Don C. Hines:“Qafqaz,Troyun Cənubi Qafqazda əməkdaşlıq etdiyi ilk ali məktəb olacaq"

Bu gün Qafqaz Universiteti ilə ABŞ-ın Troy Universiteti arasında beynəlxalq proqramlar əsasında biznesin təşkili və idarə olunması, eləcə də iqtisadiyyatın müxtəlif sahələri üçün kadrların hazırlanması məqsədilə anlaşma imzalanacaq. Təhsil Nazirliyində keçiriləcək bu mərasimdə sənədi Troy Universitetinin biznesin təşkili və idarə edilməsi fakültəsinin dekanı professor Don C. Hines imzalayacaq. Qonaqla görüşərək anlaşma ilə bağlı bəzi mətləblərə, eləcə də bizi düşündürən digər suallara aydınlıq gətirməsini xahiş etdik.
- Dünyanın bir çox ölkələrinin ali təhsil müəssisələri ilə birgə çalışan Troy Universiteti artıq “Qafqaz”la da işbirliyi qurur. Bu işbirliyində “Troy”un Azərbaycandan “Qafqaz”a önəm verməsi nə ilə bağlıdır?
- Bəri başdan deyim ki, 130 yaşlı Troy Universiteti əməkdaşlıq etmək istədiyi təhsil ocaqlarının fəaliyyətini diqqətlə izləyir. Məhz bu cür araşdırmalardan sonra təhsil müəssisəmiz belə bir əməkdaşlığa can atır. Bu mənada Azərbaycan təhsil sistemi ilə tanış olarkən burada fəaliyyət göstərən özəl ali məktəblər arasında “Qafqaz”ın yüksək reytinqə, bu yerlərin insanlarının təbirincə desək, bir nömrəli təhsil ocağı olduğunu öyrəndik. Təbii ki, bu seçimimizdə “Qafqaz”ın beynəlxalq aləmdəki yeri, başqa sözlə desək, bu təhsil ocağının məzunlarının sorağının dünyanın müxtəlif ölkələrindən gəlməsi də diqqətimizdən yayınmadı. Onu da deyim ki, “Qafqaz” “Troy”un Cənubi Qafqazda əməkdaşlıq etdiyi ilk ali məktəb olacaq.
- Anlaşma sənədində nələr nəzərdə tutulur?
- İmzalanacaq müqaviləyə görə, “Qafqaz”ın bir qrup tələbəsi iki il ABŞ-da, iki il də öz məktəblərində təhsil alacaqlar. Bu bölgü, yaxud razılıq “Troy”un tələbələrinə da şamil olunur. Bu proqramı başa çatdırmış tələbələrə hər iki universitetin biznes bakalavr dərəcəsi veriləcək. Bundan başqa, hər iki universitetin tədris və maliyyə maraqlarını inkişaf etdirməklə, biznes magistr proqramının (MBA) həyata keçirilməsi də gündəmdədir ki, buna nail olmaq üçün tələbə hər iki ali təhsil ocağında bir il oxumalıdır. Müqavilədə müəllim kadrlarının da təcrübə mübadiləsi nəzərdə tutulur. Onu da deyim ki, əməkdaşlıq çərçivəsində iki sahə üzrə - biznesin təşkili və idarə olunması, eləcə də iqtisadiyyat sahələri üçün kadrların hazırlanması öz əksini tapıb. Bu da təsadüfi seçim deyil. Belə ki, müasir dövrdə dünyanın hər bir guşəsində bu iki sahənin əsas rol oynadığı heç kimə sirr deyil. Elə seçimimiz də bundan irəli gəlib. Əbəs yerə deyilmir ki, iqtisadiyyat bu və digər ölkənin əsas göstəricisidir.
- Cənab Hines, iqtisadiyyatdan söz düşmüşkən, Azərbaycan iqtisadiyyatı barədə sizin fikirlərinizlə tanış olmaq da oxucularımız üçün maraqlı olardı.
- Son illər Azərbaycan iqtisadiyyatının yüksələn xətt üzrə inkişafı barədə, qismən də olsa, məlumatım vardı. Bircə onu əlavə edə bilərəm ki, mən bura gəlməklə bu yüksəlişi öz gözlərimlə gördüm. Mənə elə gəlir ki, bu inkişafda Azərbaycanın dünya ölkələri ilə işbirliyi qurması önəmli rol oynayır.
- Eşitdiyimizə görə, bu əməkdaşlıq çərçivəsində təhsil alan tələbələrə hər iki universitetin tanıdığı diplom veriləcək?
- Elədir. Bu diplom dünyanın hər bir ölkəsində qəbul ediləcək və öz növbəsində, gənc kadrlarımızın işləməsinə imkan verəcək. Məndə olan məlumata görə, indiyədək azərbaycanlı tələbələrə iki universitetin diplomu təqdim olunmayıb. Bu mənada elə bu iş də “Qafqaz”ın bir ilki kimi Azərbaycanın təhsil tarixinə düşəcək.
- Bəs müqavilə nə vaxtdan qüvvəyə minəcək?
- Bu ilin avqust ayından... Müqaviləyə əsasən, gələn ilin yanvar ayında “Qafqaz”ın müəllimləri də “Troy”a dəvət olunacaqlar.- Cənab Hines, belə müqavilələr bu və ya digər ölkənin təbliğində, eləcə də əlaqələrin genişlənməsində də önəmli rol oynayır. Bu mənada gələcəkdə iki ali məktəbin qardaşlaşması gözlənilirmi?- Əməkdaşlığımızın bu istiqamətdə atılacaq addımlardan biri olmasına şübhə etmirəm. Yaxın gələcəkdə isə ABŞ-ın firma və şirkətləri ilə Azərbaycanın iş dünyası arasında əlaqələr qurmaq niyyətimiz var. Zənnimcə, müasir biliklərə yiyələnən gənclərlə belə bir işi reallaşdırmaq çətin olmayacaq.
- Yeri gəlmişkən, əldə etdiyimiz internet materiallarına əsasən, sizin çalışdığınız universitetdə təhsil alan xarici tələbələrin mənsub olduqları ölkələrin bayraqları da dalğalanır. Bəs, onların arasında Azərbaycan bayrağını görmək bizə nə vaxt nəsib olacaq?
- “Troy”un özünəməxsus daxili qanunları da var. Onlardan biri də odur ki, məktəbimizdə 10 nəfər tələbəsi olan ölkənin bayrağı qaldırılır. Onu da deyim ki, hələlik, belə ölkələrin sayı 52-dir. Bu müqavilədən sonra “Troy”da Azərbaycan bayrağı da dalğalanacaq.
- Azərbaycanla daha yaxından tanışlığınız nə vaxtdandır?
- Bir dəfə yanıma bir azərbaycanlı, bir də türkiyəli tələbə gəldi. Onların, demək olar ki, eyni dildə danışmaları diqqətimdən yayınmadı. Maraqlananda məlum oldu ki, onların dilləri eyni kökə malik imiş. Burada isə onu da öyrəndim ki, bu iki ölkə arasında müxtəlif sahələr üzrə də yaxın əlaqələr var. Hətta mənə elə gəlir ki, bu iki ölkə sanki ekiz qardaşlardır. Yeri gəlmişkən, onu da qeyd edim ki, hazırda bizim ali məktəbdə Azərbaycandan gəlmiş iki tələbə də təhsil alır. Onların yüksək intellekt sahibi olmaları məndə Azərbaycan təhsili barədə müsbət rəyin formalaşmasında önəmli rol oynadı.
- Bəs cənab Hines asudə vaxtlarını necə keçirir?
- Mən kovboyam. İki atım var. Birinin adı Co, o birinin adı isə Şugırdır. Hərdən mətbuatda da çıxış edirəm. Hazırda atçılıqla bağlı kitab üzərində işləyirəm.
- Buradan gedəndə özünüzlə xatirə kimi nə aparmaq niyyətindəsiniz?
- Nə aparacağam? Mən bu məmləkətdən öz iç dünyamda bu millətə məxsus qonaqpərvərliyi, bu millətə məxsus alicənablığı, bu millətə məxsus istiqanlılığı aparmaq fikrinə düşmüşəm. Bütün bunlar barədə tanışlarıma, tələbələrimə söz açacağam. Ola bilsin ki, mənim seçimim kimlərə isə qeyri-adi görünsün. Amma mən artıq seçimimi etmişəm.
- Bəs “Qafqaz”ı tərk edəndə bu məktəbin xatirə kitabına nələri yazmağı düşünürsünüz?
- Mən əminəm ki, tezliklə “Qafqaz” və “Troy”un tələbələri bir araya gələcəklər və bu iş birliyi gələcəkdə digər sahələr üçün də əməkdaşlıqlara vəsilə olacaq. Bunu ölkələrimiz arasındakı sıcaq münasibətlər də tələb edir.
www.zaman.az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF