Elmdə Uğur Qazanmağın Yolları
Növbəti müsahibimiz tanınmış iqtisadçı, Qafqaz Universitetinin Maliyyə kafedrasının müdiri və dünyada bir neçə tanınmış təşkilatın üzvü olan ELÇİN
Süleymanovdur.
Süleymanovdur.
1. Elçin müəllim özünüz haqqında qısa məlumat verərdiniz zəhmət olmasa?
Mən 1992-ci ildə Azərbaycandan Türkiyəyə ali təhsil almağa göndərilən ilk tələbələrdənəm. 1996-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi xətti ilə Türkiyə Respublikasının Dokuz Eylül Universiteti İqtisadiyyat və İdarəetmə fakultəsi Maliyyə ixtisasında bakalavr təhsilini başa vurmuşam. 1996-2000-ci illərdə Bakı Özəl Türk Liseyi iqtisadiyyat filialında ixtisas fənnləri müəllimi və müdir müavini işləmişəm. Azərbaycan Respublikası Nazirlər Kabineti Nəzdində Xalq Təsərrüfatı İdarəetmə İnstitutunda, Biznesin Təşkili və İdarə olunması ixtisası üzrə magistr dərəcəsi almışam. 2000-ci ildən Qafqaz Universitetində İqtisadiyyat və İdarəetmə fakültəsi, Maliyyə bölməsində baş müəllim olaraq işləyirəm. Müxtəlif illərdə Universitet Mədəniyyət şöbəsinin müdiri, ictimai İşlər İdarəsində müdir müavini, tələbə Dərnəkləri koordinatoru olaraq fəaliyyət göstərmişəm. Hazırda Qafqaz Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi, Maliyyə kafedrasının müdiri, eyni zamanda 2005-ci ildən “Journal of Qafqaz University”nin nəşr redaktoruyam. Qafqaz Universitetinin 15 illik yubuleyi münasibəti ilə gənc tədqiqatçılar və tələbələr arası “Azərbaycan-Türkiyə münasibətlərinin elmi, siyasi, mədəni və iqtisadi istiqamətləri, bugünkü vəziyyət və perspektivlər” elmi məqalə müsabiqəsinin koordinatoru və tezislər kitabının redaktoru olmuşam. Doç.Dr. Osman Nuri Arasla birlikdə “Azərbaycan İqtisadiyyatı” Şərq-Qərb nəşriyyatı-2010, Prof.Dr. Cihan Bulutla ortaq “Dövlət Maliyyəsi” Qafqaz Universiteti Nəşrləri-2011,2013 və hər iki müəlliflə birgə türk dilində “Bağımsızlık Sonrası Azerbaycan Ekonomisinin 15 yılı” Baku-2007 kitablarının həmmüəllifiyəm. Azərbaycan və xarici ölkələrdə bir çox təlim və seminarlarda iştirak edmişəm. TQDK maliyyə magistratura ixtisası üzrə ekspert olmuşam. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Tədris mərkəzi və NEXİA international şirkətinin “Büdcə Təşkilatları Maliyyə Xidmət Rəhbərlərinə “Vergi və Biznes Huququ” təlimi” layihəsi çərçivəsində on beş həftəlik əsas təlimçi olmuşam.
2. Bildiyimiz qədər Sizin xarici jurnallarda 40-dan çox məqalələriniz dərc olunmuşdur və bunların da bir çoxu nüfuzlu jurnallardır. Sizin kimi xarici jurnallarda məqalə çap etmək istəyən gənclərimizə ilkin olaraq nə kimi tövsiyyələr vermək istərdiniz?
Müxtəlif beynəlxalq elmi jurnallarda və 15 müxtəlif xarici ölkələrdə keçirilən beynəlxalq konfransların nəşrlərində mənim altmışdan çox elmi məqalə və tezislərim çap edilmişdir. Beynəlxalq indexcopernicus şəbəkəsinin, Nyu York Elmlər Akademiyasının, World Economics Associationunun üzvüyəm. Social and Human Sciences, World Academy of Science, Engineering and Technology və World Research Journal of Financial Economics and Stochastics Scientific Committee və Editorial Review Board üzvüyəm. Harvard University, Korea University, Chicago Booth, European Corporate Governance Institute və Stanford Law School tərəfindən qurulan və dünyanın ən məşhur tədqiqat mərkəzi olan SSRN yükləmə reytinqinə görə ictimai elmlər üzrə tədqiqatçılar arasında ilk sıralarda yer almaqdayam. Bu göstəricilərə görə müxtəlif xarici ölkələrdə keçirilən iyirmidən çox beynəlxalq konfransa xüsusi dəvətli mühazirəçi olaraq dəvət edilmiş və eyni zamanda beynəlxalq elmi jurnalların ekspert heyətinə daxil edilmişəm. Həmmüəllifi olduğum 5 məqalə iqtisadiyyat uzrə dünyanın məşhur bazalarından olan EconPaper, RePEc ve University Library of Munich, Germany MPRA Paper bazalarına daxil edilmişdir. Həmçinin yüzə yaxın elmi nəşrlərimin yer aldığı dünyanın məşhur elmi tədqiqat paylaşım portallarından olan Academia.edu şəbəkəsində tədqiqatlarından ən çox istifadə edilən müəlliflərdənəm. Mən bu fəaliyyətləri kollektiv çalışmalara borcluyam. Çünki ciddi tədqiqatlar bir neçə tədqiqatçının birgə səyi ilə ortaya çıxır və çalışmaq lazım ki ortaq tədqiqatlarda müəlliflərin coğrafiyası müxtəlif olsun. Əslində bu qədər nəşr hələlək mənim üçün başlanğıcdı. Artıq bu ildən iqtisadiyyat sahəsində impact faktoru yüksək olan bir neçə elmi jurnala məqalə yazmağa başlamışıq. Bəzi məqalələr yekunlaşıb, bir neçəsi də yaxın vaxtlarda bitəcək. Bu tədqiqatların xüsusi ilə ictimai elmlərdə olanlarının ölkəmiz üçün çox əhəmiyyəti var. Mənim bu istiqamətlərdə gənclərə tövsiyyəm bu olardı ki xüsusi ilə nufuzlu elmi jurnallara çıxışı olanlar öz sahələri üzrə çox məqalə oxusunlar. 20-25 bu sahə üzrə oxunan məqalə tədqiqatçıya öz məqaləsinin yazılmasına çox köməyi olardı. Çünki elmi məqalənin yazılması çoxlu bu istiqamətdə məqalə oxumaqdan keçər. Bir də bir az əvvəl də qeyd etdiyim kimi bir network quraraq məqalə hazırlamaq daha məqsədə uygundur. Xüsusiylə bu kollektif tədqiqat komandası 2-3 nəfər olarsa və onlardan akademik dil qabiliyyəti, analiz qabiliyyəti və riyazi qabiliyyəti olan komanda quraraq iş bölgüsü edərək ortaya yaxşı iş çıxarıla bilər. Burada onu da vurğulayım ki Azərbaycanla əlaqəli ciddi elmi tədqiqatlara çox ehtiyac var.
3. Siz də bakalavr təhsilinizi xaricdə bitirmisiniz. Xaricdə təhsil alan və almaq istəyən gənclərimizə məsləhətiniz necə olardı?
Xaricdə ali təhsil məncə insana iki diplom verir. Həm öz ixtisasını, həm də o ölkənin təcrübəsini öyrənərək Azərbaycana geri qayıdanlar burada karyeralarında çox müvəffəq olurlar. Amma burada mənim gənclərə tövsiyyəm sırf xaricdə ali təhsil almaq xatirinə yox, həm ixtisası həm ölkəni, həm də təhsil alacağı universiteti ətraflı tətqiq edərək bu addımı atmaları yaxşı olardı. Çünki verilən ani bir ixtisas qərarı gələcək 40-50 illik həyatlarına təsir edəcək. Bir də onu qeyd edim ki artıq xaricdə təhsilin tendensiyası 15-20 ilə görə çox dəyişlib. 10-15 il əvvəl umumiyyətlə Azərbaycanda iş dünyası dili bilən kadrı alıb iş öyrədirdi isə artıq tam tərsi olub. Artıq iş yerləri işi bilən mütəxəssisi alıb sonra ona dil öyrədirlər. Yəni gənclər ölkə və universitet yerinə ilk əvvəl ixtisas və təhsil səviyyəsinə görə xarici ölkələrə təhsil üçün getsinlər. 10-15 il əvvəl xaricdə təhsil almaq böyük karyera fürsəti verirdisə artıq hansı ixtisas və hansı xarici ölkə də əhəmiyyətli oldu.4. Akademik fəaliyyət bu gün cəmiyyətimizdə tam olaraq formalaşmamışdır. Bu sahə ilə məşğul olan gənclərimiz bir sıra problemlərlə üzləşirlər. Sizcə bu problemlerin aradan qaldırılması üçün və yaxud azaldılması üçün biz gənclərin və sizin kimi elm adamlarının üzərinə ilk olaraq hansı vəzifələr düşür?
Azərbaycanda artıq elmi mühit gündən-günə yaxşılığa doğru dəyişməkdədir. Ənənəvi akademik mühit öz yerini tədricən müasir mühitə verməkdədir. Son illərdə yeni açılan bir neçə universitet rəqabət mühitini daha da artırmaqdadır. Mən ümid edirəm ki yaxın illərdə Azərbaycanda sənaye və iş dünyasının maliyyəşdirilməsi ilə arxiv üçün deyil innovativ və iqtisadi-elmi tutumu olan tədqiqatlar ortaya çıxacaq. Bu da tədqiqatçıların maliyyə imkanlarını artıracaq. Eyni zamanda Elm fondunun və SOCAR-ın bu istiqamətdəki maliyyələşdirmələri həqiqi elmi fəaliyyətləri həvəsləndirməkdədir. Çox yaxın illərdə biz Azərbaycanda da elmi fəaliyyətlərdə rəqabət mühitinin şahidi olacağıq.
5. Və son olaraq academic-future.com saytı haqqında ilk təfərrüatlarınızı zəhmət olmasa bizimlə bölüşərdiniz?
Sizin sayt məncə tələbələrə və tədqiqatçılara çox əhəmiyyətli töhvə verir. Həm xaricdə təhsil, həm də təlim fürsətlərinin bir mərkəzdən ictimaiyyətə çatdırılması çox vacibdir. Ümid edirəm ki gənclərimiz saytınızı mütəmadi olaraq təqib edərək sizin elanlardakı fürsətləri maksimum dəyərləndirəcək. Çünki bu fürsətlərdən nə qədər çox istifadə edilirsə burda qazanan bu gənclərlə yanaşı ölkəmiz də olacaq. Ona görə də sizə bu faydalı fəaliyyətinizdə uğurlar arzulayıram.