Əcnəbi məktəblilər: “Bakı bizə çox doğma gəldi...”

Təxminən son yüz ildə sənayenin sürətli inkişafı və baş verən müharibələr dünyada ciddi ekoloji problemlər doğurmuşdur.
Hər şeydən əvvəl insanlar, öz sərvətləri ilə hələ neçə-neçə nəsilləri yaşada biləcək Yer kürəsinin sinəsinə çətin sağalan yaralar vurmuşdur. Təbiətə buraxılan zəhərli qazların ilbəil artması atmosferin getdikcə daha sürətlə dağılmasına, bitki örtüyünün məhv edilməsi isə şirin su mənbələrinin azalmasına, əkinə yararlı torpaqların məhsuldarlığının aşağı düşməsinə, şoranlaşmasına və sıradan çıxmasına, eyni zamanda səhralaşma prosesinin güclənməsinə səbəb olmuşdur. Elmi araşdırmalara görə, əgər meşələrin qırılması indiki kimi davam edərsə əsrin sonunda Yer kürəsindəki bitki və heyvan növlərinin yarısı məhv olacaq.
Söhbət açdığımız çox ciddi problemin həllində yetişməkdə olan nəslin üzərinə də böyük vəzifələr düşür. Belə ki, gələcəyimizin sahibi olan indiki uşaqlar, ilk növbədə Allah-Təalanın bütün insanlara bəxş etdiyi sərvətləri və gözəllikləri qorumalı və zənginləşdirməlidirlər. Onlar yaşlı nəsillərin təbiətə vurduğu yaraları sağaltmalı, bitki və heyvanat aləminin hərtərəfli inkişafı üçün səy göstərməlidirlər.
İlk görüş, oxşar təəssüratlar
Ötən həftə Əl Oyunları Sarayında keçirilən II Beynəlxalq Ətraf Mühitin Mühafizəsi-Layihə Olimpiadası ( İNEPO-EUROASİYA) da məhz yuxarıda söhbət açdığımız problemin çözülməsinə xidmət edir. Beynəlxalq bilik yarışına gəlmiş xarici məktəblilərlə aprelin 3-də Bakı Özəl İlkokulunda keçirilən görüş çox səmimi və yaddaqalan oldu. Məktəbin şagirdlərinin qonaqlar üçün ifa etdikləri dünya xalqlarının mahnı və rəqsləri tədbiri daha da rövnəqləndirirdi. Zalda oturmuş təxminən 30 ölkədən gəlmiş yeniyetmələr sanki eyni sinfin şagirdləri idilər. Onların hamısını dünyamızın gələcəyi ilə bağlı eyni istək birləşdirirdi. Həmin yeniyetmələrdən aldığımız qısa müsahibələr də bunu sübut etdi. Qazaxıstandan gəlmiş Mürüvet Kulsumbayeva, onun rəfiqəsi Yıldız Davudova, ABŞ-dan gəlmiş Edvard Capps, Roland Cartes və Xristofer Parker, Tunisli Ahmet Hüseyin, İraqın Ərbil şəhərindən olan Məhəmməd Ömər və Çener Sübhi də bizimlə söhbətlərində dünyanın gələcəyi barədə narahatlıqlarını dönə-dönə ifadə etdilər.
Düşünürük ki, bu kimi beynəlxalq tədbirlərin tez-tez keçirilməsi çox vacibdir. Çünki bütün xalqların xoşbəxtliyi dünyamızın gələcəyinin daha gözəl və təhlükəsizliyindən asılıdır.
Məhəmməd Ömər və Çener Sübhi İraqın Ərbil şəhərindəki “İşıq” liseyində təhsil alırlar. Hər ikisi gülərüz, dilli-dilavər oğlandir. Məhəmməd gələcəkdə kompyuter mühəndisi, Çener isə həkim olmaq arzusundadır.
Söhbət zamanı Məhəmməd dedi ki, liseyə qəbul olunmazdan əvvəl türk dilində çox az söz bilirdim, indi isə, eşitdiyiniz kimi, sərbəst danışıram. Məhəmmədlə Çener beynəlxalq olimpiadaya ətraf mühitin qorunması ilə bağlı birgə layihə təqdim etmişdilər. Onlar Azərbaycana gəlməzdən əvvəl ölkəmiz haqqında geniş məlumatları olmadıqlarını bildirdilər. Çener dedi ki, Bakıda keçiriləcək beynəlxalq olimpiadada iştirak edəcəyəmi biləndə xəritədə Azərbaycanı tapdım, sonra isə internetdən istifadə etməklə ölkəniz haqqında məlumat topladım. Məhəmməd isə bildirdi ki, “İşıq” liseyindəki müəllimlərdən biri - Ayhan Yaman vaxtilə Bakı Özəl Türk Liseyində çalışıb. O, arabir bizə deyirdi ki, Azərbaycandakı yaşıdlarınız sizdən daha səylə çalışırlar, gərək siz də onlardan nümunə götürəsiniz. Amma heç ağlıma gəlməzdi ki, bir gün mən də bu ölkəyə bilik yarışına gələcəyəm. Yəqin bu da bir qismətdir. Eşitmişik ki, ermənilər sizin torpaqlarınızı işğal ediblər. Bu barədə İraqın ayrı-ayrı televiziya kanallarında bir neçə dəfə süjetlər göstərilib. Bundan əlavə, dərslər zamanı müəllimlərimiz Qarabağ problemi barədə bizə danışıblar.
Çener İraqla Azərbaycanı tarixi köklər birləşdirdiyini də söylədi. O: “Ərbildə, əsasən, türkmanlar yaşayırlar. Digər tərəfdən, həm sizin, həm də bizim dilimizdə ərəb kəlmələri çoxdur. Qismət olarsa, Bakıda oxumağa da gələrik. Ümid edirik ki, bu, bizim Azərbaycana son gəlişimiz olmayacaq”- dedi.
“Biz eyni kökdənik...”
Beynəlxalq olimpiadada Qazaxıstanı Çimkənd şəhərindəki Qızlar Liseyinin şagirdləri - Mürüvet Kulsumbayeva və Yıldız Davudova təmsil edirdilər. Mürüvet və Yıldız bilik yarışına müxtəlif layihələr təqdim etmişdilər. Mürüvet dedi: “Mən Azərbaycan haqqında hələ aşağı siniflərdə müəyyən məlumatlar əldə etmişəm. Respublikanız Qazaxıstan kimi, neft və qaz yataqları ilə zəngindir. Onu da bilirəm ki, Azərbaycanla Qazaxıstan müstəqilliyini eyni ildə qazanıblar. Biz eyni kökdən olan xalqlarıq. Buna görə də xalqlarımızın dilində, tarixində, mədəniyyətində, hətta mətbəxində oxşarlıq çoxdur. Yıldız isə dedi ki, bilirəm ki, 1990-cı ilin 20 Yanvarında rus ordusu Bakıda dəhşətli qırğın törədib. Bundan əlavə, ermənilər Xocalı şəhərini tamamilə yandırıblar, torpaqlarınızın xeyli hissəsini də işğal ediblər. Onu da deyim ki, bura gəlməzdən əvvəl anam mənə danışdı ki, Bakıda möhtəşəm bir Qız qalası var. Çox istəyirdim ki, o qalanı görüm. Bu gün Mürüvetlə həmin qalaya qalxdıq, Bakını, Xəzəri seyr etdik. Bakı çox xoşumuza gəldi, buranın insanları da çox mehriban və yardımsevərdirlər. Qafqaz Universitetində gördüklərimiz bu ali təhsil ocağını bizə sevdirdi. Universitetin yataqxanası sanki otelə bənzəyir. Gəncləriniz çox şəndirlər, onlarla həmsöhbət olmaq bizə çətinlik törətmir, çünki dilimiz çox yaxındır.
Sudanda fəaliyyət göstərən türk liseyinin şagirdi Ahmet Hüseyin bizimlə söhbətində dedi:
-Mənim ölkəm Azərbaycandan uzaqlarda yerləşir. Lakin indi müasir təyyarələrin köməyi ilə bu məsafə qısa zamanda qət edilir. Bax, dünən Sudanda idim, bu gün isə Azərbaycandayam. Ölkənizə gələcəyimi biləndə çox sevindim. Ona görə də internet vasitəsilə Azərbaycanla bağlı saytlardan müxtəlif məlumatlar topladım. Oxuduqlarımdan bəlli oldu ki, bu torpaq tarixi abidələrlə zəngin bir ölkədir. Dünyanın ən zəngin, ən qədim insan məskənlərindən olan Azıx mağarası, Qobustan qayalıqları sizin ölkənizdə yerləşir. Bu gün Bakını xeyli gəzmişəm, İçərişəhər deyilən ərazi marağımı çox çəkdi. Bizim şəhərlərdə də İçərişəhərə bənzər yaşayış məhəllələri var. Şirvanşahlar sarayı da gözəl abidədir. Onu da öyrənmişəm ki, siz də müsəlmansınız, biz bir-birimizin dilini bilməsək də, dinimiz bizim daha yaxın olmağımıza kömək edir. Bildiyimə görə, Azərbaycan ərazisində təbii sərvətlər boldur, xüsusilə neft və təbii qazınız çoxdur. Onu da deyim ki, Sudan da neft ehtiyatı ilə zəngindir. Bu isə ölkələrimizin inkişafı üçün bir növ dayaqdır. Yeni əsrdə enerji qaynaqları ilə zəngin olan ölkələrə maraq böyükdür. Çünki illər ötdükcə dünyanın neft və təbii qaza olan tələbatı artır.
Yəqin Bakıda olduğum günlərdə yeni dostlar tapacağam. Ölkəmizə qayıtdıqdan sonra Azərbaycanda gördüklərim haqqında ailəmizin üzvlərinə, dostlarıma və sinif yoldaşlarıma söhbətlər edəcəyəm. Arzu edirəm ki, belə bir bilik yarışı Sudanda da keçirilsin. Çünki bunun kimi tədbirlər yalnız elmin gələcək inkişafına deyil, həm də yeni nəsillərin yaxınlaşmasına, əlaqələrin genişlənməsinə kömək edir.
“Dünyanı mən idarə etsəm...”
ABŞ-ın Klivlend şəhərindən olan məktəbli Edvard Kapps isə söhbət zamanı bildirdi ki, mən beynəlxalq olimpiadaya çirklənmiş ərazilərin bakteriyalardan təmizlənməsi mövzusunda layihə ilə gəlmişəm. Məncə, indiki dövr üçün bu, çox aktual məsələdir. Edvard onu da əlavə etdi ki, Yer kürəsi çox çirklənmişdir. Əgər onu təmizləməsək, hamımız birlikdə məhv olacağıq. Buna görə də dünyanı ekoloji cəhətdən idarə etməyi mənə tapşırsaydılar, öncə ətraf mühitə zəhərli qaz və tullantı buraxan müəssisələri bağlayardım. Bununla yanaşı, yalnız su və elektriklə hərəkət edən avtomobillərin istehsalına icazə verərdim.
Edvard onu da dedi ki, mən Azərbaycanı xəritədə göstərə bilərəm. Amma ölkəniz haqqında ətraflı bilgim yoxdur. Bircə onu bilirəm ki, Xəzər dənizi neft və qazla zəngindir və siz ABŞ-a da neft satırsınız.
Qısa müddətdə bu qənaətə gəlmişəm ki, azərbaycanlılar çox qonaqpərvərdirlər. Mətbəxiniz isə bizimkindən tamam fərqlidir. Şirniyyatlarınıza çox şəkər qatırsınız. Ət xörəkləriniz isə çox dadlıdır, yeməklə doymaq olmur. Onu da deyim ki, bizdə qazlı su içmirlər. Burada isə hər naharda qazlı su verilir.
Səməd Məlikzadə
www.zaman.az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF