Ətraf mühitin mühafizəsi üzrə INEPO-EUROASIA beynəlxalq olimpiadasının qalibləri mükafatlandırılıb
Ekologiya və qlobal fəlakətlərdən çıxış yollarından bəhs edən I Beynəlxalq Ətraf Mühitin Mühafizəsi ? INEPO-EUROASIA Olimpiadasının Azərbaycandan olan qalibləri dünən Bakı İdman Sarayında mükafatlandırılıb. INEPO-EUROASIA proqramına 17 ölkədən 203 layihə təqdim edilib. Onlardan 50-si müsabiqəyə qəbul olunub. Müsabiqəyə İndoneziya, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Hindistan, Gürcüstan və başqa ölkələr qatılıblar. Ölkəmiz müsabiqədə ilk dəfə təmsil olunub. Dövlət Neft Şirkəti, Təhsil, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin, "Çağ" Öyrətim Şirkətnin təşkilatçılığı ilə keçirilən dünənki mərasimdə bir sıra dövlət qurumlarının nümayəndələri iştirak ediblər. İştirakçılar arasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Türkiyənin ətraf mühit və meşə naziri Osman Pepe, həmçinin başqaları olublar. Tədbirdə ilk növbədə ümummilli lider Heydər Əliyevə həsr olunmuş "Cənnət vətənimin nəbzi səninlə vurur" başlıqlı tablonun açılışı keçirilib. Mükafatlandırılma mərasimində çıxış edən "Çağ" Öyrətim İşlətmələri Şirkətinin rəhbəri Adəm Önal layihənin əsas məqsədi haqqında danışıb. Qeyd edib ki, Azərbaycanda son bir neçə ildə ətraf mühitin qorunması və ekoloji təhsilin keçirilməsi istiqamətində bir sıra qanunverici aktlar qəbul olunub. 2007-ci il ölkədə Gənclər İli elan olunduğundan gənc nəslin ekoloji problemlərin həllində yaxından iştirak etməsi də vacib amillərdən biri sayılır. Dünyada artmaqda olan ətraf mühitin çirklənməsinə qarşı mübarizə üçün gənc nəslin ekoloji şüurunun inkişafına nail olmaq, onlarda ətraf mühitə qarşı həssas münasibət formalaşdırmaq zəruridir: "Elə bununla əlaqədar olaraq INEPO-EUROASIA olimpiadası ətraf mühiti mühafizə etmək arzusunda olan dünya gənclərinin bir hissəsini Azərbaycanda toplayaraq, əsrimizin qlobal ekoloji problemlərinin həlli üçün alternativ enerji qaynaqları təklif etmək, ətraf mühitin çirklənməsinin qarşısını ala biləcək yeni metodlar aramağa çalışır". Olimpiada layihələri ilə yanaşı, salonda həmçinin şagirdlərin hazırladıqları maketlər halında ətraf mühitin mühafizəsi mövzusunda müxtəlif eksponatlar nümayiş etdirilib. INEP-EUROASIA olimpiadasının mahiyyətini özündə əks etdirən film göstərilib. Sonda olimpiada qalibləri mükafatlandırılıb.
Sevinc QARAYEVA
www.525.az
Sevinc QARAYEVA
www.525.az