Fevralın 13-də Təhsil Nazirliyində “Çağ” Öyrətim İşlətmələri Şirkəti liseylərinin beynəlxalq olimpiadalarda uğur qazanmış şagirdləri ilə görüş keçirilib.
Təhsil
naziri Misir Mərdanov mərasimi giriş sözü ilə açaraq iştirakçıları
salamlayıb. Nazir ölkəmizdə istedadlı uşaq və gənclərin aşkar olunması,
onlara xüsusi diqqət və qayğı göstərilməsinin dövlət siyasətinin
prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Bu işin
respublikamızda müxtəlif proqramlar çərçivəsində həyata keçirildiyini
deyən Misir Mərdanov “Çağ” Öyrətim İşlətmələri Şirkətinin Azərbaycanda
müvafiq sahədəki fəaliyyətini yüksək dəyərləndirib.
Daha
sonra Azərbaycan məktəblilərinin beynəlxalq bilik yarışlarında,
müsabiqə və olimpiadalarda iştirakının əhəmiyyətindən söz açan nazir hər
bir olimpiadaya xüsusi proqram əsasında ən azı bir il öncədən
hazırlaşmağın vacibliyini qeyd edib. Təhsil naziri belə yarışlarda uğur
qazanılması məqsədilə ali təhsil müəssisələrinin, AMEA-nın elmi-tədqiqat
institutlarının ümumi təhsil məktəbləri ilə əlaqələrinin yaradılmasının
böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
“Çağ”
Öyrətim İşlətmələri Şirkəti liseylərinin yetirmələrinin bilik
yarışlarında əldə etdikləri nailiyyətlərlə daim nümunə olduqlarını
vurğulayan Misir Mərdanov çıxışının sonunda bu qurumun rəhbərliyinə və
əməkdaşlarına təşəkkürünü bildirib. Nazir beynəlxalq olimpiadalarda
fərqlənmiş şagirdləri, onların müəllimlərini və valideynlərini təbrik
edib, şagirdlərə gələcəkdə keçiriləcək ən nüfuzlu bilik yarışlarında
böyük uğurlar qazanmağı arzulayıb.
Tədbirdə beynəlxalq olimpiadalarda uğur qazanmış şagirdlərə hədiyyələr təqdim olunub.