Gənc ürəklər xoşbəxt dünya arzusundadır

Dünya fəlakətlər astanasındadır. Bir tərəfdən, dünyada baş verən qarşıdurmalar və bunun nəticəsi olaraq törənən müharibələr, yeni-yeni kütləvi qırğın silahlarının yaradılması, digər tərəfdən, sənayenin sürətli inkişafı naminə insanların təbiətə qarşı amansız münasibəti dünyamızı məhvə doğru aparır. Elm və texnikanın, sənayenin inkişafında yeni mərhələ açan XX əsrdə insanların təbiətə vurduqları yaralar dəhşətli nəticələr doğurmuşdur. Belə ki, insan əli öz sərvətləri ilə hələ neçə-neçə nəsilləri yaşada biləcək Yer kürəsinin sinəsinə çətin sağalan yaralar vurmuşdur. Təbiətə buraxılan zəhərli qazların ilbəil artması atmosferin getdikcə daha sürətlə dağılmasına, insanın xoşagəlməz fəaliyyəti ilə flora və faunanın məhv edilməsi isə şirin su mənbələrinin azalmasına, əkinə yararlı torpaqların məhsuldarlığının azalmasına, şoranlaşmasına və sıradan çıxmasına, eyni zamanda səhralaşma prosesinin sürətlənməsinə səbəb olmuşdur. Alimlərin fikrincə, yaşadığımız əsrin sonlarında bir sıra ölkələr arasında müharibələr şirin suyun bölüşdürülməsi üstündə olacaq.İnsanlar yerin üzərindəki və altındakı sərvətləri bu gün də amansızlıqla istismar və israf edirlər. Bunun zərbəsi isə, ilk növbədə, planetimizə, daha doğru desək, burada yaşayan bitki və heyvanat aləminə dəyir. Hesablamalara görə, hər gün bizim gördüyümüz və görə bilmədiyimiz minlərcə canlı növü məhv olur. Elmi araşdırmaların nəticələrinə inansaq, əgər meşələrin qırılması indiki kimi davam edərsə, əsrin sonunda Yer kürəsindəki bitki və heyvan növlərinin yarısı məhv olacaq. Bununla yanaşı, atmosferə buraxılan qazların həcmi kəskin azaldılmazsa, istiləşmə daha dəhşətli fəlakətlər doğuracaq - cənub və şimal yarımkürəsində iqlim kəskin dəyişəcək, okeanlardakı buzlar sürətlə əriyəcək. Əlavə edək ki, artıq Antarktidada temperaturun yüksəlməsi buzların çatlamasına və əriməsinə səbəb olub. Temperatur artmaqda davam edərsə, yəqin ki, ərimənin qarşısını almaq mümkün olmayacaq. Belə dəhşətli faktları çox sadalamaq olar. Amma söyləməklə belə qlobal problemin həllinə nail olmaq mümkün deyil. Bunun üçün hər bir ölkənin insanları - vəzifəsindən, peşəsindən asılı olmayaraq, bu barədə əməli işə keçməli, törədilən müharibələrin, sənayenin ətraf mühitə buraxdığı tullantıların qarşısının alınması, bitki və heyvanat aləminin qorunması üçün səylərini birləşdirməlidirlər. Vahid evimiz olan Yer kürəsini gözlənilən fəlakətlərdən qurtarmaq üçün yeganə yol budur. Söhbət açdığımız çox ciddi problemin həllində yetişməkdə olan nəslin üzərinə də böyük vəzifələr düşür. Hər şeydən əvvəl, gələcəyimizin sahibi olan indiki uşaqlar, ilk növbədə, Allah-Təalanın bütün insanlara bəxş etdiyi sərvətləri və gözəllikləri qorumalı və zənginləşdirməlidirlər. Onlar yaşlı nəsillərin təbiətə vurduğu yaraları sağaltmalı, bitki və heyvanat aləminin hərtərəfli inkişafı üçün səy göstərməlidirlər. Yaxşı yadımdadır, 2006-cı ilin aprelində Bakıda Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və “Çağ” Öyrətim Şirkətinin təşkil etdikləri “Fərqli mədəniyyətlərin qovşağı - Azərbaycan” adlı çox maraqlı tədbir keçirilirdi. Orada deyilənlər də, ilk növbədə, insanlığın, daha doğrusu, anamız Yer kürəsinin qorunmasına xidmət edirdi. 27 ölkədən gətirilib Yer kürəsinin maketinə tökülərək sülh ağacı əkilməsi yetişməkdə olan nəslin həm zalda oturan müxtəlif ölkələrin diplomatlarına, eyni zamanda bütün ölkələrin prezidentlərinə mesajı idi. Bu zaman bir nurani qoca geyimində olan uşağın söylədiklərini indi də hərdən eşidirəm: “Havamız, suyumuz, torpağımız birdir. Hamımız insanıq, hamımızın bir məskəni var - o da Yer kürəsidir. Əgər hamımız bir olsaq, bir-birimizi sevsək, bir-birimizin əlindən bərk yapışsaq, Yer kürəsi sağalar. Yer kürəsinin əlacı məhz bundadır. Sevgi, məhəbbət, şəfqət, əmin-amanlıq, dialoq Yer kürəsinin məlhəmidir!” Bu, körpə ürəklərin xoşbəxt dünya arzusu idi.Paytaxtımızdakı Əl Oyunları Sarayında öz işinə başlayan II Beynəlxalq Ətraf Mühitin Mühafizəsi-Layihə Olimpiadası ( İNEPO-EUROASİYA) da məhz bu mərama xidmət edir. Srağagün Bakı Özəl İlkokulunda beynəlxalq bilik yarışına gəlmiş məktəblilərlə görüş çox səmimi və yaddaqalan oldu. Məktəbin şagirdlərinin qonaqlar üçün ifa etdikləri dünya xalqlarının mahnı və rəqsləri də tədbiri daha da rövnəqləndirdi. Təxminən 30 ölkədən gəlmiş yeniyetmələr sanki eyni sinfin şagirdləri idilər. Onların hamısını dünyamızın gələcəyi ilə bağlı eyni istək birləşdirirdi. Qazaxıstandan gəlmiş Mürüvet Kulsumbayeva, onun rəfiqəsi Yıldız Davudova, ABŞ-dan gəlmiş Edvard Kapps, Roland Kartes və Xristofer Parker, tunisli Ahmet Hüseyin, İraqın Ərbil şəhərindən olan Məhəmməd Ömər və Çener Sübhi də bizimlə söhbətlərində dünyanın gələcəyi barədə narahatlıqlarını ifadə etdilər. Düşünürəm ki, bu kimi beynəlxalq tədbirlərin tez-tez keçirilməsi çox vacibdir. Çünki bütün xalqların xoşbəxtliyi dünyamızın gələcəyinin daha gözəl və təhlükəsizliyindən asılıdır.
Səməd Məlikzadə


Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF