Təhsil naziri: “Biznes dünyası peşə təhsilinə dəstək verməlidir”

















Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) təşkilatçılığı ilə “Hyatt Regency” otelinin “Quba” zalında işgüzar görüş keçirilib.
 

Tədbirdə Təhsil naziri Mikayıl Cabbarov, AMCHAM-ın prezidenti İlqar Vəliyev, ölkəmizdə fəaliyyət göstərən şirkət və biznes qurumlarının nümayəndələri iştirak ediblər. Təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsi ilə biznes dünyası arasındakı əlaqələrin perspektiv inkişafına dair fikirlərini bildirib. Nazir qeyd edib ki, təhsilin bütün pillə və səviyyələr üzrə inkişafı Təhsil Nazirliyinin qarşısında duran əsas vəzifələrdəndir: “İnsanların gələcək professional karyera qurması üçün əlverişli zəmin yaradılması təhsil sisteminin prioritet hədəfləri sırasındadır. Bunun üçün təhsil müəssisələri ilə biznes qurumları arasında əlaqələrin genişləndirilməsi olduqca əhəmiyyətlidir. Biznes dünyası sosial məsuliyyətlilik prinsiplərinə sadiq qalaraq gənclərin gələcək professional inkişafına dəstək vermək məsələsində də fəal olarsa, daha yaxşı nəticələr əldə etmək mümkündür”. Nazir təhsil müəssisələrinin fəaliyyətinin əsasən, nəzəri biliklər, biznes qurumlarının isə təcrübə qazanmaq baxımından əhəmiyyətinə toxunub, yalnız nəzəriyyə ilə praktikanın vəhdətinin uğura apardığını bildirib. AMCHAM üzvləri olan biznes qurumlarını tələbələrə təqaüd verilməsi, yay təcrübə proqramlarının təşkili məsələlərində xüsusilə fəal olmağa səsləyən təhsil naziri tələbələrin təlim imkanlarının artırılması, işləməsi və məzun olduqdan sonra məşğulluğunun təmin olunması prosesinin dəstəklənməsi təşəbbüsü ilə çıxış edib. Təhsil Nazirliyinin ilk peşə-ixtisas təhsilinin müasir tələblər səviyyəsində inkişafına nail olmaq üçün kompleks tədbirlər həyata keçirdiyini bildirən nazir bu baxımdan Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirildiyini söyləyib. Təhsil naziri deyib ki, ilk peşə-ixtisas təhsil sahəsində qabaqcıl təcrübəyə malik bir sıra ölkələrlə əməkdaşlığın nəticəsi olaraq peşə təhsili müəssisələrində mühüm yeniliklərin tətbiqinə başlanılıb: “Təhsil Nazirliyi biznes dünyasının da bu layihələrə qoşulmasının və texniki-maliyyə dəstəyi verməsinin tərəfdarıdır. Biznes qurumları ilə əməkdaşlığa cəlb olunan insanların, ilk növbədə, təhsilinə yardım edilməsi ənənəsinin genişləndirilməsinin əhəmiyyətinə toxunan nazir onu da qeyd etmişdir ki, nazirlik biznes qurumlarından gələn təşəbbüsləri dəstəkləyir və hər zaman qarşılıqlı əməkdaşlığa hazır olduğunu bildirir. /Rəcəb Rza
 http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=52129

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF