“Qloballaşmada ortaq mənafe üçün problemlərin həlli əsasdır”


“Qloballaşmada ortaq mənafe üçün problemlərin həlli əsasdır”  PalitraElmi-texniki tərəqqinin inkişaf sürətinə paralel olaraq, bir mənada kiçilərək böyük bir kənd, yaşama məskəni halına çevrilən günümüz dünyasında qloballaşmanın ümumbəşəri dəyərlərdə və ortaq məxrəcdə birləşmə müstəvisində həyata keçirilməsinə nail olmaq bəşəriyyət qarşısında duran ən ümdə məsələlərdəndir. Qloballaşan dünyamızda, digər bütün sahələrdə olduğu kimi, iqtisadiyyat və beynəlxalq münasibətlər sahəsindəki problemlərin də insanlığın və ümumilikdə bütün varlığın ortaq mənafeyi istiqamətində həllini tapması hamımızın arzusudur. Bu gün dünyada qlobal ümumbəşəri problemlərdən ətraf mühitin kirlənməsi, qlobal isinmə, atmosferin zəhərlənməsi kimi məsələlərlə yanaşı, iqtisadiyyat sahəsində stabil inkişaf, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyi, rifah halının yaxşılaşdırılması, beynəlxalq münasibətlər çərçivəsində qlobal və regional münaqişələrin həlli, sülhün təmini və sair kimi problemlər də həlli vacib olan məsələlərdəndir.Tarixən dövlətlərin və mədəniyyətlərin təşəkkül məskəni olan Qafqaz və Mərkəzi Asiya regionu geostrateji mövqeyi, malik olduğu təbii sərvətləri və hal-hazırdakı sürətli inkişafı baxımından dünya içtimaiyyətinin diqqətini daha çox cəlb edir. Bu səbəbdən, qloballaşan dünyada Qafqaz və Mərkəzi Asiyanın yerini və rolunu elmi cəhətdən təhlil etmək xüsusi əhəmiyyət kəsb edir. Məhz buna görə də, Qafqaz Universiteti bu sahədəki ənənəsini davam etdirərək ardıcıl şəkildə 2003, 2007 və 2010-cu illərdə bu sahədə keçirdiyi I, II və III Beynəlxalq Konqresin davamı olaraq “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” mövzusunda IV Beynəlxalq Konqres təşkil etmək təşəbbüsü ilə çıxış edib.
“Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” mövzusunda IV Beynəlxalq Konqres ümummilli lider Heydər Əliyevin 91 illik yubleyinə həsr olunub. Azərbaycan xalqının XX yüzilliyin ortalarından XXI əsrin əvvəllərinə qədərki tarixi Heydər Əliyevin siyasi fəaliyyəti və şəxsiyyəti ilə, xüsusən ən yüksək vəzifələrdə olduğu zaman öz xalqının, doğma yurdunun gələcəyi naminə həyata keçirdiyi böyük quruculuq işləri ilə qırılmaz surətdə bağlıdır. "Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat və sahibkarlıq yoludur" deyən ümummilli lider Heydər Əliyev - bütün varlığı ilə millətinə, torpağına sadiq olan bu dahi şəxsiyyət - bir-birinə zidd iki sistemdə fəaliyyət göstərsə də, ən çətin tarixi dövrlərdə, təqiblər şəraitində belə doğma Azərbaycanının tərəqqisinə və xalqının maddi rifahının yüksəlməsinə xidmət edib.
Prezident İlham Əliyev də "Bizim üstünlüyümüz ondan ibarət olub ki, dünya iqtisadiyyatına sürətlə inteqrasiya etməklə yanaşı eyni zamanda öz milli maraqlarımızı heç vaxt unutmamışıq" deyərək bu siyasətin sadiq davamçısı olduğunu nümayiş etdirib. Ümummilli lider Heydər Əliyevin peşəkarlıq irsinə, müstəqillik və dövlətçilik amallarına sonsuz sədaqət, onun tövsiyələrini rəhbər tutmaq, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycanın qüdrətlənməsi naminə çalışmaq milli maraqlara xidmət etmək deməkdir. Bu konqres də məhz bu istiqamətdəki xidmətdə rol almaq, elmi ictimaiyyət olaraq bu prosesə töhfə vermək məqsədi daşıyır.
Konqres, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, AMEA İqtisadiyyat İnistitu, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu, TUSİAB iş adamları cəmiyyəti və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.Kongresə 350-yə yaxın tezis və məqalə təqdim olunmuş, elmi heyət tərəfindən bunlardan 150-yə yaxını tam mətin-məqalə kimi qəbul edilmiş və çap olunmuşdur. Onu da qeyd edək ki, məqalələrin təxminən yarısı 19 xarici ölkə alimləri tərəfindən təqdim olunub.
Konqresin açılış mərasimi Qafqaz Universitetinin Akt zalında (Rektorluq binası) keçirilib. Onu da qeyd edək ki, konqresdən bir gün öncə 19 xarici ölkə alimlərinin iştirak edəcəyi konqres iştirakçıları ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın məzarları önünə çiçəklər qoymuş, onların xatirəsini böyük ehtiramla yad ediblər.
Açılış mərasimində Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç konqres iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Çıxış edən Bakı Dövlət Universitetinin rektoru professor Abel Məhərrəmov İqtisad Universitetinin prorektoru professor Əvəz Bayramov ümummilli lider Heydər Əliyevin 91 illik yubleyinə həsr olunmuş konfransın mahiyyətindən, əhəmiyyətindən danışaraq təkliflər vemişlər və konfransın təşkili üçün Qafqaz Universitetinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Fatih Universitetinin rektoru professor Şerif Ali Tekalan çıxışında Azərbaycana ilk gəlişindən bu günə kimi ölkədəki inkişafdan geniş danışıb. Açılış mərasimindən sonra konqres plenar çıxış və müzakirələrlə öz işini davam etdirir. İlk gün prof. dr. Peter Kovac, prof. İrina Vladimirovna Zeleneva, prof. dr. Jeff Mankoff, prof. dr. Vilayət Vəliyev və başqalarının çıxışları dinlənilib və müzakirələr aparılır.
Konqresin ikinci günü də Qafqaz Universitetinin ikinci tədris binasında öncə plenar müzakirələr keçiriləcək, sonra konqres öz işini aidiyyəti üzrə seksiyalarda davam etdirəcək.

İlkin
palitra.az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF