“Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti” mövzusunda tədbir keçiriləcək
Aprelin 29-da Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi münasibətilə Qafqaz Universitetində “Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti” mövzusunda tədbir keçiriləcək. Bu barədə məlumatı AZADİNFORM-a Qafqaz Universiteti mətbuat xidmətindən veriblər. Tədbirdə təhsil naziri Misir Mərdanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclis sədrinin müavini Bahar Muradova, BDU-nun prorektoru Nərgiz Paşayeva və Qafqaz Universitetinin rektoru Ahmet Saniç iştirak edəcək. Qeyd edək ki, konfransda 25-dən artıq məruzə dinləniləcək. Məruzələr kitab halında dərc olunacaq.
“Qeyri ərəblərə ərəb dilinin tədrisi məsələlərinə müasir baxış” mövzusunda tədbir keçiriləcək
Qafqaz Universitetində Misir Mədəniyyət Mərkəzi ilə birgə “Qeyri ərəblərə ərəb dilinin tədrisi məsələlərinə müasir baxış” mövzusunda tədbir keçiriləcək. Mayın 1-2-si tarixlərində Qafqaz Universitetinin Pedaqoji fakultəsi Misir Mədəniyyət Mərkəzi ilə birgə “Qeyri ərəblərə ərəb dilinin tədrisi məsələlərinə müasir baxış” mövzusunda tədbir keçiriləcək. Bu barədə məlumatı AZADİNFORM-a Qafqaz Universitetinin mətbuat xidmətindən veriblər. Konfransın məqsədi Azərbaycan mədəniyyətində ərəb dili tədrisinin ümumi məsələləri, ümumtəhsil məktəblərində ali təhsilin bakalavr pilləsində ərəb dilinin öyrədilməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları, bu dilin tədrisində müasir təlim üsulları və texniki vasitələrdən istifadə imkanlarının araşdırılmasıdır. Tədbirin keçirilməsi qeyri-ərəblərə ərəb dilinin tədrisi ilə məşğul olan mütəxəssislər arasında əməkdaşlıq imkanlarını araşdırmaq və müştərək layihələrin həyata keçirilməsinə nail olmaq məqsədi daşıyır.
“Türk xalqları uşaq ədəbiyyatı” mövzusunda beynəlxalq konfrans keçiriləcək
Cari ilin noyabrın 15-də Qafqaz Universitetində “Türk xalqları uşaq ədəbiyyatı” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə məlumatı AZADİNFORM-a Qafqaz Universitetinin mətbuat xidmətindən veriblər. Konfransda məqsəd mövzu ilə bağlı Türk xalqları arasında müasir dövrə qədər yerinə yetirilmiş işlərin təbliğinə, inkişafına nail olmaq, bu sahədə yazılmış əsərlərin və müəlliflərin tanıdılmasına səy göstərməkdən ibarətdir. Konfransın keçirilməsində əsas məqsəd bir sıra yazıçı və şairləri Türk toplumların ortaq dərnəyini əks etdirən əsərlər yazmağa təşviq etmək, uşaqlar üçün əsərlər yazmağın çətin və məsuliyyətli bir iş olduğunu cavabdeh şəxslərə və xalqa bildirərək bu önəmli vəzifə üçün onları səfərbər olmağa dəvət etməkdir. Qeyd edək ki, keçirilməsi nəzərdə tutulan tədbir Qafqaz Universitetinin 2004-cü ildə 7 ölkənin 23 universitetindən 70 mütəxəssisin iştirakı ilə təşkil etdiyi “Türk xalqlarının ədəbi keçmişi: Türk dastanları” adlı beynəlxalq konfransın davamıdır.