150-yə yaxını tam mətin-məqalə kimi qəbul edilib və çap olunub. Onu da bildirək ki, məqalələrin təxminən yarısı 19 xarici ölkə alimləri tərəfindən təqdim edilib». Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov çıxışı zamanı bildirdi ki, dünyada çox xalqlar var, amma heç də hamısının müstəqil dövləti yoxdur: «Dünyada beş min xalq mövcuddur. Amma hazırda onların cəmi 200-ə yaxınının dövləti var. Sevindirici haldır ki, onlardan biri də vətənimiz Azərbaycandır. Yeri gəlmişkən, son statistik məlumata əsasən, Azərbaycan iqtisadi inkişaf səviyyəsinə görə 148 ölkə arasında 39-cu yerdədir. Bu da bizdə təbii olaraq sevinc doğurur». A.Məhərrəmov xatırladıb ki, UNESCO 21-ci əsri elm əsri elan edib. Bu baxımdan belə beynəlxalq konqreslərin Azərbaycanda keçirilməsi ölkəmizin iqtisadi inkişafını sübut edir: «Azərbaycan xalqının XX yüzilliyin ortalarından XXI əsrin əvvəllərinə qədərki tarixi Heydər Əliyevin siyasi fəaliyyəti və şəxsiyyəti ilə, xüsusən ən yüksək vəzifələrdə olduğu zaman öz xalqının, doğma yurdunun gələcəyi naminə həyata keçirdiyi böyük quruculuq işləri ilə qırılmaz surətdə bağlıdır. "Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat və sahibkarlıq yoludur"- deyən ümummilli lider Heydər Əliyev - bütün varlığı ilə millətinə, torpağına sadiq olan bu dahi şəxsiyyət - bir-birinə zidd iki sistemdə fəaliyyət göstərsə də, ən çətin tarixi dövrlərdə, təqiblər şəraitində belə doğma Azərbaycanın tərəqqisinə və xalqının maddi rifahının yüksəlməsinə xidmət edib». İqtisad Universitetinin rektoru Əvəz Bayramovun sözlərinə görə, 1993-cü ildə Azərbaycan MDB-yə üzv qəbul olunarkən də milli maraqlarımızı öndə tutub. O, ulu öndərin o vaxt səsləndirdiyi fikri də iştirakçılara xatırlatdı - «Biz heç bir birliyə qoşulmağın əleyhinə deyilik, yetər ki, bu Azərbaycan dövlətinin müstəqilliyinə və milli maraqlarına xələl gətirməsin». AMEA-nın İqtisadiyyat İnstitutunun direktor müavini Allahyar Muradov çıxışında bildirdi ki, elmi-texniki tərəqqinin inkişaf sürətinə paralel olaraq, bir mənada kiçilərək böyük bir kənd, yaşama məskəni halına çevrilən günümüz dünyasında qloballaşmanın ümumbəşəri dəyərlərdə və ortaq məxrəcdə birləşmə müstəvisində həyata keçirilməsinə nail olmaq bəşəriyyət qarşısında duran ən ümdə məsələlərdəndir: «Qloballaşan dünyamızda, digər bütün sahələrdə olduğu kimi, iqtisadiyyat və beynəlxalq münasibətlər sahəsindəki problemlərin də insanlığın və ümumilikdə bütün varlığın ortaq mənafeyi istiqamətində həllini tapması hamımızın arzusudur». Fatih Universitetinin rektoru Şerif Ali Tekalan da çıxış edərək dedi ki, bu gün dünyada qlobal ümumbəşəri problemlərdən ətraf mühitin kirlənməsi, qlobal isinmə, atmosferin zəhərlənməsi kimi məsələlərlə yanaşı, iqtisadiyyat sahəsində stabil inkişaf, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyi, rifah halının yaxşılaşdırılması, beynəlxalq münasibətlər çərçivəsində qlobal və regional münaqişələrin həlli, sülhün təmini və sair kimi problemlər də həlli vacib olan məsələlərdəndir. Daha sonra çıxış edən Kılıs 7 Aralık Universitetinin rektoru İsmayıl Güvenç, TUSİAB-ın baş katibi Yasin Goral və digərləri də qloballaşma prosesi ilə bağlı öz fikirlərini konqres iştirakçıları ilə bölüşdülər. Rəsmi hissənin sonunda söz alan Qafqaz Universitetinin rektoru Ahmet Sanic bildirdi ki, tarixən dövlətlərin və mədəniyyətlərin təşəkkül məskəni olan Qafqaz və Mərkəzi Asiya regionu geostrateji mövqeyi, malik olduğu təbii sərvətləri və hazırkı sürətli inkişafı baxımından dünya içtimaiyyətinin diqqətini cəlb edir: «Bu səbəbdən, qloballaşan dünyada Qafqaz və Mərkəzi Asiyanın yerini və rolunu elmi cəhətdən təhlil etmək xüsusi əhəmiyyət kəsb edir. Məhz buna görə də, Qafqaz Universiteti bu sahədəki ənənəsini davam etdirərək ardıcıl şəkildə 2003, 2007 və 2010-cu illərdə keçirdiyi I, II və III Beynəlxalq Konqresin davamı olaraq “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” mövzusunda IV Beynəlxalq Konqres təşkil etmək təşəbbüsünü irəli sürüb. Rektor çıxışının sonunda tədbir iştirakçılarına uğurlar arzulayıb. Daha sonra konqresdə iştirak edən Türkiyə universitetlərinin rektorlarına Qafqaz Universitetinin fəxri plaketi təqdim olundu. Konqres öz işini plenar iclas formasında davam etdirir.
Bəhruz
|
http://www.hafta-ichi.az/news.php?id=120389