“Qafqaz”da Qafqazın qloballaşan dünyadakı yeri və rolundan bəhs olunub  zaman.az











Dünən Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” mövzusunda IV Beynəlxalq Konqresin açılış mərasimi keçirildi. 
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Bakı Dövlət Universiteti,  Azərbaycan Dövlət İqtisad Universiteti, AMEA İqtisadiyyat İnstitutu, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu, TUSİAB İş adamları Cəmiyyəti və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konqresdə ümumbəşəri problemlərin həlli istiqamətində müzakirələr aparıldı. Konqresin əsas mövzusu qloballaşan dünyada, digər bütün sahələrdə olduğu kimi, iqtisadiyyat və beynəlxalq münasibətlər sahəsindəki problemlərin də insanlığın və ümumilikdə bütün varlığın ortaq mənafeyi istiqamətində həll yollarının müzakirəsi oldu. Müzakirələr zamanı dünyada qlobal ümumbəşəri problemlərdən ətraf mühitin kirlənməsi, qlobal isinmə, atmosferin çirklənməsi kimi məsələlərlə yanaşı, iqtisadiyyat sahəsində stabil inkişaf, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyi, rifah halının yaxşılaşdırılması, beynəlxalq münasibətlər çərçivəsində qlobal və regional münaqişələrin həlli, sülhün təmini və sairə kimi problemlər də həlli vacib olan məsələlər kimi qiymətləndirildi.
Bu konqres ümummilli lider Heydər Əliyevin peşəkarlıq irsinə, müstəqillik və dövlətçilik amallarına sədaqət, onun tövsiyələrini rəhbər tutmaq, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Azərbaycanın qüdrətlənməsi naminə görülən işlərdə rol almaq və elmi ictimaiyyət olaraq bu prosesə töhfə vermək məqsədi daşıyır. Qloballaşan dünyada Qafqaz və Mərkəzi Asiyanın yerini və rolunu elmi cəhətdən təhlil etmək üçün təşkil olunmuş konqresdə dünyanın bir çox ölkələrindən elm adamları iştirak edirdilər. Konqresə 350-yə yaxın tezis və məqalə təqdim olunub ki, elmi heyət tərəfindən bunların da 150-yə yaxını tam mətin-məqalə kimi qəbul edilərək çap olunub. Onu da qeyd edək ki, məqalələrin təxminən yarısı 19 xarici ölkə alimləri tərəfindən təqdim olunub.
Mərasimdə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqatlar İnstitutunun direktoru Vilayət Vəliyev, eyni zamanda Türkiyənin Fatih Universiteti və Kilis 7 Aralık Universitetinin rektorları iştirak edirdilər.
Qeyd edək ki, Qafqaz Universiteti 2003-cü ildən bəri “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” mövzusunda təşkil olunan Beynəlxalq Konqreslərə ev sahibliyi edir.  

zaman.az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF