Müharibənin Ekologiyaya Təsiri
Amerikanın Massachusetts Universitetinin Tədqiqat İşləri üzrə Dr. Paul Kostecki tərəfindən Qafqaz universitetində “Müharibənin Ekologiyaya Təsiri: Küveyt Neft Gölləri” mövzusunda konfrans keçirilmişdir. Konfransda çıxış edən Dr. Paul Kostecki Küveytin Ərəb körfəzinin ən zəngin neft ehtiyatlarına malik olan bir ölkəsi olduğunu vurğuladı. Digər ölkələrdən fərqli olaraq Küveyt nefti çox asan əldə edilir. Belə ki, burada neft ehtiyatları yer səthinə o qədər yaxındır ki, onun hasil edilməsi üçün boru xətlərinin neft quyusuna birləşdirilməsi kifayət edir. Bu neft cazibə qüvvəsinin təsiri ilə boru vasitəsi ilə heç bir texnologiyaya ehtiyac duymadan axır. 1991-ci ildə İraqla muharibə vaxtı buranın neft sənayesinə İraq qoşunları tərəfindən külli miqdarda ziyan dəymişdir. Bir çox boru xətləri sıradan çıxarıldığı üçün tonlarla neft ətrafa yayılmış və yüzlərlə neft gölü əmələ gətirmişdir. Bu göllərdə toplanan neft ətraf mühitə zərər vurmuşdur. Belə ki minlərlə heyvan məhv olmuş, köçəri quşlar tələf olmuşdur. Bu problemin həlli məqsədi ilə dünyada bir çox konfrans və tədbirlər keçirilmiş və onun həlli yolları araşdırılmışdır. Lakin məsələnin həlli olduqca kompleks yanaşma tələb edir. Çünki bu problem həm insan səhhətinə, həm ətraf mühitə, həm də flora və faunaya kütləvi ziyan vurmuşdur ki, bunların da həlli üçün müxtəlif yanaşmalar tələb olunur. Yerli əhali kirli nefti təmizləməyə çalışmış, lakin maliyyə çatışmazlığı üzündən tam öhdəsindən gələ bilməmişdir. Digər beynəlxalq qurum və təşkilatlar da məsələnin həlli üçün ölkəyə təmizləyici texnologiya gətirsə də, bu məsələni tam həll edə bilməmiş, hətta əksinə bir çox xəstəliklərə, xüsusilə də xərçəng xəstəliyinə yol açmışlar. Buna səbəb isə təmizləyici maddələrin tərkibində olan bir sıra zəhərli kimyəvi maddələr idi. Məsələni çətinləşdirən digər bir səbəb isə, İraq qoşunlarının ölkəni tərk edərkən, qoyub getdikləri silah sursat olmuşdur. Bir çox neftlə əhatə olunmuş yerlərdə minalar basdırılmış ki, bu da orada təmizlik aparan insanların həyatını təhlükəyə atmış və təmizlənmə prosesinin ləngit-mişdir. Bu məsələnin tez bir zamanda həll edilə bilməməsinin bir digər səbəbi isə bir çox mütəxəssisin, xüsusilə də hüquqşunasların cəlb edilməsidir. Bu, məsələnin həllini yubadır. Çünki bu mütəxəssislərin əraziyə cəlb olunması yüksək məbləğdə maliyyə vəsaiti tələb edir. Müəllif sonda təəssüflə qeyd etdi ki, bütün bu elmi müzakirələrin, konfransların, monitorinqlərin keçirilməsinə baxmayaraq Küveytdəki neft böhranı hələ də həll edilməmiş olaraq qalır. Qonaq tədbir sonunda universitet müəllim və tələbələrinin suallarını cavablandırdı. Sonra Qafqaz universitetinin rektoru Professor Ahmet Saniç bəy Dr. Paul Kosteckiyə dəyərli və məzmunlu çıxışına görə təşəkkürünü bildirdi və həmin günün xatirəsi olaraq xatərə plaketi hədiyə etdi.
Rəcəb Rzayev
Rəcəb Rzayev