"Avro Med" şirkəti Qafqaz Universitetində biologiya laboratoriyası yaradacaq

08 Mart - № 10; İş dünyası ilə sıx əlaqələr qurmağı fəaliyyətinin əsas istiqamət və hədəflərindən sayan Qafqaz Universiteti bu günlərdə həmin  yöndə daha bir uğurlu addım atıb. Universitetlə "Avro Med" şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memoranduma əsasən "Avro Med" şirkəti Qafqaz Universitetində biologiya laboratoriyası quracaq. Bu münasibətlə martın 2-də Qafqaz Universitetində imzalama mərasimi keçirilib.
Mərasimi universitetin rektoru, professor Əhməd Saniç açaraq bildirdi ki, artıq bir neçə ildir rəhbərlik etdiyi ali məktəbdə bir çox digər ixtisaslarla yanaşı, kimya-biologiya müəllimliyi ixtisası üzrə kadr hazırlığı da həyata keçirilir. Həmin ixtisas üzrə yüksək keyfiyyətli mütəxəssislərin hazırlanması üçün zəruri olan kimya laboratoriyası ötən il BP-Azərbaycan şirkətinin maliyyə və texniki dəstəyi ilə yaradılaraq tələbələrin istifadəsinə verilib. Biologiya laboratoriyası yaratmağı isə universitetin yenicə işgüzar əlaqələr qurduğu "Avro Med" şirkəti öhdəsinə götürüb. "Avro Med" şirkətinin təşəbbüsünü xeyirxahlığın, xeyriyyəçiliyin nümunəsi kimi dəyərləndirən Ə.Saniç bu niyyətlərinə görə şirkətin baş direktoru, Milli Məclisin deputatı Cavanşir Feyziyevə minnətdarlığını bildirdi və təşəbbüsün bir neçə aya reallaşacağını diqqətə çatdırdı.
Mərasimdə çıxış edən "Avro Med" şirkətinin baş direktoru, Milli Məclisin deputatı C.Feyziyev bu yaxınlarda Azərbaycanın müstəqilliyinin və "Çağ" Öyrətim şirkətinin ölkəmizdə fəaliyyətə başlamasının 20 illiyi ilə bağlı universitetdə keçirilən tədbirdə iştirakını məmnunluqla xatırladaraq 20 il ərzində "Çağ" Öyrətim şirkətinin, onun təhsil müəssisələrinin Azərbaycan təhsilinin inkişafına böyük töhfələr verdiyini bildirdi və ölkəmizdə ali təhsilin keyfiyyətinin yüksəldilməsində, yeni təhsil texnologiyalarının Azərbaycana gətirilməsində Qafqaz Universitetinin rolunu yüksək qiymətləndirdi. C.Feyziyev ümummilli lider Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" sözlərini misal gətirərək bildirdi ki, hamı, xüsusən də imkanlı adamlar, şirkətlər təhsilin inkişafına kömək etməlidir. Biz Qafqaz Universitetini yaxşı tanıyırıq. Bilirik ki, bura xərclənən vəsait hədər getməz, o üzdən burada laboratoriya yaratmaq təşəbbüsündə bulunmuşuq.
Sonra Qafqaz Universiteti ilə "Avro Med" şirkəti arasında əməkdaşlığa dair memorandum imzalandı. Sənədi professor Əhməd Saniç və "Avro Med" şirkətinin baş direktoru C.Feyziyev imzaladılar. 
Yusif ƏLİYEV

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde